Əlaqə Arxiv
news Image
2020.05.23
09:05
| A A A
Qarabağ ermənilərinin Azərbaycan arzusu
İrəvan hakimiyyətinin oyunbazlığı xalqları əsas məqsəddən yayındıra bilməz

Ermənistanın Azərbaycan torpağını qəsb etməsi, Qarabağ bölgəsində ikinci erməni dövləti yaratmaq istəməsi bir neçə əsr ərzində bu xalqın yadellilər tərəfindən dünyadakı türk toplumunun əleyhinə hazırlanmasının nəticəsi sayıla bilər. Buna görə də intiqam hissinin girovuna çevrilmiş erməni toplumunun əlinə silah verib, arxadan da hay-harayla küyə basıb türklərin üzərinə göndərmək həmişə asan olub. Qarabağ münaqişəsinin Kremlin təhriki və bir qrup erməni millətçisinin qaragüruhçuluğu əsasında baş verməsi, o cümlədən Qərbdən ciddi dəstəklənməsi sayəsində həyata keçirilməsi indi ən sadə vətəndaşların da bildiyi adi həqiqətdir. Lakin bu həqiqət böyük dövlətlər tərəfindən saxtalaşdırılır, gizlədilir, münaqişə tərəflərinin əzab-əziyyəti üzərində digərlərin mənafeyi qorunur. Ancaq “cidanı çuvalda gizlətmək” mümkün deyil. Çoxdandır ki, ermənilər ayılmağa başlayıblar həqiqəti dərk edənlərin sayı ilbəil artır. Buna görə də “Eurasian Regional Center of İCYF” – İslam Həmrəyliyi Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən

onlayn müzakirə zamanı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin dediyi “Bir qarabağlı kimi mən Qarabağ ermənilərinə dəfələrlə müraciət etmiş, onları barışığa çağırmışam. Eyni zamanda bölgənin Ermənistan tərəfindən işğalını pisləyən, əvvəlki kimi yaşamaq istəyən Qarabağ ermənilərindən məktublar alırıq. Münaqişə dinc yolla həll edilsə, hər kəs bütün regionun inkişafının şahidi olacaq. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub” fikirləri əsil reallığın nədən ibarət olduğunu açıqlayır. Xüsusilə, Ermənistan hakimiyyətinin bu günlər Şuşada, Cıdır düşündə Qarabağda yaratdıqları  qondarma qurumun rəhbərinin andiçmə mərasimini təşkil etməsilə bu fikirlər aktuallığını artırıb. Düzdür, icma rəhbəri işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən çoxlu sayda qətnamə və qərarların Ermənistan tərəfindən hələ də qulağardına vurulduğunu da xatırladıb: “Biz bu işğala son qoymalıyıq. Münaqişənin həll olunmaması bütün regiona, o cümlədən Qarabağdakı ermənilərə mənfi təsir edir. Azərbaycan torpaqlarını azad etmək üçün hər cür hüquqi əsasa da, hərbi qüdrətə də malikdir”.

Məsələ burasındadır ki, hüquqi əsas və hərbi qüdrət zorakılığa yox, reallığa, tarixi və mənəvi ədalətə istinad edir.Belə ki, tarixi faktlar Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləyir. İkincisi, Azərbaycanda, o cümlədən Qarabağda yaşayan ermənilər Azərbaycan hökumətinin himayəsində yaşamağa üstünlük verirlər. Çünki bu torpağın bərəkətinə bələddirlər. Qarabağın işğalına qədər Azərbaycandakı ermənilər Ermənistan əhalisindəın daha yaxşı yaşayıblar. İndi onlar bunun həsrətini çəkirlər.

Ukraynada yaşayan erməni əsilli alim Ekzoyants maraqlı və reallığa söykənən tədqiqatları ilə çoxdan bir çox həqiqətlərin üzərinə işıq salıb. Alim axtarıb tapdığı tarixi sənədlərlə sübut edir ki, ermənilərin tarixi vətəni, ümumiyyətlə, Qafqaz deyil. Bəzi erməni millətçilərinin iddia etdikləri kimi onlar bu torpaqlarda antik dövrlərdən deyil, cəmi 300-350 il bundan qabaq məskunlaşmağa başlayıblar. Həmin dövrlərdə isə artıq bu torpaqlarda azərbaycanlıların feodal dövlətləri yaranmışdı. Ötən il Ermənistanda doğulub böyümüş, millətçi-separatçıların yalanlarına uyub Qarabağın işğalında iştirak etmiş “müharibə” əlili Artur Armenyan özünün  Facebook səhifəsində həmvətənlərinə ünvanladığı müraciətdə yazmışdı: “Dağlıq Qarabağ heç vaxt bizim olmayıb və olmayacaq. Mən yalnız indi anladım ki, biz ermənilər azərlərə (azərbaycanlılara) münasibətdə düzgün hərəkət etməmişik. Yaxşı bir qonşunu itirmişik. Mən deyə bilmərəm ki, azərlər pisdir. Çünki onlar haqlıdır”. Keçmiş hərbçi erməni zabitlərinə və əsgərlərinə də müraciət edib: “Ermənistanın bütün zabit və əsgərlərinə müraciət edirəm ki, silahınızı atın və Qarabağı tərk edin. Qoy siyasətçilər və ali baş komandan özləri gedib vuruşsunlar. Əziz Analar, Babalar, Atalar, öz özladlarınızı Azərbaycana qarşı vuruşmağa göndərməyin. Mən bu müharibədə ayağımı itirmişəm. Və indi mən heç kimə lazım deyiləm. Çox təəssüf! İndi mən Fransadayam. Ermənistana da heç vaxt qayıtmayacağam”.

Yəni, söhbət tək qarabağlı ermənilərdən getmir. Bu sətirlərin müəllifinə də, hələ 15 il bundan əvvəl Avropada yaşayan ermənilər yaxınlaşaraq Azərbaycan dilində və bizim loru ləhcəmizdə demişdilər: “Allah baiskara lənət eləsin, gül kimi yaşayırdıq, dostlarımız, gediş-gəlişimiz vardı, hamısını dağıtdılar”. Onlar “dağıtdıq” yox, “dağıtdılar” deyirdilər. Demək, sadə ermənilər üçüncü “əli”in varlığını görürdülər. O vaxtlar səsini çıxaranları güllələyirdilər. Amma indi zaman dəyişib. Millətçi-separatçılar arzularına çatmayıblar və çatacaqlarına olan inamları da öləziyib. Buna görə artıq açıq danışmaq, tam olmasa da, mümkündür. Bu mənada Azərbaycanlı icmasının fəaliyyətini gücləndirməsi labüddür. Çünki bu icmanın simasında ermənilər özlərinin himayədarlarını görürlər. Tural Gəncəliyevə müraciət edənlər də həqiqəti anlayan ermənilərdir.

Bakılı, hətta gəncəli ermənilərin qısa müddətə olsa da Azərbaycana gəlməsi və bura qayıtmaq arzularını ifadə etmələri mətbuatdan məlumdur. Bu cür davranış Qarabağ münaqişəsinin həlli yolunda getdikcə daha böyük aktuallıq kəsb edir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz