news Image
2013.07.15
11:39
| A A A
Barak Obamanın «ərəb baharı»ndakı səhvi

ABŞ-ın Beynəlxalq Məsələlər Şurasının üzvü, politoloq Çarlz Kupçanın sözlərinə görə, Birləşmiş Ştatların prezidenti Barak Obama "ərəb baharı"nın gedişinə təsir göstərmək istədi. Ancaq buna nail ola bilməyərək bəlli məsafə saxlamağa üstünlük verdi. Bu kimi məsələlərlə əlaqədar məqalə nüfuzlu "La Stampa" qəzetində dərc olunub.


Məqalədə bildirilir ki, Obama Mübarəkin devrilməsi ilə "Müsəlman qardaşları"na və hərbçilərə ümid bəslədi. Bəs, onun səhvi nədən ibarət oldu? Müəllifin fikrincə, mövcud durumda Ağ Ev rəhbəri ideoloji yanlışlığa yol vermədi. Çünki Mursi Misiri yeni İrana çevirmədi. Lakin ölkədə həyat şəraiti pisləşdi ki, bu da yekunda üsyana gətirdi. Kupçana görə, səhvə yol verən Mursi oldu. Misirin demokratik seçki yolu ilə seçilmiş prezidenti müxalifəti qəbul etməyərək faktiki olaraq avtoritar üsuldan bəhrələndi. "Hazırkı durumda Ağ Ev çoxsaylı bəyanatlarla çıxış edə bilər, ancaq bundan artığı olmayacaq. Obama çalışdı ki, dünyanın bir çox ölkələrində baş verən "ərəb baharı" ssenarisinə təsir göstərsin. Bacarmadı. Səbəbi isə odur ki, Amerika demokratiya yönümlü hərəkatları dəstəkləyir. Ərəb dünyasında isə hakimiyyətə islamçılar gəldilər, yaxud da özbaşınalıqlar yaşandı. Mövcud situasiyada Obama anlamalıdır ki, hadisələrə təsir göstərə bilmir. Bu və ya digər siyasəti seçsə də, Misirdən tutmuş Suriyayadək olan ərazidə baş verənlər Birləşmiş Ştatların təsirinin həlledici olmadığını isbatlayır. Buna görə də dövlət başçısı praqmatik hərəkət etməlidir", - deyən politoloq onu da bildirir ki, nə qədər qəribə səslənsə də, bir neçə il ərzində "ərəb baharı"na göstərdiyi dəstək Amerikanın bölgədəki ən yaxın müttəfiqinin məhz Fars körfəzi monarxiyaları olduğunu təsdiqlədi. Bu monarxiyaların fəaliyyəti demokratiya dəyərləri ilə daban-dabana ziddir. Deməli, gələcək addımları düşünərkən daha diqqətli davranmaq zəruridir.


168.az