Əlaqə Arxiv
news Image
2020.07.04
08:04
| A A A
Azərbaycanın təşəbbüsləri dünyanı dolaşır
Ölkəmizin iştirakı ilə həyata keçirilən layihələrə maraq gündın-günı artır

 

İyulun 2-də Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib. Bu, olduqca maraqlı və regional inkişafa xidmət edən layihələrin müzakirəsi üçün cəlbedici bir görüşə çevrilib. Hər üç tərəf qarşılıqlı mənfəətə əsaslanan təkliflər irəli sürüb və fəaliyyətin genişləndirilməsi barədə ümumi razılıq ifadə olunub.

İnsanlar kimi dövlətlərin də inkişaf yolu asan keçmir. Ölkəmizin təşəbbüsü ilə Bakı-Tiflis-Qars dəmiryolunun layihəsi meydana çıxanda onun reallaşmasına qarşı nə qədər xarici təzyiq olduğöunu biz yaxşı xatırlayırıq. Təbii ki, heç kim fikrini açıq demir, sadəcə, bunun mümkünsüz və səmərəsiz olduğunu deyərək maneçilik törətməyə çalışırdı. Ancaq ortada Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və uzaqgörən iqtisadi strategiyası vardı. Dövlət başçısı olan şəxsdə inam hissinin hansı dərəcədə olması çox vaxt həlledici rol oynayır. Çünki, bu cür inam səmərəli risqlərin həyata keçirilməsini stimullaşdırır. Bəli, həmin vaxt xaricdəki erməni lobbilərinin riyakar siyasətləri, bəzi başqa qüvvələrin Azərbaycana həsədindən doğan təxribatçı hərəkətləri bu layihənin risqlər altında başlanmasına səbəb olmuşdu. Hətta Azərbaycandan Gürcüstana verilən faizsiz kreditə də ağız büzənlər vardı. Amma hər şey dəqiq ölçülüb biçilmişdi və böyük uğurla tikilib istifadəyə verildi. Təsadüfi deyil ki, Əfqanıstan prezidenti görüş zamanı BTQ dəmiryolunu nümunə göstərərk deyib ki,  dəmir yolu koronavirus dövründə öz dəyərini sübut etmişdir: “Biz sizin irəli apardığınız beynəlxalq yük daşımalarını icra etmək və sizin təcrübənizi davam etdirmək istəyirik”.

Görüşün Əfqanıstan prezidentinin təşəbbüsü ilə keçirilməsi də təsadüfi sayıla bilməz. Bunu  mövcud reallıqdan doğan bir zərurət kimi qəbul etmək lazımdır. Çünki, bu ölkədə vəziyyəti gərgindir. Siyasi qüvvələrin konsolidisiyasına heç cür nail olmaq mümkün olmur. Əfqanıstanın zəngin potensialı olsa da inkişaf üçün investisiyaya, mükəmməl texnologiyaya və yeni dünyagörüşünə ehtiyacı böyükdür. Buna görə də prezident Məhəmməd Əşrəf Qəni inkişaf strategiyası üçün Azərbaycan yolunun seçilməsini qarşıda bir vəzifə kimi görür. Bu ölkədə etnik azərbaycanlıların yaşaması, dini dünyagörüşünün eyniliyi, habelə müasirliyə və inkişafa canatma tendensiyası ölkələrimizin qarşılıqlı əməkdaşlığını şərtləndirən amillərdir.

Azərbaycanla Əfqanıstan arasında ümumi sərhəd xətti yoxdur. Buna görə də üçüncü ölkə ilə birlikdə nəqliyyat strukturunun yaradılması daha məqsədəuyğundur. Artıq qardaş Türkmənistanla bu istiqamətdə qarşılıqlı əməkdaşlıq getdikcə genişlənir və fayda gətirir. 2018-ci ildə istifadəyə verilmiş BTQ ilə yükdaşımaların həcmi hər il təqribən 30 faiz artır.ş Bu çox yüksək sürətdir və bu səbəbdən dəmiryola olan tələbat da artır. Cənub-Şərqi Asiya  və Avropa ölkələri tədricən bu xəttə inamlarını ifadə etməyə başlamışlar. Ölkələrarası əlaqələndirici rol isə Azərbaycanın üzərinə düşür. Bu, təkcə coğrafi yerləşmə amilinə deyil, həm də Azərbaycanda son 16 ildə yaradılmış nəqliyyat infrastrukturunun kamilliyinə və keyfiyyətinə görədir.

Əfqanıstanın xarici investisiyalara ehtiyacı olduqca böyükdür. Üçtərəfli görüşün əsas məqsədlərindən biri də Azərbaycanın və Türkmənistanın simasında investorların formalaşmasına nail olmaq idi. Buna görə də M.Ə.Qəni ölkəsinin malik olduğu təbii resurslardan bəhs etməklə yanaşı qonşu qardaş ölkələrinin iş adamlarını Əfqanıstana dəvət etdi. Həqiqətən bir neçəəsrdir ki, Əfqanıstan uğrunda iri dövlətlər arasında müharibə gedir. Məqsəd ölkəni istila etmək və onun sərvətlərini daşıyıb aparmaqdır. Lakin hələ heç bir dövlətə bu ölkəni tam əsarət alrına almaq müyəssər olmayıb. Tarixi təhlil sübut edir ki, əfqan xalqını bütün sərvəti və mədəniyyəti ilə birlikdə xoş niyyətlə fəth etmək olar, amma istila etmək mümkün deyil. Əşrəf Qəninin  Azərbaycanla iş birliyinə böyük önəm verməsi qarşı tərəfin yalnız qarşılıqlı mənfəət əsasında əməjdaşlıq etməsinə dair olan etibardır. Həqiqətən inkişaf etməkdə olan şərti olaraq üçüncü dünya dövlətləri adlandırılan ölkələrin Azərbaycandan öyrənməli olduqları zəngin təcrübə toplanıb. Məsələn, “ASAN Xidmət” layihəsi bu ölkədə tətbiq edilməyə başalnılıb və Azərbaycan bu işdə əfqan xalqına yaxından kömək edir. Əfqanıstan Azərbaycandan neft alır. Öz məhsullarını Azərbaycana və ölkəmizdən keçməklə Avropaya nəql edir.

İndi Əfqanıstanda 5 min kilometrlik dəmiryol xəttinin çəkilməsinə ehtiyac var. Bu çox iri layihədir. Əməkdaşlıq üçün yeni, əlverişli sahədir və bu ölkə Azərbayacnın həm dövlət, həm də özəl sektorundan olan sahibkarları bu layihədə çalışmağa dəvət edir.

Görüşdə elmi-texniki əməkdaşlığın və pandemiyaya qarşı mübarizənin birgə genişləndirilməsi barədə də dövlət başçıları arasında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidentinin təklifi ilə hökumətlərarası işçi qrupunun yaradılması fikri irəli sürülüb və qəbul edilib. Azərbaycan-Türkmənistan-Əfqanıstan üçlü formatı Avropa və Asiyanın qovuşuğunda yeni əməkdaşlıq üçbucağının təməli, demək olar ki, artıq bu görüşlə qoyulub. Çox keçməz azərbaycanlı iş adamlarının bu ölkəyə yeni sərmayələr qoyması əlaqələri daha da gücləndirər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz