news Image
2013.07.19
10:02
| A A A
İlham Əliyev: “Düşmənlə istənilən dildə danışa bilərik”

Azərbaycanda keçirilmiş hərbi parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Mövqe.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında deyib.


Pezident bildirib ki, bu paraddan sonra Ermənistanda yaşanan isterika, panika və qorxu hissi bu günə qədər bitməyib: "Bu təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaq".

 

Prezident bu paradın Azərbaycan Ordusunun gücünü göstərdiyini, paradda nümayiş etdirilən silah-sursat və texnikanın ən son modellər, ən güclü texnika olduğunu deyib: "Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi".

 

Prezident Azərbaycanın bundan sonra da hərbi qüdrətini artıracağını deyib: "Bundan sonra da ən müasir texnikanı alacağıq. Biz müxtəlif ölkələrdən texnika alırıq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Mətbuatda rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Deyə bilərəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq. Vaxtaşırı xarici mətbuatda gedən məlumatlara şərh veririk. Amma biz bütün məlumatları açıqlaya bilərik. Çünki bizim dövlət büdcəmiz şəffafdır, bütün xərclərimiz də açıqdır".

 

Prezident bildirib ki, Ermənistandakı xalq Azərbaycanın hərbi qüdrətinin artmasından qorxmamalıdır: " Ermənistan xalqı öz rəhbərliyindən,onların fəaliyyətindən qorxmalıdır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaq. Bu günah bilavasitə Ermənistanın rəhbərliyi üzərinə düşür. Çünki onların işğalçı və yırtıcı siyasəti, qaniçən, gözü doymayan mahiyyəti Ermənistanı bu fəlakətə gətirib çıxarıb. Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaq. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik".