Əlaqə Arxiv
news Image
2020.06.06
09:00
| A A A
Başıpozuqluq Ermənistan ordusunun əsas atributudur
Erməni hərbçiləri hazırlıqsızlıqdan və özbaşınalıqdan ölürlər

 

İyunun 3-də, saat 13:50 radələrində işğal altında olan Qarabağın Madagiz-Ağdərə avtomobil yolunun 17 km hissəsində qanunsuz “hərbi birləşmə”nin “N” saylı hərbi hissəsinin balansında olan “Ural” markalı avtomobil hərbi təlimdən qayıdarkən yolun hərəkət zolağından çıxıb və aşıb.

Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin qəza ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, qəza nəticəsində “Ural”ın arxa hissəsində olan icbari müddətli sıravi əsgər Sarkis Masis Qulyan aldığı xəsarətlərdən ölüb, leytenant Abraham Tiqran Maruxyan, icbari müddətli hərbi qulluqçular - kiçik çavuş Davit Armen Sarkisyan, sıravi əsgərlər Mikayel Samvel Vahanyan, Jirayr Viktor Manukyan, Arman Vahram Poğosyan və Artak Vardan Şekoyan müxtəlif bədən xəsarətləri ilə Ağdərə hərbi hospitalına yerləşdiriliblər.

Bu hadisə erməni cəmiyyətini daha bir məsələdə çaxnaşmaya salıb. Çünki erməni valideynlər dad döyürlər ki, övladlarını hərbi elmi mənimsəməyə göndərirlər, onlar isə gedib silah işlətmədən ölürlər. Bu nədir? Ordu, yoxsa gənclərin qanını soran qurğu?!

Siyasi ekspert Tevos Arşakyan məsələnin mahiyyətini araşdıran analitik məqaləsində soruşur ki, nə üçün erməni hərbçiləri yol qəzalarında həyatlarını itirirlər? Bu həftə Ermənistanın baş prokuroru Artur Davtyan ötən ilin hesabatını açıqlayıb və məlum olub ki, Ermənistanda və ermənilərin işğal altında saxladıqları Qarabağda il ərzində 49 hərbçi “heç nədən” ölüb. Düzdür, bu rəqəm 2018-ci ildəkindən 14 nəfər azdır. Amma, məsələ burasındadır ki, bu əsgərlər qeyri-döyüş şəraitində ölüblər.

Müəllif qeyd edir ki, kiçik bir ordusu olan Ermənistan üçün bu rəqəm olduqca dəhşətlidir. Baş prokurorun məlumatında hadisələrin Azərbaycan tərəfdən atılan güllələrdən baş vermədiyi də qeyd olunub. Bəs, onda bu qədər ölümün səbəbi nədir?

T.Arşakyan yazır ki, cavab sadədir - hərbi personalın böyük əksəriyyəti çoxsaylı avtoqəzalarda ölüb: “Bəlkə də sözlərim ölən hərbi qulluqçunun yaxınlarının hisslərinə təsir edər, buna görə onlardan əvvəlcədən üzr istəyirəm, ancaq son illərdə hərbi qulluqçuların iştirak etdiyi yol qəzalarının statistikası yalnız korrupsiya tərkiblidir, ata-komandirlər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və hərbi xidmətə çağırılmış sürücülərin özlərinin hərbi vəzifələrini yüngülləşdirmək arzusundan belə dəhşətli hal yaşanır”. Müəllif lap təzə faktları nümunə göstərir və yazır ki, mayın 23-də, ardınca iyunun 3-də hərbi qülluqçular qəzaya uğrayıblar. İki qəzada 3 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Faktları sadalayandan sonra Arşakyan keçir əsas məsələyə və bildirir ki, çarxı fırlatmaq üçün mürəkkəb zehni düşüncəyə ehtiyac yoxdur. Ermənilər də hərbi vəzifələrini yerinə yetirməyə bu aspektdən yanaşırlar. Yəni, hamı özünə asan xidmət axtarır. Axı, orduda sürücü olmaq daha sərfəlidir. Döyüş postunda növbəyə yollamırlar, döyüş zamanı yalnız hərbçiləri və sursatı daşımaqla məşğul olursan. Ən yaxşısı isə komandirlərin maşının sürməkdir. İşin ancaq avtomobili yuyub parıldatmaq və komandiri və onun ailəsini ora-bura aparıb gətirməkdir. Məsələ burasındadır ki, valideynlər də övladlarını bu istiqamətə yönəltmək üçün bütün vasitələrdən, o cümlədən rüşvətdən gen-bol istifadə edirlər. Hərbi komissarlar və ya hissə kiomandirləri də bu cür rüşvətlərdən qaçmırlar və saxta sürücülük vəsiqəsi ilə çoxlu gənc hərbi hissələrə göndərilir.

Təbii ki, komandirlər öz həyatlarını qorumaq üçün təcrübəli sürücüləri göydə qapırlar. Qalanları isə veclərinə də deyil: çağırışçıdır də, öləcək, bir raport yazılacaq ki, qəzada ölüb, vəssalam.

Arşakyan güllə atışı olmadan baş verən ölüm hallarının əsas səbəbini ordudakı rüşvətxorluqda və başıpozuqluqda görür. Ancaq müəllif qəsdən və ya savadının aşağı olması səbəbindən ya nədən, bilinmir, nə üçün əsas səbəbi yazmır. Axı, ordunun mənəvi çürüklüyü onun qarşısında duran məqsəddən yararlanır. Bəs, işğalçı ordunin hərbçisindən ayrı nə gözləmək olar? Ermənilər hərbi xidmətə, xüsusilə işğal zonasına getməkdən qorxurlar. Çünki, onları orada torpağın azadlığı naminə uçuşan güllələr gözləyir. Buna görə də küncdə-bucaqda daldalanmağa imkan verən hərbi sahələrdə xidmətə meyillənirlər. Yenə də işğal zonasında olan əsgər-zabit heyəti mənən çürümüş olurlar.

Çünki gözləri önündə talan olunmuş şəhərlər və kəndlərin xarabalıqları, şüurlarında köhnə hərbçilərin danışdıqları vandalizm xatirələri canlanır və onlar bir tərəfdən vahiməyə düşsələr də, digər tərəfdən həyata laqeydləşirlər. Ölmək və qalmaq belə gənclərin kütləşmiş hissiyyatında əhəmiyyətini itirir. Nəticə isə həmişə acınacaqlı olur. Ermənistanın hərbi hissələrində olduğu kimi.

Bu minvalla nə qədər ki, ermənilər işğalçılıq simptomlarından xilas olmayıblar, nə qədər ki, Qarabağ azad olunmayıb, nə qədər ki, ermənilər qonşuları, dəqiqliklə, azərbaycanlılarla sülhə nail olub, sülh şəraitində yaşamaqdan qaçacaqlar, o vaxta qədər erməni hərbçiləri gülləsiz-filansız da həyatlarını itirməkdə davam edəcəklər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz