Əlaqə Arxiv
news Image
2020.08.06
09:09
| A A A
Minsk qrupunu Qarabağ məsələsində BMT əvəzləyə bilər
Elxan Şahinoğlu: “BMT münaqişənin həllində daha fəal mövqe tuta bilər, amma istəyi yoxdur”


Son zamanlar Azərbaycan-Ermənistan sərhədində gərginləşən vəziyyət fonunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesilə bağlı olan və olmuş bu və ya digər  konfliktlə bağlı öz fikirlərini tez-tez bölüşməyə başlayıblar. Bu günlərdə mətbuata açıqlamasında  ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland bildirib ki, BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır  və Minsk qrupu işinin öhdəsindən gəlmir.  Onun fikrincə Dağlıq Qarabağ münaqişəsi BMT məsələsinə çevrilməlidir.
Onun sözlərinə görə, ən yaxşı niyyətləri olmasına, iştirakçı tərəflərin və Rusiya kimi böyük bir gücün dəstəyi olmasına baxmayaraq, Minsk qrupu, sadəcə, öz vəzifəsinin öhdəsindən gələ bilmir. Buna görə də Hoqland hesab edir ki, BMT prosesə aktiv şəkildə qoşulmalıdır: "Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaqdır. Sonradan, illər sonra, emosiyaların sakitləşəcəyi vaxtda hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcək üçün istəklərini ifadə edə bilərlər”.
R.Hoqland münaqişənin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, müəyyən həll yollarını təklif edən Madrid prinsipləri əsasında həll edilməsinin zəruriliyini diqqətə çatdırıb. 30 ilə yaxındır ki, münaqişənin tənzimlənməsinə cavabdeh olan ATƏT-in Minsk qrupu bu illər ərzində çözüm istiqamətində  hər hansı bir real addım atmayıb. Onun yeganə məqsədi atəşkəsin qorunmasına nail olmaq olub. Konfliktin həllinə nail olmaq üçün bu prosesə əngəl olan işğalçı Ermənistana isə bu illər ərzində “gözün üstə qaçın var” deməyiblər.  Bu fəaliyyətsizliyin nəticəsi olaraq, münaqişə çözülməmiş qalır. BMT-yə gəldikdə, qurumun 1993-cü ildə qəbul etdiyi 4 qətnamə də bu günə qədər icra olunmayıb. Buna baxmayaraq, ötən illər ərzində BMT bir dəfə də olsun həmin qətnamələrin nədən icra olunmamasına baxmayıb. Hər halda, bir sıra yerli və xarici ekspertlər düşünür ki, BMT Qarabağ məsələsində daha aktiv mövqe tutsun. BMT Qarabağ məsələsində daha fəal mövqe tuta bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öncə onu bildirdi ki, Hoqland həmin fikirləri indi deyil, həmsədr postrunda işlədiyi dövrdə ortaya qoymalı idi: “İlk növbədə ondan başlayaq ki, Riçard Hoqland ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olub. Belə bir fikri var idisə, gərək işlədiyi dövrdə onu dilə gətirirdi. İndi deyir ki, bu məsələdə Minsk qrupu əlacsızdır.
Problemin həllində əlacsız olduqlarını və proseslə BMT-nin məşğul olmasını gərək işlədiyi dövrdə etiraf edərdi. On ildən çoxdur qeyd edirik ki, ATƏT ortaya mövqe qoya bilmir və bu işlə BMT məşğul olsa yaxşı olar”. Politoloqa görə, Dağlıq Qarabağ heç zaman BMT-nin protektoratlığı altında olmamalıdır: “Bu o demək deyil ki, problemin həllində BMT-nin fəal olmasnı istəyərkən deməliyik ki, Dağlıq Qarabağ həmin qurumun proktektoratlığı altına düşsün. BMT-də yüzlərlə dövlət fəaliyyət göstərir və burada təmsil olunanların hərəsinin öz marağı var. Belə olan halda, BMT bölgəni necə idarə edəcək?  Bu həll yolu heç də dorğu yol deyil. Hoqland da öz fikrini bildirib. Onu indiki halda ciddi vəzifəsi də yoxdur. Sadəcə qəribəsi odur ki,  Minsk qrupunun əlacsız olduğunu indi niyə etiraf edir? Daha əvvəlki dövrlərdə niyə susurdu?  Azərbaycanın da əsas tələbi odur ki, indiki format münaqişənin həlli prosesində acizdir, format dəyişdirilməlidir.  Minsk qrupunun 11 üzvü yenidən toplanmalıdır. Tələbimiz bundan ibarətdir”.
E. Şahinoğlunun fikrincə, əslində Hoqlandın öz əlacsızlığını etiraf etməsi Azərbaycan tərəfinin haqlı olduğunun göstəricisidir. Həmsöhbətimiz onu da qeyd etdi ki, BMT münaqişənin həllində daha fəal mövqe tuta bilər, amma istəyi yoxdur: “Hər dəfə bu məsələ qaldırılanda BMT-dən deyirlər ki, bu işlə ATƏT məşğul olur. Halbuki BMT-nin özününproblemlə bağlı 4 qətnaməsi var. BMT-nin özünün də necə struktur olduğunu yaxşı bilirik. Belə baxanda, onun hansı qətnamələri işləyib ki. İndiki vəziyyətdə, nə BMT, nə də ATƏT problemi həll edə bilməyəcək.  Azərbaycan özü məsələnin həllinə çalışmalıdır.  Türkiyə də ölkəmizə dəstək verməyə hazırdır.  Fikrimcə, BMT və ATƏT-ə ümid etmədən öz məsələmizi özümüzün həll etməsi şəraiti yetişib”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz