Əlaqə Arxiv
news Image
2020.06.02
09:15
| A A A
Senzura qayıdır, yoxsa ehtiyat tədbiri görülür?
Sosial şəbəkələr nəyə təhdid, nəyə təşviq və nəyə təbliğdir?

 

Mayın 28-də ABŞ prezidenti Donald Tramp əvvəlcədən anonsunu verdiyi sənədə imza atıb. O,  “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Tramp deyib: “Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. Twitter kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”.

Demokratik dövlət sayılan Amerika tərəfindən atılan bu addım nəyə əsaslanır? D.Trampın sərəncamının mahiyyətinə görə, ilk növbədə,  nəhəng sosial media şirkətlərinin öz maraqlarına uyğun olaraq Twitter, Facebook, Instagram və YouTube informasiyalarında verilən rəylərə  açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışmaları və fikirlərə qarşı selektiv yanaşmaların tətbiqidir. ABŞ prezidenti fikirləşir ki, məsələn, Twitter ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur.

Bundan başqa sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlərin sırf siyasi motivli və fikir plüralizminə zidd olması, onlayn platformaların fəaliyyətndə şəffaflıq  və hesabatlılıq itir ki, bu da fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyil.

Məlumdur ki, Trampın prezident seçilməsində sosial şəbəkələr üzərindən xarici təsirlərin böyük rol oynaması bir neçə il rəsmi dairələrin və mətbuatın qızğın müzakirə edilən mövzusu olub. Hətta iş gedib prezidentin impiçmentinə qədər çıxıb. Başqa sözlə, sosial şəbəkələrdəki qarşıqlıq ucbatından Amerika cəmiyyəti lüzumsuz yerə xeyli qüvvə sərf etməli olub. Bu həqiqətdir, ya yox, bunu edənlər daha dəqiq bilir. Amma sosial şəbəkələrin nəhəng təbliğat, təşviqat və tədqiqat maşını olması artıq mütəxəssislərdə şübhə doğurmur. Bu 3 məqam varsa, onda hər hansı kənar təsirlərin mövcudluğunu inkar etmək çətindir. Lakin, müasir dövrdə sosial şəbəkələrdən imtina və ya bunların qadağan olunması mümkündürmü? Əsla! Necə deyərlər, “daş qayadan qopub” və onun diyirlənməsinin qarşısını almaq mümkün deyil. Belə ki, Tramp özü də siyasətini sanki  Twitter üzərindən həyata keçirir və aktiv istifadəçidir.

Lakin bütün müsbət məziyyətləri ilə yanaşı sosial şəbəkələr geniş kütlələrin fəal həyata qoşulmasını təmin edib və “beş barmağın beşi də bir olmadığı” kimi insanların düşüncələri, arzuları, seçdikləri fəaliyyət növləri də müxtəlifdir. Təbii ki, bu sırada müxtəliflik və qeyri-bərabər inkişaf səviyyəsi, düşüncə tərzinin müxtəlifliyi sosial şəbəkələr üzərindən cinayətlərin törədilməsi, qətllərlə nəticələnən çağırışların edilməsi, siyasi mübarizə yolunda seçkilərə müdaxilələr və sairə kibercinayətlərin baş verməsi ciddi narahatlıq yaradır. Ümumiyyətlə, sosial şəbəkələr bilməyərəkdən və ya bilərəkdən yayılan saxta məlumatlar yatağıdır. ABŞ prezidentinin başladığı kampaniya xeyli əvvəldən Avropa ölkələrində müxtəlif formalarda tətbiq edilməyə başlayıb. Ancaq, amerikalıların tətbiqi daha ciddi görünür. Hərçəndi, bunun necə ediləcəyi barədə aydın təsəvvürlər yoxdur. Üstəlik, “buna nail olunacaqmı” sualı da açıq qalır.

Bu problemin Azərbaycana toxunması haqda da kifayət qədər danışmaq mümkündür. Çünki, ölkəmizə qarşı olan xarici qüvvələrin təsiri və bilavasitə maliyyəsi ilə Qərbdə məskən salmış bəzi pulgir vətəndaşlarımız sosial şəbəkə üzərindən siyasi hakimiyyətə qarşı müəyyən çirkin kampaniyalar aparmağa nail olurlar. Ancaq demokratik quruculuq yolu seçən və xalqın güclü dəstəyinə malik Azərbaycan iqtidarı hələ ki, sosial şəbəkələrdən ciddi təhlükələr gözləmir. Deputat Hikmət Babaoğlu bu məsələni Donald Trampın əslində sosial şəbəkələrdə hazırda mövcud olan informasiya xaosuna “nizam gətirmək cəhdi” adlandırır. Onun fikrincə, sosial şəbəkələr mənəvi sferadan başlamış mədəni-etik sferaya qədər hər yerdə dəyərləri bəzən terrorizə edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir və buna  görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır. Bu məsələdə politoloq Qabil Hüseynli daha skeptikdir: “Sosial şəbəkələrə nəzarət etmək olar, lakin onu ləğv edib məhdudlaşdırmaq ağlabatan deyil”.

Bütün bunlarla yanaşı, düşünmək olar ki, sosial şəbəkələr siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrildiyi üçün ABŞ-da olduğu kimi ölkəmizdə də artıq bunun tənzimlənməsinə zərurət yaranıb. Yəni, əgər sabahı fikirləşiriksə, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparırıqsa, müstəqilliyimizin keçiyində ayıq-sayıq dayanmışıqsa, onda həyatımızın əbədiliyi və inkişafı naminə sosial şəbəkələrdə qadağalar yolu ilə yox, maarifləndirmə yolu ilə məhz maarifləndirmə platformasının yaradılmasına nail olmalıyıq. Məncə, bunun üçün sosial şəbəkə mətbuatının gücləndirilməsi xeyli dərəcədə faydalı olar.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz