Əlaqə Arxiv
news Image
2020.07.04
08:27
| A A A
Paşinyan çıxılmaz vəziyyətdə-diaspora ondan üz döndərir
Elxan Şahinoğlu: “Düşünmürəm ki, bəzi diaspora nümayəndələrinin Paşinyan əleyhinə çıxmaları Ermənistandakı mövcud hakimiyyətə hansısa bir təsiri olsun”

Ermənistan baş naziri növbəti  ağır zərbəyə məruz qalıb.  Bu dəfə “qırmızı vərəq”i ona diaspora göstərib.  Belə ki, Rusiya mətbuatının yazdığına görə, xaricdəki erməni diasporu indiki baş nazir Nikol Paşinyanı dəstəkləməkdən qəti şəkildə əl çəkiblər.  Siyasi analitik Robert Marqarean  erməni mətbuatına bildirib ki,  diasporanın Paşinyandan üz dönədrməsinin səbəbləri sırasında  ondan və yürütdüyü siyasətdən məyus olmaları dayanır: “Həm Ermənistanda, həm də xaricdə məyusluq açıq-aydın şəkildə görünür.  Erməni diasporası üçərisində Paşinyanın çağırışına cavab verərək, Ermənistana geri dönənlər yoxdur. Paşinyanın başqa ölkələrin rəhbərlərilə son dəfə haçan görüşdüyünün şahidi olmamışam.  O iki dəfə ABŞ-da olsa da ən yüksək səviyyədə qəbul edilmədi. Avropaya səfərləri də adətən işgüzar xarakter daşıyıb.  İki ildə o cəmi iki rəsmi görüşə gedib, İran və Sinqapura.”

Analitikin sözlərinə görə, koronavirusla mübarizədə  Ermənistanda vəziyyət acınacaqlıdır. Hakimiyyət vaxtında virusa qarşı mübarizəyə qalxmadı.

Qeyd edək ki, diasporanın Ermənistana marağı hər zaman aşağı səviyyədə olub.  Paşinyan özünü dünya ermənilərin lideri kimi təqdim etməyə çalışsa da,  soydaşları onu  bu statusda qəbul etmirlər.  Buna nümunə olaraq  Los-Ancels şəhərində keçirilın mitinqi misal göstərmək olar.  Paşinyan keçən ilin sentyabrında bu şəhərdə ermənilərin çoxmilyonluq mitinqini təşkil etmək isətyirdi.  Lakin bu aksiyaya  cəmi bir neçə yüz adam gəldi. Hətta  dəvət edilən lobbi rəhbərləri də aksiyanı boykot etmişdilər.  Yalnız bir nəfər, Adam Şiff gəlmişdi.

Onu da xatırladaq ki, erməni diasporası ABŞ, Fransa və Rusiya kimi ölkələrdə daha güclüdür.  Həmin diaspora ara-sıra bu ölkələrin siyasətinə  təsir göstərmək cəhdlərində bulunurlar.  Hazırkı məqamda  Rusiya Paşinyana qarşı çıxsa da, Qərb isə ona hələlik sözdə də varsa, dəstək verir.  Hər halda görünən odur ki,  diaspora arasında da Paşinyana birmənalı münasibət yoxdur.

Bu vəziyyət onu göstərir ki, Paşinyanı ümumən erməni lobbisi və diasporu da qəbul etmir.   Disporun Paşinyandan imtinası Ermənistanda mövcud hakimiyyətə nə vəd edir?

“Atlas” Araşdırmalar Mərkəzinin  rəhbəri Elxan Şahinoğlu qeyd etdi ki, erməni diasporu Qərb və Rusiya olmaqla iki hissəyə parçalandığından və yalnız ikinci məkanda yaşayan diaspora Paşinyana qarşı çıxdığından onun hakimiyyətinin çökdürülməsi indiki halda mümkün deyil:  “Bu məsələyə iki tərəfdən baxmaq lazımdır.  Çünki, erməni diasporu əslində iki hissədən ibarətdir. Rusiyada olan diaspora və Qərb ölkələrindəki, ABŞ-dakı diaspora.   Rusiyadakı diaspora mümkündür ki, Paşinyana müəyyən qədər tənqidi yanaşsın.  Bu da Paşinyanın Rusiyadan uzaqlaşmağa çalışması, bu istiqamətdə siyasət yürütməsilə bağlıdır.  Digər tərəfdən, Rusiyadakı erməni diasporası Kremllə sıx bağlıdır.  Həmçinin, onlar “Qarabağ klanı”, onun rəıhbərləri Köçəryan və Sarkisyanla daha çox bağlıdırlar.  Eyni sözləri ABŞ və Avropadakı erməni diasporası barədə isə söyləmək olmaz.  Onlar əksinə, Paşinyanı dəstəkləyirlər ki, o Rusiyadan uzaqlaşmaq kursunu daha da sürətləndirsin. Ona görə də düşünmürəm ki,  bütün erməni diasporası Paşinyanla bağlı eyni fikirdə olsun. Yəni heç də bütün erməni diasporu Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı deyil.  Erməni lobbisində vahid fikr yoxdur, ikili yanaşma var.   Bu səbəbdən düşünmürəm ki, bəzi diaspora nümayəndələrinin Paşinyan əleyhinə çıxmaları  Ermənistandakı mövcud hakimiyyətə hansısa bir təsiri olsun.  Vaxtilə, Qərbdəki erməni diasporu Serj Sarkisyana tənqidi münasibət bəsləyirdi.  Amma Rusiyadakı diaspora onu dəstəkləyirdi.  İndi isə tam əksinədir.  Bu müstəvidə də demək olmaz ki, dünya erməni lobbisi Paşinyan əleyhinədir.  Onu qəbul etməyənlər də var, amma çoxluq təşkil etmirlər”.

R. SOLTANOV

 
Sizin Reklam Yeriniz