Əlaqə Arxiv
news Image
2020.06.05
09:15
| A A A
Nə iqtisadiyyatı xilas edə bildilər, nə də insanları
Ermənistanda koronavirus insanlardan həyatı aldığı kimi Paşinyandan da hakimiyyəti almaq üzrədir

 

 

Koronavirus pandemiyasının real qurbanlarından biri Ermənistan respublikasıdır. Son sutkada bu kiçik ölkədəki yoluxanların sayı 11 min 221 nəfərə çatıb. 176 nəfər ölüb. 391 nəfər pasiyentin vəziyyəti ağırdır, daha 59 nəfər isə son dərəcə ağır haldadır. 15 nəfər süni nəfəs aparatına qoşulub. Ötən bir sutkada 697 nəfər koronavirusa yoluxub.

Artıq ölkədə pandemiya situasiyası nəzarətdən çıxıb. Baş nazir Nikol Paşinyan cümə axşamı səhər özünün facebook səhifəsində hökumətin virus qarşısında gücsüzlüyünü etiraf edib: “Dünən bizdə 697 yoluxma halının baş verməsi o deməkdir ki, tibb müəssisələri artıq müalicəyə ehtiyacı olan pasiyentləri qəbul etmək gücündə deyil”.

Hökumət başçısının komandasının gücü yalnız rəqəmləri saxtalaşdırmağa çatır. Çünki erməni mətbuatı yazır ki, əslində koronavirusdan ölənlərin sayı 214 nəfərdir. Bu da Ermənistan üçün çox böyük rəqəmdir.

Ancaq dərd yalnız pandemiya ilə bitmir. Koronavirusdan qorunmaq üçün bağlanmış “Meymandar” ticarət mərkəzinin əhli az qala üsyana qalxalar. Çünki əhalinin yeməyə çörəyi yoxdur. Həmin mərkəzin bağlanması isə on minlərlə adamın çörəyinin kəsilməsi deməkdir. Gündəlik gəlirini itirən vətəndaşlara isə dövlətin bir loxma çörək üçün müavinət verməyə vəsaiti yoxdur.

Siyasi ekspert Qalust Qriqoryan bu haqda mətbuatda dərc edilmiş məqaləsində yazır ki, hökumət nə iqtisadiyyatı qoruya bilib, nə də insanları. Müəllif bir sıra dövlətlərin təcrübəsi ilə Ermənistan gerçəkliklərini müqayisə edir. Məsələn, İsveçdə hakimiyyətin iqtisadiyyata böyük önəm verməsi, insanları isə koronavirusla baş-başa buraxması nəticəsində  bu il mayın 23-29 arası bu ölkədə hər milyon nəfərə 5,9 ölümün düşməsi dünya rekordu sayılır. Bundan sonra hakimiyyət ayılıb ki, səhv qərar veriblər, koronavirusa etinasızlıq göstərmək olmaz. Eynilə Belarusda da hökumət iqtisadiyyatın saxlanmasını insanların həyatından üstün tutub və buna görə son həftədə orada yoluxanların sayı artmağa başlayıb. Qriqoryan belə nəticəyə gəlir ki, hərçənd bu yolu tutanlar öz ölkələrində iqtisadiyyatı xilas edə biliblər, əhaliyə çörək verə bilirlər. Daha sonra Gürcüstanda vətəndaşların həyatına daha böyük önəm verilməsi sayəsində bu ölkədə ölüm faktının cüzi olması da məqalədə sitat gətirilir və təqdir olunur. Bəs, Ermənistanda?! Q.Qriqoryan yazır ki,  Ermənistan hökuməti nə iqtisadiyyatı qoruya bilib, nə də vətəndaşları. Əhali sayına düşən ölüm faktlarına görə ermənistan Belarusu xeyli qabaqlayır. İndi bu ölümlərə görə kim cavab verəcək?-deyə, müəllif sual edir və özü də cavab verir: “Əlbəttə, hakimiyyət”. Ancaq müəllif qeyd edir ki, bunun üçün mübarizə aparmaq gərəkdir. Yoxsa ki, hökumət səhvlərini etiraf, getmək fikrində deyil. Bu isə birbaşa çağırışdır, yəni, xalq ayağa qalxıb hakimiyyəti dəyişməlidir.

Bu arada baş nazir Nikol Paşinyan özünəməxsus tərzdə xalqı koronavirusla mübarizəyə dəvət edib. Mətbuat üçün keçirdiyi brifinqdə o, əhaliyə çağırış edib: “Ermənistan vətəndaşları koronavirusun “istefasına” nail olmalıdırlar”. Əlbəttə, o bu çağırışı hökumətin acizliyi fonunda məsuliyyətdən qaçmaq üçün edib.

Cəmiyyətdə isə getdikcə hakimiyyətə qarşı sərt ittihamlar səslənməyə başlayıb. Belə ki, “Rodina” partiyasının sədri olan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Vanesyan əminliklə deyir ki, Nikol Paşinyan istefa verməlidir. “Paşinyan istefa verməlidir, çünki ölkədə baş verənlər fəlakətdir, hər gün daha ağır fəsadlarla nəticələnir” – deyə, o, partiyasının “Vanadzor” ofisinin açılışında bildirib.  “Qrapark” qəzeti yazır ki, siyasətə qayıtması barədə keçmiş məmur deyib: “Qoy, bu, çox da təmtəraqlı səslənməsin, dövlət ekstremal situasiyaya düşüb. Biz ilk növbədə siyasi səhnəni yeni ideyalarla sağlamlaşdırmalıyıq. Hazırkı hakimiyyətin bəlası ondadır ki, tənqidi qəbul etməyi bacarmır. Kimsə tənqidə başlayan kimi dərhal ağzından vururlar ki, kiminsə sifarişini yerinə yetirir”.

Partiya sədrinin dediklərindən aydın olur ki, Paşinyanın istefasını tələb edənlərin önündə bu adam gedəcək. Çox ola bilsin ki, Vanesyan tezliklə “sorosçularun” baş nazir postunda görmək istədikləri fiqura çevriləcək. Çünki Paşinyanın tryukları daha cəmiyyətdə səs qazana bilmir.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz