Əlaqə Arxiv
news Image
2020.06.04
08:38
| A A A
Ermənistanın çöküşü Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər
Elman Nəsirov: “Baş verənlər fonunda Ermənistanın Qarabağ ətrafında mövqeyi zəifləyə bilər”

 

Ermənistanda sosial-iqtisadi durum məlum koronavirus pandemiyası ucbatından daha sürətlə pisləşir. Buna da səbəb olan amillər çoxdur. Başlıca səbəb Ermənistanın işğalçı siyasəti üzündən özünü təcridetmə vəziyyətinə salması olub.

Digər tərəfdən, pandemiya dövründə İrəvanın azsaylı əlaqədə olduğu dövlətlərlə münasibətləri demək olar ki, tamamilə pozulub. Rusiya və İranda pandemiya geniş yayıldığından onlar üçün Ermənistan artıq arxa plana keçib. Daxili resurslar hesabına isə Ermənistan aydın məsələdir ki, orta  və uzun müddətə tab gətirə bilməyəcək. Hətta bu ölkədə vəziyyət o qədər kritikdir ki, karantin tədbirləri yumşaldılandan sonra açılan bir sıra müəssisələr resurs olmaması üzündən yenidən bağlanmalı olub. O da məlum olub ki, Ermənistanda xəstəxanalarda ehtiyat yataq yerləri tükənib.

Bu fonda özü də koronavirus xəstəliyinə tutulan baş nazir Paşinyan iqtidarının mövqeyi getdikcə ağırlaşır. Tədricən o kütlə arasında nüfuzunu itirməyə başlayıb. Baş verən proseslər fonunda onsuz da zəif olan Ermənistan ordusunun döyüş qabiliyyəti daha da sarsılır. Onu da vurğulayaq ki, Ermənistanda koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxma təhlükəsi altındadır. Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, mövcud vəziyyəti dərin böhran kimi dəyərləndirirlər, Eyni zamanda, Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söylənilir. Bir sözlə, hadisələrin gedişi isə göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil. Ermənistanda vəziyyət günü-gündən daha da  mürəkkəbləşir.

Bir sözlə, Ermənistanı koronavirus daha sürətlə çökdürməyə başlayıb. İqtisadiyyat məhv olur. Bu fonda siyasi çəkişmələr də şiddətlənir. Baş verənlər düşmənin Qarabağ siyasətinə necə təsir edəcək? Nəzərə alaq ki, Ermənistana həm də Qarabağ üzündən kənar təzyiqlər də artır.

 

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, pandemiya Ermənistanı növbəti inqilaba doğru sürükləyir: “Ermənistanın pandemiya dövründə ən zəif həlqələrdən biri olduğu heç bir dövlət üçün sirr deyil.  Bunu erməni  xalqı da yaxşı bilir.

Pandemiya nöqteyi-nəzərdən bu gün Ermənistan Cənubi Qafqazın qırmızı zonası hesab olunur. İş o yerə gəlib çatıb ki, keçmiş baş nazir Qrant Baqratyan müsahibəsində Azərbaycanın pandemiya dövründə Ermənistanın ağır vəziyyətindən istifadə edib, hücuma keçməklə öz strateji məqsədlərinə nail ola biləcəyini vurğulayıb. İnqilabdan sonra əslində Ermənistanda vəziyyətin daha da kəskinləşdiyi heç kəsə sirr deyil.  İnqilab Ermənistandakı daxili situasiyanın gərginliyinin məntiqi nəticəsi oldu. Amma inqilabdan sonra Ermənistan daha 50 il geri atıldı. Pandemiya isə Ermənistanı hər gün daha ağır siyasi və iqtisadi kataklizmlərə, növbəti inqilaba daha da yaxınlaşdırır. Sanki bunu Paşinyan da dərk edir və o pandemiyadan çıxmaq üçün gülüş hədəfi olacaq fikir söyləyib. Deyib ki, Ermənistan koronavirusdan peyvənd tapıb. Bu peyvənd də ona görə koronavirus inqilabıdır. Yəni onun bütün danışıqlarında inqilab sözü cümlənin həm mübtədası, həm də xəbərinə çevrilib. Belə olan halda Ermənistanı postpandemiya dövründə daha ağır durum gözləyir. Ermənistandan olan ekspertlər belə deyirlər ki, payız aylarında işğalçı ölkədə siyasi kataklizmlər baş qaldıracaq.  Bildirirlər ki, Ermənistan hər gün inqilaba yaxınlaşır”.

Həmsöhbətimizə görə, baş verənlər fonunda Ermənistanın Qarabağ ətrafında mövqeyi zəifləyə bilər:  “Belə olan halda münaqişənin həllilə bağlı da bəzi fikirlər səslənməkdədir. Postpandemiya dövründə durumu daha da pisləşəcəyindən və xaricdən gözlədiyi maliyyə dəstəyi olmayacağından Ermənistanda iqtisadi zəmində ciddi böhran yaşanacaq. Bu böhran da ölkəni inqilaba yaxınlaşdıracaq. Belədə isə Ermənistanın münaqişə ətrafında mövqeyi kifayət qədər zəifləyə bilər. Onlar öz ritorikasını zəiflədə və daha çox  ipə-sapa yatan dövlət imicində çıxış edə bilərlər.  Bu baxımdan ondan müəyyən konstruktiv təkliflər də gözləmək mümkündür”.

Bununla yanaşı, deputatın fikrincə, bu məsələdə ikinci versiya daha ağlabatandır: “Bu versiyaya görə, payızda Ermənistanda vəziyyət daha da qəlizləşəcəyinə görə, rəsmi İrəvan daxili auditoriyanın fikrini sosial çətinliklərdən yayındırmaq üçün təmas xəttində atəşkəsi intensiv poza və hərbi əməliyyatlara əl ata, diqqəti münaqişəəy yönəldə bilərlər. Yəni kiçik müharibə modeli haqqında İrəvan düşünə bilər. Ancaq Ermənistana iri miqyaslı müharibə lazım deyil. Çünki bu müharibə onun biabırçı məğlubiyyəti və darmadağın olunması ilə nəticələnəcək. Bu ehtimal daha çox səslənir. Həqiqət isə odur ki, Azərbaycan son dərəcədə güclüdür. Prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə  çıxışında qeyd etdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, iqtisadi və hərbi baxımdan böyük potensiala malik ölkəyik. Bütün bunlar Azərbaycanın mövqeyini gücləndirir. Azərbaycan sadəcə geosiyasi vəziyyəti qiymətləndirib müvafiq addımları atmalıdır”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz