Əlaqə Arxiv
news Image
2020.07.14
08:43
| A A A
Azərbaycan yenə lider mövqedədir
“Həyata keçirilən islahatlar həm iqtisadiyyatın inkişafında dayanıqlığın təmin edilməsinə imkan yaradır, həm də sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır”

Məlumdur ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bu indeksə görə Azərbaycan regional liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi sahələrdə BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib və bu indeksin mümkün 100 balından 72,6-sını toplayıb.

Azərbaycanın hesabatdakı mövqeyini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə dünyada

193 ölkə arasında 70-ci, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında ilk üçlükdə qərarlaşıb: “Hesabatda ölkələr elektron hökumətin inkişafı indeksinə görə ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdiriliblər. Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə yüksək qrupa aid edilib. Hesabatda xüsusi olaraq vurğulanıb ki, ölkəmiz ən yüksək qrupa keçməyə real namizəddir.

Ölkəmiz bu reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 0,66-dən 0,71-ə qədər yüksəltməyi bacarıb. Hansı ki, indeks 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda elektron hökumətin inkişafı indeksi 0,71 olmaqla, orta dünya göstəricisi – 0,6-dan 11 bənd yüksəkdir. Elektron hökumətin inkişaf indeksinə görə Azərbaycan yerləşdiyi Asiya bölgəsinin malik olduğu 0,64 həddində olan orta göstəricini də 7 bənd qabaqlayır.

Azərbaycanda yaradılmış “Elektron Hökumət” informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə qeyri-rezidentlərə dünyada ilk dəfə olaraq mobil və elektron imza verməklə dünyanın istənilən nöqtəsindən dövlət xidmətlərini əlçatan edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan ASAN brendinin ardınca, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq və sosial müdafiə üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Prezident İlham Əliyevin rəhbərliyilə aparılan “Doing Business” islahatları, o cümlədən, lisenziya və icazələr, biznesə başlama, komunal xidmətlər, dövlət satınalmaları, vergi, gömrük, xarici ticarət, məhkəmə-hüquq və s. sahələrdə əldə olunan nailiyyətlər elektron hökümətin güclənməsinə zəmin yaradıb".

Bu gün Azərbaycanda elektron kənd təsərrüfatı, elektron təhsil, elektron səhiyyə, elektron bankçılıq, elektron sosial xidmətlər, elektron viza və s. təşəbbüslər həyata keçirilir. Nəticədə ölkəmiz BMT-nin hesabatında qiymətləndirilən 20 xidmətin əksəriyyətini on-line təqdim edə bilir:

"BMT-nin hesabatında onlayn xidmətlərin inkişafını göstərən indeks (OSİ) üzrə ölkələri qruplaşdırarkən, Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə “yüksək indeksli” dövlətlərin qrupuna daxil edilib. Azərbaycan elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta Rika, Çexiya kimi dövlətlərlə birlikdə “yüksək liqa”ya aid olunub. Azərbaycanda yaradılan “İdeya Bankı” elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilmişdir. Vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə yol açmaqla yanaşı, dövlətin qərar qəbul etməsi prosesində bilavasitə iştirak edirlər. Rəqəmsal hökumət vətəndaş-mərkəzlidir, ictimai iştirakçılığa şərait yaradır və data əsaslı qərar qəbuletməni təmin edir".

Azərbaycanda elektron hökumətin inkişafının “ən yüksək liqa”ya keçməsi üçün telekommunikasiya infrastrukturu və insan kapitalının inkişafı istiqamətində fəaliyyətlər daha da sürətləndirilməlidir: "Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyur. BMT, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CİSCO, VİSA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər. Azərbaycanın “ağıllı dövlət” (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.

Son 10 gündə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ərəfəsində - əvvəlcə BMT-nin davamlı inkişaf məqsədləri indeksi, sonra isə elektron hökumət indeksi üzrə Azərbaycanın öncül mövqelərdə qərarlaşması böyük önəm kəsb edir".

İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov isə bildirir ki, bu gün Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Təsadüfi deyil ki, bu göstərici BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində əksini tapdı. Faktiki olaraq ölkəmizin indeksi “davamlı inkişaf indeksi” ilə göstərilir. Ekspert bildirib ki, BMT-nin “Davamlı inkişaf hesabatı” dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir: “Nəzərə alaq ki, bu hesabat hazırlanan zaman fərqli indiqatorlardan istifadə olunur. Belə ki, həm iqtisadi, həm də sosial sahədə aparılan islahatların nəticəsi kimi makro və mikro iqtisadiyyatda baş verən dəyişikliklər həmin hesabatda əksini tapır. Sevindirici haldır ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qiymətləndirilib. Şübhəsiz, bu göstərici ilə Azərbaycan regionun lider ölkəsidir. Faktiki olaraq biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda Azərbaycanın göstəricisi öz regionundan əlavə, Mərkəzi Asiya və Şərqi Avropa ölkələrindən də yüksəkdir”.

V.Bayramovun sözlərinə görə, davamlı inkişaf indeksi üzrə Azərbaycanın mövqeyinin daha da yaxşılaşması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsində baş verib: “Həyata keçirilən islahatlar həm iqtisadiyyatın inkişafında dayanıqlığın təmin

edilməsinə imkan yaradır, həm də sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. 2019-cu ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, eləcə də rəhbərliyi ilə iki sosial paket tətbiq olundu, bu paketlər minimum əmək haqqı məbləğlərinin təxminən iki dəfəyə yaxın artımı ilə nəticələndi. Görülən işlərin nəticəsi isə bu gün BMT-nin “Davamlı inkişaf hesabatı-2020” sənədində öz əksini tapdı”.

“Mövqe”

Sizin Reklam Yeriniz