Əlaqə Arxiv
news Image
2020.07.14
08:15
| A A A
Düşmənin cəbhə təxribatlarını Ayasofya məscidi ilə nə əlaqələndirir?!

Ekspert: “Din və pandemiya çox çirkin geosiyasətə səbəb olur”

Məlumdur ki, Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib. Bildirilir ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı bildirib: “Ayasofya məscidindən necə istifadə etmək Türkiyənin suveren haqqıdır. Hər kəsi Ayasofya qərarına sayğı göstərməyə dəvət edirəm. Bu məscid iyulun 24-də Cümə namazının qılınması ilə ibadətə açılacaq”. Beləliklə, 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Ayasofya 86 ildən sonra yenidən müsəlmanların ibadət hüququna qaytarılıb. İndi Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Ayasofya ilə bağlı olduğuna dair də fikirlər səslənir. ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Tovuzda baş verən son hadisələri şərh edərkən deyib: “Ermənistanın Tovuzda törətdiyi təxribatın Türkiyə Prezidentinə mesaj olduğunu düşünürəm”. Politoloqun sözlərinə görə, təxribatın Aya Sofya ilə bağlı qəbul edilən məlum qərardan dərhal sonra baş verməsi təsadüfi deyil: “Məhz ertəsi gün dondurulmuş münaqişənin buzlarının bu səviyyədə açılmasına cəhd böyük geosiyasi oyun nümunəsidir. Bu mədəni abidənin mahiyyətinin dəyişdirilməsindən məmnun olmayan həmin qüvvələr İrəvan vizyonu ilə ziddirlər. Əlbəttə, daxili amillər də var, amma əsas hərəkətverici qüvvə kimi bu məsələni görürəm. Türkiyə Prezidentinin bu güc nümayişinə qarşı olan şəxslər ona mesaj göndərmək istəyib. Din və pandemiya çox çirkin geosiyasətə səbəb olur”.

Məşhur türk hərbi ekspert Abdullah Ağar isə “axar.az” portalına açıqlamasında qeyd edib: “Ermənilər Tovuzda əvvəlcə artilleriya ilə atəş açaraq, daha sonra isə sızmağa cəhd edərək qardaşlarrmıza qarşı xain hücum həyata keçirdilər. Ermənilərin bu təxribatının arxasında Ayasofya məsələsi dayanır. Bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin cavab reaksiyası çərçivəsində bəzi yerlər ələ keçirildi. Bəs ermənilər bunu niyə etdi? Bu suala veriləcək bir çox cavab var. Ancaq məncə, hazırda ermənilər üçün ən önəmli nöqtə həm etnik, həm də məzhəbi bir həssasiyyət törədən və onlarda travma yaradan, hətta onları həddən artıq təhrik edən Ayasofya məsələsidir. Çünki hazırda ermənilərin azərbaycanlı qardaşlarımıza bu şəkildə hücum etməsinə heç bir səbəb yoxdur. Doğrudur, zaman-zaman sərhəddə bu kimi qarşıdurmaların şahidi oluruq, ancaq həm ağır silahlarla hücum etmək, həm də sızlamağa cəhd etmək üçün ermənilərin hazırda heç bir səbəbi yoxdur”.

Ekspert vurğulayıb ki, ermənilərin Türkiyə ilə bağlı son dərəcə böyük ehtirasları və bu ehtirasın meydana gətirdiyi hədəflər var: “Təbii ki, Ayasofya da bunların içindədir. Türkiyənin Ayasofyanı məscidə çevirməsi erməniləri təhrik edib. Düşünürəm ki, məhz bu məsələ düşmənin Azərbaycan Ordusunun mövqelərinə hücum etmələrinə səbəb ola bilər”. A.Ağar bildirib ki, bu döyüşlərin 2016-cı ildə yaşanan aprel hadisələrinin təkrarı olması Azərbaycan Ordusundan asılıdır: “Bir həqiqətin altından xətt çəkmək lazımdır: Hazırda Azərbaycanın Qarabağı və ətraf yeddi rayonu erməni işğalı altındadır. Bu təxribatın işğala son qoyulması ilə bağlı addımların atılması baxımından da bir səbəb olacağını düşünürəm. Çünki nəticədə o torpaqlarda yaşayan insanlarımız qaçqın olmağa məcbur edildilər, vətənlərini, yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Onların yenidən vətənlərinə geri dönməsi və Dağlıq Qarabağ başda olmaqla, yeddi rayonun yenidən Azərbaycanın tərkibinə qatılması böyük önəm daşıyır”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da məsələyə münasibət bildirib və qeyd edib ki, yaxşı olar, Ermənistan ağlını başına yığsın! Çavuşoğlu bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır: "Ermənistan xaincəsinə hücum etdi və 4 azərbaycanlı qardaşımız şəhid oldu. Buradan görürük ki, Ermənistan xüsusilə yeni münaqişə zonaları yaratmaq istəyir. Bu günə qədər onlar siyasi həll yoluna yanaşmayıb. Ermənistanın törətdiyi qəbuledilməzdir. Azərbaycan yalnız deyil. Bu gün Azərbaycan Xarici İşlər nazirinə zəng edəcəm və müzakirələr aparacağıq”.

Elnurə ABUŞOVA

 

Sizin Reklam Yeriniz