Əlaqə Arxiv
news Image
2020.06.03
21:28
| A A A
Azərbaycan tarixdə heç vaxt indiki kimi olmayıb... - Əliyev

Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır.

Mövqe.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı bildirib.

"Bu gün Tərtər rayonunda müasir Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi təbrik edirəm. Komplekslə tanış olarkən görürəm ki, bütün işlər çox yüksək səviyyədə görülüb. İndi Tərtərdə də idmanla məşğul olmaq üçün çox gözəl imkanlar olacaq.

Bildiyiniz kimi, Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Hesab edirəm ki, Azərbaycan bu parametr üzrə dünya miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya çatıbdır. Onu da bildirməliyəm ki, 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir. O layihələr də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda 51 idman kompleksimiz olacaqdır.

Əlbəttə, bu, imkan verəcək ki, rayon idmançıları öz peşəkarlığını artırsınlar. Burada bütün şərait yaradılıb – böyük oyun zalı, güləş, boks, trenajor zalları, üzgüçülük hovuzu. Hətta mehmanxana da var. Tərtərdə heç vaxt üzgüçülük hovuzu olmayıb. Böyük stadion inşa edilib. Stadion da heç vaxt olmayıb. Mini futbol, voleybol, yəni, idmanın əksər növləri ilə burada məşğul olmaq olar. Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır.

Bütövlükdə isə ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Bakı şəhərində artıq iki çox böyük beynəlxalq idman yarışı keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz miqyasına görə Avropa Oyunları ikinci yeri tutur. Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Çünki bir çox ölkələr bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox ölkələr tərəddüd edirdilər ki, bunu bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də yüksək səviyyədə. Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İsam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb. Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır", - Prezident vurğulayıb.

Sizin Reklam Yeriniz