Əlaqə Arxiv
news Image
2020.06.30
09:53
| A A A
Radikalların çırtıq çalıb oynamaqları qalıb
Amma çətin ki, əlləri və ayaqları musiqi ilə eyni ritmi tuta bilə

 

Bu günlərdə qəzetdə oxudum ki, dünya birjalarında neftin qiyməti yenidən cüzi olaraq 1,61 faiz azalıb. O saat da Milli Şuranın onlayn "kef" toplantısı yadıma düşdü. Həmin vaxt mətbuatda yazılmışdı ki, şuranın üzvləri neftin birdən birə 3 dəfə ucuzlaşmasını toy-bayrama çevirib, "kefləri kök, damaqları cağ" deyib-gülüblər. Bir yandan baxanda "adam özü üçün yaşayır, neftun ucuzlaşmasından para qazanırsa, nə demək, sevinəcək" də, fikirləşirsən. Amma bədbəxtçilik orasındadır ki, onların qazancı üzdədir, həqiqətdə isə bu adamlar itirirlər. Mənsub olduqları milləti itirirlər, doğulub böyüdükləri vətənlərini itirirlər, milli mənliklərini, vicdanlarını itirirlər. Təəssüf ki, veclərinə deyil. Olsun! Bunu belələrinin şəxsi işi də saymaq olar. Hər kəs özünə cavabdehdir.

Ancaq, gərəkdir ki, siyasətin adını çəkməyələr. Çünki nə dedikləri, nə də hərəkətləri siyasi çərçivəyə sığır. Olsa-olsa bunlar "siyasi intriqabazlar" adlandırıla bilərlər. Onma görə ki, hansı aspektdən yanaşirsansa yanaş, yenə də bu adamların əməllərinin axırı qovğa, yalan-palan və arsızlıqdır.

İndi bütün dünyada koronavirus adlı bəlaya qarşı mübarizə gedir. Nəinki ictimai təşkilatlar, bütün dövlətlər bu bəlaya qarşı birləşmək üçün fəal iş aparırlar. Radikallar isə xüsusilə də AXCP və MŞ üzvləri nırx dirəniblər ki, bu bir siyasi oyundur. Görülən tədbirləri gah "pulun yuyulmasına" bənzədir, gah da insanların guya çipləşdirilməsi yolu ilə idarə olunması kimi cəfəng fikirlər atırlar ortaya. Daha hökumətlərin iş-gücləri yoxmuş, bir-bir hamıya çip yerləşdirəcəklər ki, idarə etsinlər.

Deyir, "kar könlündəkin anlar", özləri korazehindirlər, elə bilirlər ki, hamı elədir.

Düşüblər "5G" texnologiyasının üstünə. Guya bununla insanlara hücum edilir. Yaxud, neftin qiymətinin enməsinə sevinirlər. Bir baxın, neftin qiyməti düşüb, ancaq Azərbaycan iqtisadiyyatı, ölkəmiz yaşayır və qalib gəlir. Artım azalsa da, qeyri-neft sektorunda inkişaf öz yolu ilə gedir. Bəs, görəsən, radikalların intellektləri harada ilişib qalıb ki, baş verənləri ayıq başla təhlil etsin. Əlbəttə ki, təhlil aparmağa savadları çatırsa. Belə görünür ki, deyib-gülmək onların əsas peşələridir. Yəqin, tezliklə, toplantılarında çırtıq çalıb oynamaq da dəbə minər, əgər ritmi tuta bilsələr. Çünki cəmiyyətimizin inkişaf ritmi önların zövqünü oxşamır. Zövq oxşanmırsa, onda rəqs edənin əl-ayaqları ritmə otura bilərmi?!

Müdrik adamlar deyiblər ki, "dostunu göstər, deyim necə adamsan". İndi radikal müxalifətin ideyaları ilə Azərbaycan əleyhinə olan xaricdəki pozucu qüvvələrin əməlləri üst-üstə düşür. Belə çıxır ki, əlikərimlilər, cəmilhəsənlilər və onlar kimiləri düşmənlərimiz ermənilərlə əlbir fəaliyyət göstərirlər. Deputat Sədaqət Vəliyevə mətbuatda çağırış edir ki, onlardan qurtulmalıyıq: "Onların sosial şəbəkələrdə küçələrdə əsassız çağırışları, insanları pandemiyaya inanmamağa sövq etməsi, siyasi məqsədləri naminə qaragüruhçuluq etmələri qanunla məhdudlaşdırılmalıdır. Biz həqiqətən də müharibə şəraitindəyik və bütün proseslər müharibə qanunlarına uyğun olmalıdır. Əgər pandemiya zamanı insanları hakimiyyət əleyhinə kökləyən, dövləti və xalqı zəlil günə qoymağa çalışan Əli Kərimli kimilər sabah Dağlıq Qarabağın işğaldan azad olunması üçün müharibə başlayanda hansı xəyanətləri edəcəyi indidən bəllidir. Bu səbəbdən də bütün qaydalar sərtləşdirilməlidir, cərimələr artırılmalıdır. Biz gələcəyimizi, xalqımızı, dövlətimizi məsuliyyətsiz, şəxsi mənafeyini düşünən insanlardan və xalqımıza, cəmiyyətimizə, dövlətimizə düşmən kəsilmiş Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimilərdən xilas etməliyik".

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz