Əlaqə Arxiv
news Image
2020.06.03
09:30
| A A A
Tarixin sınaq dövründə Azərbaycana etimad daha da yüksəlib
Ölkəmiz beynəlxalq öhdəliklərini və yardım missiyasını şərəflə yerinə yetirir

 

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Əsasən Azərbaycan və beynəlxalq maliyyə qurumu arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə həsr edilmiş konfransda koronavirus pandemiyasının yaratdığı çətinliklərin aradan qaldırılması məsələsinə də toxunulub. Çünki pandemiya ilə yanaşı neftin qiymətinin sürətlə aşağı düşməsi əslində problemdən də çətin bir situasiya yaradıb. Pandemiyaya qarşı mübarizə ciddi maliyyə sərfiyyatı tələb edir.

Bununla birgə enerji ehtiyatlarından gələn gəlirlərin iki-üç dəfə azalması, təbii ki, böhran yaradıb və işləri yoluna qoymaq üçün gərgin, oprimal variantların axtarışını daha da aktuallaşdırıb.

AİB-in prezidenti Masatsuqu Asakava Prezident İlham Əliyevə pandemiya ilə mübarizə və onun Azərbaycana təsiri ilə bağlı həyata keçirdiyi nəhəng islahat paketinə görə təşəkkür edib. Xüsusilə, dövlət başçmımızın rəhbərliyi ilə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi və beynəlxalq qurumlara dəstək göstərilməsi əcnəbi tərəfdaşlarımızda zəngin təəssürat oyadıb.

Bu məsul dövrdə Azərbaycan nəinki ölkədaxili virusa yoluxmanı minimuma endirməyi bacarıb, həm də digər ölkələrə və beynəlxalq təşkilatlara ciddi yardımlar edib. Prezident İlham Əliyevin sərəncamı ilə Ümumdünya Səhiyyə Təşkilatına ilk dəfə beş milyon dollar, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayrılması, həm də bunu çox gözləmədən ilkin dövrdə edilməsi dünyada yüz minlərlə insanın virusdan qorunmasına kömək edib. Qarşı tərəfin marağına əsasən bu haqda danışan Azərbaycanın dövlət başçısı deyib: “Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”.

Son 17 ildə Azərbaycanın sürətlə inkişaf etməsi iqtisadiyyatının müasirləşməsi, təkmilləşdirilməsi, düzgün seçilmiş iqtisadi strategiya hesabına əldə edilib. Respublikamızın var-dövləti artdıqca  onun beynəlxalq siyasi-iqtisadi nüfuzu da artırıb. İqtisadi qüdrətini davamlı şəkildə yüksəldən ölkəmiz dünya miqyasında kreditor mövqelərini gücləndirib. Ölkədə həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq, eyni zamanda, əldə olunan iqtisadi uğurlar, maliyyə imkanlarının artması nəticəsində Azərbaycan xarici ölkələrdə müxtəlif irimiqyaslı investisiya layihələrini maliyyələşdirir, o cümlədən sosial-mədəni layihələr həyata keçirir, humanitar yardımlar göstərir. Tədricən kreditor və mühüm investor ölkəyə çevrilməkdə olan Azərbaycan, eyni zamanda, tədricən donor ölkə statusu qazanmağa başlayıb.

Azərbaycan bu mövqeyə gəlib çıxmaq üçün uzunmüddətli iqtisadi quruculuq yolu keçib və bütün bu işləri mütərəqqi beynəlxalq təcrübə əsasında həyata keçirmək üçün beynəlxalq maliyyə-kredit institutları, xüsusilə, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər sanballı maliyyə qurumları ilə sıx əməkdaşlıq edib. Struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması bu dövrdə Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın başlıca istiqamətləri olub.

Ötən il dekabrın 12-də İsveçin paytaxtı Stokholmda keçirilən Beynəlxalq İnkişaf Assosiasiyasının 19-cu Resurslara Əlavələr Təşəbbüsü üzrə yekun iclasında Azərbaycanın vaxtilə BİA-dan kredit alan ölkədən Dünya Bankının yoxsul ölkələrə yardım proqramına dəstək göstərən donor ölkəyə çevrilməsi barədə rəsmi qərar qəbul edilib. Bununla da Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasına yalnız maliyyə dəstəyi göstərən ölkə yox, eyni zamanda, BİA ölkələri ilə özünün uğurlu inkişaf təcrübəsini bölüşməyə hazır ölkə kimi qiymətləndirilib. Toplantıda Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, biznes idarəetmə islahatları, dövlət xidmətlərinin keyfiyyətli və səmərəli formada çatdırılması, neft gəlirlərinin istifadəsində şəffaflıq və effektivlik, iqtisadi və sosial infrastrukturun müasirləşdirilməsi və sair bu kimi istiqamətlərdə əldə olunmuş uğur təcrübəsinə malik olduğu qeyd edilib. Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına donor ölkə olması onun beynəlxalq arenada nüfuzunun artması və etibarlı qlobal tərəfdaş olmasının yeni bir nümunəsidir.

Hazırda Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan 173 ölkədən yalnız 55-i donor ölkə statusuna malikdir. Təsadüfi deyil ki, pandemiyadan əziyyət çəkən 15 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib.

Bu günlərdə Azərbaycan hökuməti 13-cü Asiya İnkişaf Fonduna da töhfə vermək barədə qərar qəbul edib. Buna görə AİB prezidenti dövlətimizin rəhbərinə təşəkkür edib və deyib ki, dünyanın yoxsul və həssas vəziyyətdə olan ölkələri bu imkandan yararlanacaqdır. Göründüyü kimi, Azərbaycan donor ölkə missiyasını şərəflə yerinə yetirir və xalqımızın humanist dəyərlərini bütün dünyaya yayır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz