Əlaqə Arxiv
news Image
2020.06.05
08:34
| A A A
Avropa Şurası ikili standartlar əsirliyində
Cümşüd Nuriyev: “Avropa Şurası, AŞPA ölkəmizə münasibətdə ikili standartlardan yanaşır”

 

“Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, Azərbaycanafobiya hökm sürür”. Bunu Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı sözügedən qurumun riyakar mövqe sərgilədiyini deyib: "İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası "seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, Azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz Azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar”.

Qeyd edək ki, Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi yenilik deyil. Dəfələrlə bu təşkilat müxtəlif məsələlərdə ölkəmizə qarşı belə qərəzli mövqe sərgiləyib. Politoloq Cümşüd Nuriyevin fikrincə, Avropa Şurasının, AŞPA-nın Azərbaycana qarşı bitməyən qərəzli mövqeyi qurumun xristian təəssübkeşliyindən, ölkəmizin onlardan fərqli olaraq geniş enerji resurslarına malik olmasından qaynaqlanır:  “Azərbaycan, ümumiyyətlə, İslam dünyasına Avropanın münasibəti  birmənalı deyil. Onlar ölkəmizə münasibətdə ikili standartlardan yanaşırlar.  Qərbin Türkiyəyə münasibətləri göz qabağındadır.  Türkiyə xeyli illər əvvəldən Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməsinə baxmayaraq, bu günə qədər də həmin quruma qəbul edilməyib.

Digər tərəfdən, Avropa Şurasına daxil olan dövlətlərin əksəriyyətində xristian həmrəyliyi hökm sürür.  Başqa bir tərəfdən, Qərb qurumları öz gözlərindəki tiri görmür, başqalarında nöqsan axtarırlar.  Avropada, Fransa və İngiltərədə insanlara qarşı hansı davranışların, vəhşiliklərin nümayiş etdirildiyini gördük.  Bununla da Qərbin insan haqlarına  yaxşı münasibət göstərmədiklərinin əyani şahidi olduq.  Azərbaycan koronavirus təhlükəsi dövründə 13 ölkəyə yardım əlini uzadıb ki, onların da əksəriyyəti məhz xristian dövlətləridir.  Ölkəmizə isə bu mənada kənardan heç bir köməklik göstərilməyib.  Bütün bunlar onu göstərir ki, Avropa Şurasının timsalında Qərb qurumları ölkəmizə qarşı qərəzli mövaedədir. Bu da Azərbaycanın müsəlman ölkəsi olmasından qaynaqlanır.  İkincisi, Azərbaycan Şərqdə ilk demokratik dövlət qurub, qadınlara səsvermə hüququ verib.. Bu zaman Qərbin əksər ölkələrində heç qadınlara səsəvermə hüququ verilməmişdi.  Yəni ölkəmizdə demokratik dəyərlər,  indi özlərini demokratiyanın beşiyi adlandıran dövlətlərin əksəriyyətindən qat-qat əvvəl oturuşub. Ona görə də Qərb ölkəmizə həsəd aparır, bu da onları qıcıqlandırır.  Azərbaycanın geniş təbii resurslara malik olması da həmin dairələrin ürəyincə deyil, çünki özlərində bunlar yoxdur.

Bir sözlə, Azərbaycanın malik olduğu yeraltı, yerüstü sərvətləri, intellektual potensialı  Qərbdə həsəd yaradıb, ona görə də ölkəmizə qarşı belə qərəzli mövqe sərgiləyirlər. Avropada islamafobiya da hökm sürür. Onlar özlərini ali irq hesab edir, müsəlmanları isə ikinci, üçüncü növ insan hesab edirlər.  Ona görə də bu günə qədər Azərbaycan kimi ölkələrə yuxarıdan aşağı baxırlar. AŞPA-nın ölkəmizə qarşı tutduğu həmin mövqeyinə görə, oradakı Azərbaycan nümayəndə heyəti sərtləşməlidir. Yəni bu məsələlər artıq parlament müstəvisinə keçirilməlidir. Artıq bununla bağlı Prezident öz mövqeyini bildirdi. Dövlət başçısı səviyyəsində AŞPA-nın mövqeyi açıq şəkildə tənqid olundu.  Bunun özü də bir cəsarətdir.  Nə vaxta qədər ölkəmizi aşağılayacaqlar, ağıllarına və ağızlarına gələni deyəcəklər?”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz