Əlaqə Arxiv
news Image
2020.06.30
09:49
| A A A
Beynəlxalq siyasətdə Azərbaycan həlledici söz sahibidir
Prezident İlham Əliyevin təşəbbüsləri dünya miqyasında yeni mərhələ açır

 

Koronavirus pandemiyası müasir dövrün elmi-mənəvi inkişafı fonunda aciz göründüyü qədər də təhlükəlidir. O, primitiv formada yayılır, amma həndəsi silsilə ilə insanlara bədbəxtlik gətirir. İnam onadır ki, cəmiyyətlər virusa insanın timsalında düşüncəli qarşılıq verir. Alimlər, təbiblər, siyasətçilər və sosioloqlar virusun təbiətini öyrəndikcə ona qarşı mübarizə üsullarının da təkmilləşməsi və güclənməsi artır. Ümumi mənzərə belə qənaət yaradır ki, mübarizə forması evolyusion yolla yüksəlir və daim yeni cəbhələrə yol açır. Təbii ki, bütün istiqamətlərdə insan faktoru əsas element kimi çıxış edir.

Pandemiyanın ilk dövründə təcridetmə prosesi insanlarda ciddi həyəcan doğurmuşdu. Hamı təəssüflə bu fəlakətin insanlar arasında ünsiyyətə ciddi zərbə vuracağını söyləyir və təcrübə sona bitməmiş cəmiyyətlərdə güclü fərdiləşmə gedəcəyini bildirirdi. Ancaq hadisələrin gedişi göstərir ki, əslində dünyaməz tarixin müxtəlif dövrlərində rastlaşdığı növbəti sınaq dövründədir və bundan qorxmaq yox, birlikdə mübarizə ilə qurtarmaq olar. Bunun ilk nümunəsinin Azərbaycanın təşəbbüsü ilə meydana çıxması, sadəcə olaraq, bizim üçün qürurverici hadisədir. Türkdilli Dövlətlər Şurasının videokonfrans şəklində pandemiyaya qarşı mübarizə üsullarının müzakirəsi ilk adım ki mi pandemiya tarixinə damğa vurub. Şurasının hazırkı sədri Azərbaycanın belə bir təşəbbüsdə bulunması gündəmə yeni çalarlar gətirib. Ona görə ki, bu bir ilk idi. İlk addım cəsarətli olduğu qədər də səmərəli oldu və bir neçə ölkənin birgə mübarizə aparmaq barədə gəldiyi rəy "biz birlikdə güclüyük" formulunu təsdiqlədi. Qələbə qələbə gətirdi kimi səmərəli təşəbbüslər də yeni təşəbbüslər doğurur. İkinci addım Qoşulmama Hərəkatının üzvləri arasında koronavirusa qarşı həmrəyliyə nail olmaq fikrini doğurdu. Rotasiya qaydasında təşkilata rəhbərlik edən Azərbaycan yenidən irəli durdu.

Yenə də videokonfrans formatında keçirilmiş Zirvə görüşü daha böyük rezonans doğurdu. Dünyanın ikinci ən böyük təşkilatının toplantısında digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ciddiyyətlə iştirak etdilər. Çünki buna böyük sosial tələbat vardı. Pandemiya yorulmaq bilmədən dünyaya hücumlarını davam etdirir və ən güclü zərbələri də ona etinasız yanaşanlara vururdu.

Vəziyyət həqiqətən böhran səviyyəsinə çatmışdı. Qoşulmama Hərəkatının Zirvə toplantısı bu istiqamətdə səylərin birləşdirilməsinin nə qədər əhəmiyyətli olduğunu hamıya sübut etdi. Məlum oldu ki, dünyanın dərdini dünya ölkələri yalnız birlikdə çözə bilər. Birgə tədqiqatlar aparmaq haqda toplantıda gəlinən razılaşma koronavirusa qarşı peyvəndin tapılması tədqiqatlarının sürətlənməsinə səbəb oldu.  Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir.

 

Zirvə toplantısındakı yekun çıxışnda Prezident İlham Əliyev demişdi: "Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə pandemiyadan sonrakı dövr üçün iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız faydalı olardı".

Dövlət başçımızın fikrilərindən aydın görünür ki, səyləri artırmaq işdə uğura aparan yolu asanlaşdırır. Bu da öz növbəsində mübarizədə birgə iştirak edənlərin sırasının genişlənməsi deməkdir. Budur, vaxt gəlib çatıb və dünyanın bütün ölkələrinin pandemiyaya qarşı birləşməsi labüdləşib. Azərbaycan Prezidenti növbəti dəfə yeni təşəbbüslə çıxış edib. Bu dəfə Birləşmiş Millətlər Təşkilatının pandemiyaya qarşı mübarizəyə həsr olunacaq xüsusi sessiyasının çağırılması təklif edilib.

Ekspertlər təsdiqləyirlər ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə keçirilən Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Amma Prezident İlham Əliyevin təşəbbüsü qısa müddət ərzində 130 dövlət tərəfindən təsdiqlənib.

Bu o deməkdir ki, birincisi, təşəbbüs olduqca aktualdır və beynəlxalq hərəkatın tələbləri ilə çulğaşır, ikincisi, Azərbaycan rəhbərinin aktiv beynəlxalq fəaliyyəti öz səmərəliliyi və əhəmiyyəti ilə ciddi şəkildə təqdir olunur. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuz göstəricisidir. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülən zəruri təşəbbüslər hamı tərəfindən qəbul edilir.

Tək bir nüansdan başqa, Ermənistan bu təşəbbüsün əleyhinə səs verib və bununla da beynəlxalq müstəvidə necə bir təklənmiş acınacaqlı durumda olduğunu təsdiqləyib.

N.NOVRUZ

Sizin Reklam Yeriniz