news Image
2012.05.14
19:46
| A A A
ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona son səfərlərinin yekunlarına dair birgə bəyanatla çıxış ediblər.

APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, həmsədrlər mayın 11-14-də Bakı və İrəvana səfər edib, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sərkisyanla görüşüblər. 

"Həmsədrlər tərəflərlə prezidentlər Əliyev və Sərkisyanın yanvarın 23-də Soçidə qəbul etdikləri öhdəliklərin reallaşması, o cümlədən münaqişənin sülh yolu ilə nizamlanmasının əsas prinsiplər üzrə razılaşmanın əldə edilməsi prosesini sürətləndirmək, atəşkəs rejiminin pozulmasının qarşısını almaq mexanizmləri üzərində işləmək, humanitar əlaqələri inkişaf etdirmək kimi məsələlərlə bağlı müzakirələr aparıblar. Həmsədrlər qoşunların təmas xəttində baş verən son insidentlərlə bağlı narahatlığını bildirib və tərəfləri təmkinli davranmağa və qisasçılıqdan çəkinməyə çağırıblar. Həmsədrlər tərəflərin münaqişənin sülh yolu ilə həllinə sadiq qalmasını alqışlayırlar". 

Bəyanatda bildirilir ki, vasitəçilər tərəflərlə 1994-cü ildə əldə olunmuş atəşkəs haqqında razılaşmanın möhkəmləndirilməsi və qarşılıqlı inamın gücləndirilməsi üçün hərbi və humanitar sahələrlə qarşılıqlı etimad mühitinin formalaşdırılması məsələlərini müzakirə ediblər. Bundan başqa həmsədrlər münaqişə həllini tapana kimi risk zonasında yerləşən, Azərbaycan və Ermənistana məxsus mədəni və tarixi irsin mühafizə olunmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bəyanatda qeyd olunur ki, vasitəçilər hər iki ölkənin xarici işlər nazirləri ilə müzakirələri yaxın gələcəkdə davam etdirməyi planlaşdırırlar.