Əlaqə Arxiv
news Image
2013.07.16
14:45
| A A A
"İlham Əliyevin qələbəsini andiçmə mərasimində qeyd edəcəyik"

"Ümummilli lider Heydər Əliyevin bütün fəaliyyəti Azərbaycanın inkişafı ilə bağlı olub. Onun fəaliyyətinin hər bir dövrünə diqqət yetirsək görərik ki, Azərbaycanın ən yeni tarixinin bütün reallığı burada öz əksini tapır". Mövqe.az-ın verdiyi məlumata görə, bu barədə açıqlama ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Ata yolu" filminin ilk təqdimatında çıxış zamanı deyib. 

 

Ə.Həsənov bildirib ki, əgər Heydər Əliyevin milli təhlükəsizlik orqanlarında fəaliyyəti daha çox bu orqanın milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilməsi və bu qurumda yerləşdirilməsi ilə yadda qalmışdırsa, sonrakı dövrdə biz görürük ki, Ulu Öndərin bu addımı Azərbaycan tarixinin yeni mərhələsində sözün həqiqi mənasında bizim köməyimizə gəldi və dövlətçiliyimizin bünövrəsinin qorunub saxlanmasında mühüm rol oynadı: "Yaxud görürük ki, 1969-1982-ci illərdə Heydər Əliyev Azərbaycanı idarə etmək, dövləti formalaşdırmaq, onun sənayesini, kənd təsərrüfatını, elmi potensialını, dövlət idarəçilik sistemini inkişaf etdirmək, yeni kadrlar yetişdirərək məsul sahələrdə yerləşdirməklə bağlı yürüdülən siyasətin kompleks konsepsiyasını işləyib hazırlamışdır. Təkcə ümummilli liderin 1969-1982-ci illərdə SSRİ-nin ayrı-ayrı ali məktəblərinə göndərdiyi gənclərin təhsillərini başa vurub respublikaya qayıtması və ölkəmizin idarəçiliyinin müxtəlif sahələrində iştirakının nə qədər mühüm mahiyyət kəsb etdiyindən danışmağa ehtiyac yoxdur. SSRİ-nin imkanlarından istifadə edib doğma respublikasını o çərçivədə nə qədər inkişaf etdirmək, onu ittifaq səviyyəsində yüksəkliklərə qaldırmaq mümkün idisə, Ulu Öndər bunların hamısını etmişdir. Yalnız 1982-1987-ci illərdə SSRİ rəhbərlərindən biri kimi Heydər Əliyevin Azərbaycana göstərdiyi xidmət bir liderin bu xalqın yaddaşında qalması üçün yetərlidir. Hər bir dövrdə - istər 1969-1982-ci illərdə, istər 1982-1987-ci illərdə, istər 1990-1993-cü illərdə, istərsə də 1993-cü ildən sonrakı dövrün hər biri ayrılıqda yetərlidir ki, ulu öndər Azərbaycan xalqının yaddaşında, tarixində əbədi lider olaraq qalsın. Görün bir insan nə qədər böyük işlər görmüş, xalqa xidmətin möhtəşəm nümunəsini ortaya qoymuşdur. Dövlətçilik təfəkkürünün, yenilməz iradənin, xalqa bağlılığın, vətənə sevginin, ailəyə məhəbbətin, siyasi xadimə xas olan ali keyfiyyətlərin ən yaxşı nümunələrini məhz Heydər Əliyev yaratmışdır. Ona görə də bu gün hansı sahəyə diqqət yetirsək, orada Heydər Əliyevin izi görünür. Həmin izləri əbədiləşdirdiyinə görə mən bu filmin yaranmasında əməyi olan hər kəsə, həmçinin bu ekran əsərinin rejissoru və ssenari müəllifi Vaqif Mustafayevə təkrar-təkrar təşəkkür edirəm".

 

Ümummilli Lider Heydər Əliyevin missiyasını son on ildə Prezident İlham Əliyevin həyata keçirdiyini vurğulayan Əli Həsənov deyib ki, bu gün nümayiş olunan filmin son hissəsinin "Ata yolu" adlandırılması heç də təsadüfi deyildir: "Ata yolu"nun mahiyyəti bəllidir – Heydər Əliyevin yolunu davam etdirmək. Heydər Əliyevin müəyyənləşdirdiyi yol Azərbaycan xalqının inkişafına xidmət edən yoldur. Hər bir yolun uğuru onun hədəflərinin bəlli olması üzərində qurulur. Prezident İlham Əliyevin yürütdüyü siyasət hədəfi bəlli, məqsədləri aydın olan, xalq tərəfindən dəstəklənən və onu həyata keçirənlərin iradəsinə söykənən bir siyasətdir. Bu siyasətin ən yaxşı şərhini bu film çərçivəsində Azərbaycan Prezidenti özü verdi. Mən düşünmürəm ki, Prezidentin yürütdüyü fəaliyyəti kim isə onun özündən yaxşı təsvir etsin. Bu fəaliyyətin də ayrı-ayrı məqamlarını əks etdirdiyinə görə filmin yaradıcı heyətinə təşəkkür edirəm".

 

Qarşıdan prezident seçkilərinin gəldiyini diqqətə çatdıran Ə.Həsənov deyib ki, bütün Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan bütün soydaşlarımız bu uğurlu siyasətin davamına öz töhfələrini verəcəklər. Növbəti prezident seçkiləri də uğurla başa çatacaq və dövlətimizin başçısı İlham Əliyevin qələbəsini andiçmə mərasimində qeyd edəcəyik.

Sizin Reklam Yeriniz