Əlaqə Arxiv
news Image
2020.06.03
09:45
| A A A
Azərbaycan ABŞ üçün əsas strateji tərəfdaşlar sırasında yer alır
Nəzakət Məmmədova: “Böyük İpək Yolu və Çinlə Avropa Birliyini birləşdirən, “köhnə qitə”nin enerji təhlükəsində rol oynayan, Pekinin meqa layihələrində tərəfdaşlıq edən, Rusiya və Türkiyəyə dost və İranın şimalında yerləşən ölkə olaraq Amerikanın diqqətini cəlb edə bilirik”

 

Son zamanlar dünya nəhəngi ABŞ-ın Azərbaycana marağının daha da artdığı hiss olunur. Bunu ABŞ Prezidenti Donald Tramp və bir sıra konqresmenlərin ölkəmizlə bağlı verdikləri son açıqlamalar və məktublarından aydın şəkildə görmək olar. Belə ki, həm Prezident Tramp, həm də bir sıra Konqres üzvləri Azərbaycana ünvanladıqları məktublarında ölkəmizi regionda strateji tərəfdaş adlandırıblar.

Qeyd edək ki, Azərbaycan Qərbin enerji ilə təmin olunmasında, habelə ABŞ-ın həyata keçirdiyi bir sıra təhlükəsizlik tədbirlərində aktiv iştirakçılardan biridir. Politoloq Nəzakət Məmmədova qeyd etdi ki, Tramp administrasiyası dövründə  nə Azərbaycan, nə də Cənubi Qafqaz, ümumiyyətlə, postsovet məkanının Amerikanın prioriteti rolunda çıxış etdiyini görmür: “Trampın bu istiqamətdə aktiv siyasət yürütdüyünü müşahidə etmirik.  ABŞ daha çox ölkə daxilində iqtisadi yüksəlişə diqqəti artırdığını, Yaxın Şərqdən çəkilməsini, əvəzində Sakit Okean hövzəsində daha da aktivləşdiyini görürük. 

Tramp şəxsən Şimali Koreya rəhbərilə görüşdü. Vaşinqtonun Çinlə münasibətləri daima gərgindir. Digər tərəfdən, Tramp Avropadakı müttəfiqlərilə haqq-hesab çəkməyə üstünlük verir. Yəni ABŞ-ın daha çox iqtisadi maraqlar üzərindən çıxış etdiyinin şahidi oluruq. Bill Klinton adminstrasiyası dövründə isə Xəzər hövzəsi strateji hövzə elan olunmuşdu. Bu fonda Klintonun Azərbaycana marağının artdığını da gördük. Heydər Əliyevi Klinton Vaşinqtona dəvət etmişdi və orada görüşmüşdülər. Amma Tramp hakimiyyətə gələndən bu tendensiya müşahidə edilmir. Tramp ümumiyyətlə, Cənubi Qafqazı, postsovet məkanını Rusiyanın təsiri altına buraxıb. Buradan görünür ki, indiki halda, postsovet məkanı Ağ Evin prioritetində deyil. Tramp ikinci müddətə prezident seçiləcəyi təqdirdə də anoloji vəziyyət davam edəcək.  Trampın indi daha çox diqqəti Çinlə iqtisadi müharibəyə yönəlib”.

Həmsöhbətimizə görə, ABŞ bu fonda Azərbaycanı ölkəmizin Çinin meqa layihələrində iştirak edən ölkə olaraq nəzərdən keçirə bilər: “Böyük İpək Yolu və Çinlə Avropa Birliyini birləşdirən, “köhnə qitə”nin enerji təhlükəsində rol oynayan, Pekinin meqa layihələrində tərəfdaşlıq edən, Rusiya və Türkiyəyə dost və İranın şimalında yerləşən ölkə olaraq Amerikanın diqqətini cəlb edə bilirik. Yəni ölkəmiz daha çox sadaladığım  həmin kriteriyalar nöqteyi-nəzərindən diqqətə alınır. Bu mənada da ABŞ-la strateji tərəfdaş hesab oluna bilərik. Strateji tərəfdaşlıq məsələsi söz olaraq, diplomatik protokolda deyilir. Sözsüz, bir dövlət olaraq ABŞ-la strateji tərəfdaş hesab olunuruq. Çünki ABŞ-ın da layihələrində müəyyən yer alırıq. Ən azından İranla ABŞ arasında qalan ölkə olaraq. Bu mənada seçim etmək ölkəmiz üçün çətindir. Hər halda, Azərbaycan-Amerika münasibətləri Tramp adminstrasiyasının davam etməsindən asılıdır. Hər halda, ABŞ  bölgəmizdə istədiyinə nail olub. Ona neft lazım idi,o da həyata keçib.  Enerji və təhlükəsizlik sahəsində iki ölkənin əməkdaşlığı genişdir”.

Politoloq bildirdi ki, Azərbaycan ABŞ üçün müəyyən məsələlərdə önəmli yer tutduğundan Ağ Evdə ölkəmizi strateji tərəfdaş kimi təqdim edirlər: “Geopolitikada, beynəlxalq hüquqda strateji tərəfdaşlığın nə demək olduğunun tam tərifi yoxdur. Azərbaycanla ABŞ sözsüz ki, de-fakto strateji tərəfdaşdırlar. NATO çərçivəsində həyata keçirilən müxtəlif proqramlar üzrə əməkdaşlıq edirik. Azərbaycan hərbçiləri Amerikada kurs keçib. TANAP və TAP layihələri də bu iki ölkənin strateji tərəfdaşlığından xəbər verir. Avropanın enerji təhlükəsizliyində oynadığımız rola görə də Vaşinqtonun strateji tərəfdaşı hesab edilirik.

Eyni zamanda, Azərbaycan digər ölkələr üçün də strateji tərəfdaş hesab olunur. Çinlə, Rusiya ilə də analoji vəziyyətdir, onlarla da yaxınıq, amma müttəfiq də deyilik. Çünki Qoşulmama Hərəkatının üzvüyük. Rusiya Ermənistanla arası dəyəndə Azərbaycanı özünün Cənubi Qafqazda yeganə strateji müttəfiqi adlandırmışdı.  Türkiyəni də dəstəkləyirik. Azərbaycan bu mənada Amerika üçün də önəmlidir. İlk növbədə İranla qonşu ölkə olduğumuza görə. Lakin bütün hallarda ABŞ-ın prioritetində Azərbaycan ilk yerləri tutmur”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz