Əlaqə Arxiv
news Image
2013.07.17
16:18
| A A A
Əli Əhmədov seçkilərlə bağlı öz tövsiyyələrini verib
Əli Əhmədov: Vətəndaşların böyük əksəriyyətinin qənaəti budur ki, ölkəmizin sürətli inkişafı İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır

Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin birmənalı şəkildə qənaəti bundan ibarətdir ki, ölkəmizin sürətli inkişafı, iqtisadiyyatın yüksəlişi, həyatımızın digər sahələrində baş verən dəyişikliklər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə bağlıdır. Mövqe.az-ın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın Qobustan rayon təşkilatının fəalları ilə görüşündə çıxışı zamanı deyib.


YAP sədrinin müavini qeyd edib ki, məhz bu siyasətin nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 10 il ərzində böyük inkişaf mərhələsi keçib: "Əlbəttə ki, bu inkişafın kökündə dayanan həqiqət Heydər Əliyev ideyaları ilə əlaqədardır. Bu inkişaf Heydər Əliyev ideyalarından qaynaqlanır və bu ideyalar əsasında həyata keçirilən siyasətin uğurları hesab olunur. Eyni zamanda, 10 ilə yaxındır ki, Azərbaycanda Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Bu illər ərzində Azərbaycanda əsası vaxtilə Heydər Əliyev tərəfindən qoyulmuş islahatların gerçəkləşməsi nəticəsində böyük inkişaf və tərəqqi əldə edilib".


Əli Əhmədovun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ona görə də insanlar növbəti seçkilərdə yenə də cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər: "Təbii ki, bu amillər Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin nüfuzunu daha da artırır. İnsanlar hazırkı siyasətin uğurlarını öz rifahlarının yüksəlməsində də görür və bu siyasətin davamlı olmasını arzulayırlar".


YAP rəsmisi bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkiləri kampaniyasının yüksək səviyyədə keçirilməsinə partiya fəallarını səfərbər etməkdir.


Əli Əhmədov bildirib ki, seçki ilə bağlı partiyanın yerli strukturları, o cümlədən ilk təşkilatlar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. YAP sədrinin müavini qarşıdan gələn prezident seçkiləri kampaniyasına hazırlıqla əlaqədar partiyanın Qobustan rayon təşkilatının fəallarına müvafiq tövsiyələr verib.


Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Ərəstun Cavadov da iştirak ediblər.

Sizin Reklam Yeriniz