Əlaqə Arxiv
news Image
2020.06.01
11:20
| A A A
Düşmənə qarşı ordumuz hərəkətə keçir
İbrahim Rüstəmli: “Sabah siyasi qərar veriləcəksə, Azərbaycan Ordusu birmənalı şəkildə öz sözünü deyəcək” Elxan Şahinoğlu: “Danışıqlar masası arxasında nəticə olmayacaqsa, məsələni birdəfəlik həll edərək, erməniləri mərhələli həll planına məcbur etməliyik”

Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirədə bildirib ki, şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır: “Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”. Bu xəbərdarlıq nəyin göstəricisidir və demək olarmı ki, Azərbaycan Qarabağ məsələsində ordunu hərəkətə gətirir?

Hərbçi ekspert İbrahim Rüstəmli qeyd etdi ki, Qarabağ məsələsinin həlli Azərbaycanın siyasi həyatında prioritet məsələdir: “Müharibə  qərarı ilk növbədə bildiyiniz kimi siyasi qərardır.  Bu qərarın verilməsi də təkcə Azərbaycandan asılı deyil.  Dünya ictimaiyyəti, beynəlxalq aləm, yaxın və uzaq xarici ölkələr və onların münasibəti də burada var.

Əlbəttə ki, Azərbaycan dövlətinin,  başda Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev olmaqla Qarabağ probleminin həlli ölkənin siyasi  həyatında prioritet məsələdir.  Bu müstəvidə ordu quruculuğu məsələsi də ölkəmizdə ən prioritet məsələ olaraq qalır.  Bu prioritet məsələlərin həlli Azərbaycanın milli və siyasi maraqlarına xidmət edən bir məsələdir”.

Həmsöhbətimiz bildirdi ki, bu məsələlərin reallaşmasında Azərbaycan Prezidenti çox prinsipial mövqe  tutub:   “Prezident qeyd edib ki,  Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranması qeyri-mümkündür.  Prezidentin bu mövqeyini alqışlayırıq.  Müharibə məsələsinə gəldikdə, bu zərər çəkmiş dövlərin siyasi qərarı nəticəsində reallaşan bir məsələ deyil. Prioritetlər dəyişib, yanaşma tərzində müxtəlifliklər var.  Konfrantasiyalar mövcuddur.  İstər yaxın, istərsədə bəzi uzaq dövlətlərin  məsələyə münasibətindən çox şey asılıdır”.

Hərbçi ekspertin fikrincə,  Azərbaycan ilk növbədə informasiya təhlükəsizliyi sahəsində apardığı işləri daha da intensivləşdirməli,  sürətləndirməlidir:“Müharibə yalnız o halda başlaya bilər ki, Azərbaycan informasiya təhlükəsizliyi sahəsində baza yarada bilsin.  Bütün cəbhələr üzrə işlər aparmalı və onu genişləndirməliyik.  Xüsusilə, informasiya təhlükəsizliyi sahəsində prioritet məsələlər qabardılmalı,  dünya ictimaiyyətinin məsələyə münasibətini  formalaşdırmalıyıq.  Bütün xarici dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır.  Ancaq nəticə yoxdur. Nəticənin olması üçün də onların  prosesə münasibətini dəyişmək istiqamətində daha ciddi çalışmalıyıq”. İ. Rüstəmli onu da vurğuladı ki, Azərbaycan dövləti sözün həqiqi mənasında Silahlı Qüvvələrin daha da güclənməsinə xüsusi diqqət yetirir: “Dövlət büdcəsinin nəzərəçarpacaq mühüm hissəsi ordunun ehtiyacları üçün xərclənir.  Zabitlərin sosial şəraiti, maddi-texniki təminatı gücləndirilir.  Eyni zamanda, kadr potensialının daha da gücləndirilməsi istiqamətində olduqca mühüm addımlar atılır. Bütün bu addımlar da şübhəsiz ki, Azərbaycanın maraqlarına xidmət edir.  Müdafiə naziri Zakir Həsənovun “düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq” kimi açıqlaması təbii ki, düşmənə bir mesajdır.  Hazırda soyuq müharibə, informasiya savaşı gedir”.

Məsələ ətrafında əsas  vəzifə isə  həmsöhbətimizə görə, siyasi cəbhədə görüləcək işlərlə bağlıdır: “Müharibənin siyasi fazasını yaratmağa çalışmalıyıq. İşlər də hazırda bu istiqamətdə gedir.  Ona görə də ordu quruculuğu məsələsi daim gündəmdədir. Sabah siyasi qərar veriləcəksə, Azərbaycan ordusu birmənalı şəkildə öz sözünü deyəcək.  Yəni əsas qələbə informasiya və siyasi cəbhədə qazanılmalıdır ki,  sonradan Azərbaycan ordusu  son nöqtəni qoysun və torpaqlarımızı azad etsin. Azərbaycan ordusu vətənpərvər  igidlərdən ibarətdir.  Peşəkar kadrlarımız çoxdur.  İnanıram ki, ordumuzun vətənpərvərliyi, yüksək döyüş hazırlığı sayəsində, Azərbaycan  Prezidentinin Qarabağ məsələsinin həlli istiqamətində gördüyü işlər uğurla yekunlaşacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  düşünür ki, düşmən təxribatlarına nəhayət, son qoymağın vaxtı yetişib: “Bu, əslində, cəmiyyətin mesajıdır. Cəmiyyətimiz qətiyyətli addımlar gözləyir.  Çünki erməni təxribatları dayanmır. Son olaraq düşmən  Azərbaycanın işğal olunmuş şəhərinə  gələrək qondarma “and içmə” mərasimi keçirib. Bu da əsəblərimizə toxunub. Ona görə də  düşmənin bu təxribatlarına son qoyulmalıdır.

Aprel döyüşlərində 4 gün ərzində şanlı ordumuz bir sıra əraziləri işğaldan  azad etdi. Ancaq  görünən odur ki, bu düşməni sülhə gəlmək üçün kifayət etmədi. Düşmən hələ də problemin həlli istiqamətində heç bir addım atmır. Əksinə, onlar daha da azğınlaşır.  Ona görə də danışıqlar masası arxasında nəticə olmayacaqsa, məsələni birdəfəlik həll edərək, erməniləri mərhələli həll planına məcbur etməliyik.  Başqa alternativimiz qalmayıb”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz