Əlaqə Arxiv
news Image
2020.04.29
16:12
| A A A
Kremldən İrəvana Qarabağ zərbəsi
Məhəmməd Əsədullazadə: “Bütün hallarda gedən proseslər belə deməyə əsas verir ki, Rusiya həqiqətən də Ermənistanın arxasından çəkilir”

İşğalçı Ermənistanda son günlərdə fikirlər səslənir ki, artıq Moskva İrəvanın arxasından çəkilir. Qeyd edək ki, son günlər Rusiya rəsmilərinin Dağlıq Qarabağla bağlı verdikləri bir sıra açıqlamalar Ermənistanda ciddi təşviş və Moskvadan inciklik yaradıb. Belə təşviş Rusiya xarici işlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həllinə dair verdiyi son açıqlaması fonunda xüsusən də artıb.  
Xatırladaq ki, Lavrov  keçən il Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə təklif olunan Qarabağ tənzimlənməsi ilə bağlı təkliflərinin fəal şəkildə müzakirə olunduğunu, onların icrasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi baxımından əhəmiyyətli bir addım olacağını bildirib. O qeyd edib ki, bu sənədlər birinci mərhələdə daha aktual məsələləri, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması ilə mərhələli yanaşma əsasında bir həll yolunu nəzərdə tutur.  İrəvan rəsmiləri isə öz açıqlamalarında  mərhələli həll planının olduğunu inkar etməyə çalışıblar.
Bu durumda erməni siyasi analitik Karen Bekaryan bildirir ki, İrəvanınnə deməsindən asılı olmayaraq, faktiki Qarabağ münaqişəsinin mərhələli həlli aktiv müzakirə predmetidir. Yaranmış vəziyyəti şərh edən erməni mediası yazır ki, əslində Rusiya İrəvana qarşı təzyiq alətlərini artıq işə salıb. Ermənistanın “Qraparak” nəşri qeyd edir ki,  Qarabağ münaqişəsinin mərhələli həlli versiyasını elan etməkdən başqa, Sergey Lavrov həm də qazın qiyməti və Rusiya şirkətlərinə qarşı cinayət işlərinin dayandırılması barədə danışıb. Qəzet yazır ki, bir çox erməni ekspertlərin fikrincə, Lavrov şantaj dilində danışmağa başlayıb.  Bu fonda düşmən ölkənin mətbu orqanları , siyasiləri və politoloqları arasında belə fikirlər səslənir ki, Moskva İrəvanın arxasından çəkilir.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, son olaylar belə deməyə əsas verir ki, Moskva həqiqətən də Ermənistana arxa durmağı nəhayət, dayandıra bilər: “Apreldə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə tərəflər arasında ATƏT Minsk qrupu həmsədrlərinin də iştirakı ilə video-konfrans təşkil edildi. Həmin tədbir münaqişənin həlli istiqamətində irəliləyişə səbəb olacaq addım kimi qiymətləndirilə bilərdi. Əfsus ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatasakanyanın məlum açıqlamasından sonra proses yenidən tormozlandı.
Rusiya xarici işlər naziri Lavrov müzakirə masasında mərhələli həll planının olduğunu bildirmişdi.  Kreml rəsmisinin bu açıqlaması ilə İrəvanda təşviş yaratdı.  Əslində, mərhələli həll variantını Ermənistan hakimiyyətinin özü də qəbul edib. Neçə illərdir danışıqlar məhz bu müstəvidə aparılıb. Belə olan halda, həmin məqamı inkar etməklə görünür, İrəvan danışıqların dalana dirənməsinə çalışır. Rusiyanın təbii ki, regionda ciddi maraqları var. Kreml Cənubi Qafqaza özünün  arxa bağçası qismində baxır. Onlar hesab edir ki, Qarabağ münaqişəsinin həlli istiqamətində atılan hər hansı bir pozitiv addım regionun təsir dairələrindən çıxmasına gətirə bilər. Amma regionda yeni nizam formalaşır. Bu fonda Rusiyada da başa düşürlər ki, Cənubi Qafqazda möhkəmlənmək üçün ilk növbədə burada yaranan münaqişələrə ədalət prizmasından yanaşmaq gərəkdir.  Ermənistan da bundan narahatdır. Nəticədə Moskva ilə İrəvan arasında münasibətlər soyuyur.  Ermənistan ictimaiyyəti artıq ümumən Rusiyaya əvvəlki tək inanmır. 
Rusiya münaqişənin ədalətli həllini istəyirsə, Ermənistana təzyiq etməlidir. İrəvan da bundan qorxur ki, Rusiyanın təzyiqi fonunda münaqişə konkret olaraq Azərbaycanın xeyrinə həll olunacaq.  Görünən odur ki, artıq Rusiya da ermənilərin avantürist olduğunun  fərqindədir.  Onlar görür ki, yalnız Rusiyanın dəstəyilə ayaqda qala bilən Ermənistan bir bəyanata görə, Moskvaya arxa çevirir.  Bu müstəvidə də Kremlin Ermənistanın arxasından çəkilə biləcəyi ehtimalları səslənir.  Ermənistanın hazırkı hakimiyyəti iqtidara gələndən bu yana yürütdüyü siyasətilə Moskvanı onsuz da özündən incik salıb. Rusiya verdiyi son bəyanatların arxasında dayanarsa,  həqiqətən də münaqişənin həlli yolunda müəyyən müsbət çalarlar görmək olar.
Yaranmış vəziyyətdə Rusiyanın Ermənistanın arxasından çəkilməsilə bağlı səslənən fikirlərlə bağlı onu deyə bilərəm ki, Moskva müəyyən məsələlərdə təbii ki, İrəvana dəstək verməyə bilər.  Belə ki, enerji, qazın qiyməti məsələsində Moskva qətiyyən Ermənistana güzəştə getməyəcək.  Yəni iqtisadi məsələlərdə Moskva artıq İrəvanın arxasından çəkilir.  Amma təhlükəsizlik məsələsində Rusiyanın Ermənistanın arxasından çəkilib-çəkilməyəcəyi növbəti aylarda bəlli olacaq.  Lavrovun açıqlamasından belə aydın olur ki, Moskva artıq Ermənistanın arxasından çəkilir. Erməni ictimai-siyasi sistemi də bu qənaətdədir. Bütün hallarda gedən proseslər belə deməyə əsas verir ki, Rusiya həqiqətən də Ermənistanın arxasından çəkilir. Bu realdır”.
Rüfət  NADİROĞLU

Sizin Reklam Yeriniz