Əlaqə Arxiv
news Image
2020.07.09
14:29
| A A A
Minsk qrupuna göstərilən etimad limiti tükənir
Bu gedişlə qrupun vasitəçilik missiyasından imtina istisna edilmir

ATƏT-in Minsk qrupunun vasitəçiliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indiyə qədər hansısa ciddi effekt vermədi. Bundan sonra da fəaliyyət indiki templə davam edərsə, ciddi nəticə gözləmək mümkün deyil. Bu isə qrupdan Azərbaycanın narazılığını artırır.

Bu arada xatırladaq ki, ötən ayın sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə videokonfrans formatında görüşü baş tutub. Bir saat davam edən videokonfransda tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə edib. Amma əldə edilən məlumatlar, verilən rəsmi açıqlamalar bu qənaətə gəlməyə əsas verir ki, görüş münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində hansısa müsbət bir nəticənin əldə ediləcəyinə ümid yaratmır.

Qeyd edilən xüsusda Azərbaycan tərəfi ən yüksək səviyyədə açıq mövqe bildirir və bu gedişlə savaş hüququndan istifadəni istisna etmir. Hər halda, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində dedikləri də bunu təsdiq edir. Preizdent bildirib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir: “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir”. Minsk qrupundan narazılığını bildirən dövlət başçısı konkret bəyanat və faəliyyət yoxluğunda aprel döyüşlərinin təkrarlana biləcəyinə dair də açıq mesajlar verib: “O ki qaldı, Minsk Qrupunun bəyanatına, biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk Qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk Qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk Qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik”. Bu fikirlərdən aydın görünür ki, Azərbaycan Minsk qrupunun həmsədrlərindən konkret hərəkət gözləyir. Bu hərəkət olmasa, Azərbaycan güc variantından istifadənin də onun beynəlxalq miqyasda təsbit edilmiş hüququ olduğunu bildirir.

Milli Məclisin deputatı Könül Nurullayeva məsələ ilə bağlı qeyd edir: "Ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyi imkan verir ki, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda, o cümlədən son vaxtlarda daha konkret ifadələr işlədir, qərarlar, qətnamələr qəbul edirlər. Bu da münaqişənin həlli ilə bağlı hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Yaranmış vəziyyət Ermənistanda təşvişlə müşahidə olunur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, məhz Münhen Təhlükəsizlik Konfransında dövlət başçımızın məlum çıxışından sonra Ermənistanda Kürəkçay sülh müqaviləsini əzbərləyirlər. Bu faktların fonunda bir məsələ də diqqət çəkir- Vasitəçilərin Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” iddiasına hələ də reaksiya verməməsi. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, əslində Paşinyanın bu sayıqlaması Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir.

Məlumdur ki, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişməyə cəhd göstərir. Separatçılıq mahiyyətindən əl çəkməyərək, prosesə qondarma Dağlıq Qarabağın qondarma nümayəndələrini də cəlb etmək istəyir. Lakin həmsədrlər işğalçının bu separatçı mövqeyini tənqid etməkdən, ona təzyiq göstərməkdən çəkinir.  Halbuki  məhz vasitəçilər tərəfindən buna adekvat cavab verilməlidir.

Rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Vasitəçilər də yaxşı görür ki, Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətinə istinad edir. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” ifadəsi isə danışıqların mahiyyəti ilə ziddiyyət təşkil edir. Bu, açıq şəkildə danışıqların formatını dəyişmək cəhdidir.

Paralel olaraq, separatçı Dağlıq Qarabağda seçki şousu keçirilir, saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Ermənistanın bu təxribatçı davranışına seyrçi mövqedə qalmaqla işğalçının arxayınlaşaraq daha böyük təhlükəyə çevrilməsinə zəmin yaradırlar. Əslində, məhz bu təxribatçı addımlarla bağlı Ermənistana xəbərdarlıq olunmalı, işğalçı bu təxribatına görə cavabdehlik daşıdığını dərk etməlidir.

Cənab Prezidentin də qeyd etdiyi kimi, ATƏT MQ həmsədrlərinin bəyanatında əsas tezis odur ki, hərb variantı mümkün deyil. Amma unudurlar ki, BMT-nin Nizamnaməsində  ölkələrin özünümüdafiə hüququ təsbit olunub. Bu gün Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Son 10 il ərzində Ermənistan Suriyadan və digər yerlərdən gətirdikləri erməniləri işğal altındakı ərazilərimizdə zorla yerləşdirir. Paralel olaraq məqsədli şəkildə Azərbaycan şəhərlərinin tarixi adları dəyişdirilir. Amma bu saxtakar əməllərə reaksiya yoxdur. Belə olan halda təbii ki, işğalçının təxribatçı davranışları intensiv xarakter alır. Nəticə etibarı ilə danışıqlarda durğunluq müşahidə olunur, son vaxtlar münaqişə tərəfləri arasında keçirilən videokonfranslar danışıq xatirinə danışığı xatırladır. Amma Azərbaycan Prezidenti dəfələrlə bəyan edib, rəsmi Bakı danışıqları imitasiya üçün aparmaq niyyətində deyil. Danışıqlar masasında təcavüzkarla işğala məruz qalan arasında fərq qoyulmalı, bu dialoq “status-kvo”nun dəyişdirilməsinə xidmət etməklə münaqişənin həllində pozitiv dinamika yaratmalıdır".

E. ABUŞOVA

Sizin Reklam Yeriniz