Əlaqə Arxiv
news Image
2020.07.07
09:46
| A A A
Radikalların iflası sürətlənir
Aydın Quliyev: “Özlərini siyasi dialoqdan kənar qoyan radikal müxalifət bununla dövlət idarəçiliyi prosesində birbaşa və dolayı iştirakdan da kənarda qalacaq” Azər Həsrət: “Radikal müxalifətin özünü dialoq mühitindən kənara çəkməsi onu göstərir ki, onlar özlərinə əmin deyil”

 

Ölkədə konsrtuktiv müxalifətlə hakimiyyət arasında təmas və dialoq davam edir.  Bu istiqamətdə artıq ikinci addım atılır. Belə ki, Prezident Administrasiyasının müvafiq qurumu ilə bir sıra müxalif partiya rəhbərlərinin növbəti görüşü baş tutub. Həmin görüşə gələn müxalif partiya liderlərinin açıqlamaları da göstərir ki, iqtidarla onun opponentləri arasında konstruktiv dialoq  daha geniş vüsət almaqdadır. Amma radikal müxalifət məqsədli şəkildə özünü prosesdən kənarda qoyub. Onlar yenə də müxtəlif əsassız bəhanələrlə təmaslardan, dialoqdan qaçırlar.

Politoloq Aydın Quliyev bildirdi ki, siyasi proseslərdən kənarda qalan radikal müxalifət bununla özlərinin iflasını sürətləndirəcək: "Ümumiyyətlə, başlanmış siyasi dialoq Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi məqsədini güdür. Siyasi sistemin təkmilləşməsi isə ölkədəki bütün siyasi qüvvələrin həmin prosesə cəlb olunmaları ilə bağlıdır.

Təbii ki, mövcud siyasi qüvvələrin hamısının bu siyasi prosesdə iştirakı siyasi sistemin təkmilləşdirilməsi hədəfinə daha yaxşı yönlənməyə təkan verə bilər. Amma təəssüf ki, ölkənin radikal müxalifəti prosesə o qədər də ürəkdən qoşulmur. Müxtəlif bəhanələr, dağıdıcı addımları ilə prosesdən kənarda qalmağa üstünlük verirlər. Radikal müxalifət də başlanan prosesə qoşulsaydı, daha böyük nəticələrdən danışmaq olardı.  Amma bir halda ki, radikal müxalifət özünü prosesdən kənara çəkib və tutduğu inadkar, inkarçı mövqeyilə özünü kənarda qoyur, onda prosesin gələcəyi üçün məsuliyyətin böyük hissəsi məhz həmin radikal qüvvələrin üzərində dayanır.

Bütün hallarda radikal müxalifətin iştirakı olmadan da başlanan proses bəlli və pozitiv sonluqlara gətirib çıxaracaq. Ən azından ölkənin siyasi sistemi yenilənir və yenilənməkdə davam edəcək. Yeni-yeni siyasi partiyaların qeydiyyatı prosesi gedir. Bəzi mövcud partiyalar təkrar qeydə alınır. Qeydə alınan siyasi partiyaların ölkənin siyasi həyatında iştirakı artır. Hətta son parlament seçkilərindən sonra Milli Məclisə düşənlər, burada bir sıra rəhbər orqanlarda təmsil olunan müxalifət partiyaları və onların nümayəndələri də var. Ehtimal ki, növbəti seçkilərdə də siyasi prosesə qatılan partiyaların aktiv iştirakının şahidi olacağıq.

Bu fonda özlərini siyasi dialoqdan kənar qoyan radikal müxalifət isə bununla tək siyasi proseslərdən deyil, dövlət idarəçiliyi prosesində birbaşa və dolayı iştirakdan da kənarda qalacaqlar.  Siyasi proseslərdən kənarda qalan siyasi təşkilatın perspektivindən danışmaq isə ümumiyyətlə mümüknsüzdür.  Bu halda onun  xalqla, cəmiyyətlə, ən yeni kütlələrlə əlaqəsi faktiki şəkildə itmiş olur".

Siyasi icmalçı Azər Həsrət bildirdi ki, radikal müxalifət zatən iflasın dibindədir: "Radikal müxalifətin  özünü dialoq mühitindən kənara çəkməsi onu göstərir ki, onlar özlərinə əmin deyil. İqtidar bütün siyasi qüvvələri danışıqlar masasına dəvt edir. Belə şəraitdə dövlətin, xalqın mənafeyini düşünən hər bir siyasi qüvvə prosesdə iştirak etməlidir. Amma azsaylı radikal kəsim bu cür danışıqlardan qaçır. Çünki özlərinə inanmırlar. Radikallar bununla həmçinin konstruktivlik nümayiş etdirmir.

Sadəcə olaraq, insanları qızışdırmaq, əsassız ittihamlarla çıxış etməklə öz mövcudluqlarını qoruyurlar. Bu müstəvidə radikal müxalifətdə iflas etməli bir şey də qalmayıb. Hansısa ciddi siyasi qüvvə iflas edə bilər.  Onlarda isə bu ciddiyyət də qalmayıb.

Zatən iflasın dibindədirlər.  20 il əvvəl meydana 50-100 min çıxara bilirdilərsə, bu gün o qüvvələrdən məhrumdurlar. Cəmiyyətdə onlara inam 20 il öncəkindən xeyli aşağı düşüb".

R. SOLTANOV

Sizin Reklam Yeriniz