Əlaqə Arxiv
news Image
2020.08.07
09:30
| A A A
Azərbaycanın Ermənistan üzərində hərbi diktəsi güclənir
Düşmən iqtisadi zəiflikdən daralmış imkanları çərçivəsində sözə güc verib

Ermənistan başqalarının əlində bir alət olaraq öz strateji məqsədlərinə çatmaq üçün nagümanlıq içərisində vurnuxur. Qarabağ cəbhəsindən uzaq məsafədə dövlət sərhədimizin pozulması ilə törədilmiş təxribatdan sonra ermənilər bir daha anlayıblar ki, güc vasitəsilə məqsədlərinə nail ola bilməyəcəklər. Bu nəticəni son döyüşlər zamanı canlı və hərbi texnika sarıdan bizdən dəfələrlə çox itki verən düşmən ölkənin politoloqlarının, siyasi və iqtisadi ekspertlərinin vəziyyəti şərh edən məqalələrindən aydın görmək olar. Onları qorxu içərisində saxlayan amillərdən biri Azərbaycanın öz hərbi gücünü durmadan artırmasıdır.
Məhz, Tovuz təxribatından sonra keçirilən Azərbaycan Nazirlər Kabinetinin 2020-ci ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu məsələdən danışan Prezident İlham Əliyev bildirib ki, hərbi büdcənin artırılması istiqamətində addımlar atılacaq: “Bölgədə gedən prosesləri və son hadisələri nəzərə alaraq biz öz hərbi xərclərimizə də yenidən baxmalıyıq.

İstisna edilmir ki, Ermənistan onlara vurulmuş böyük zərbədən və məruz qaldığı vəziyyətdən istifadə edərək, bundan bəhanə düzəldərək növbəti təxribata əl atsın. Onu da bildirməliyəm ki, mənə verilən operativ məlumata görə, Qarabağ bölgəsində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən fəallaşma müşahidə olunur. Azərbaycan Ordusu vəziyyətə tam nəzarət edir və bundan sonra da nəzarət edəcək. İstisna edilmir ki, yeni təxribatlar törədilə bilər. Ona görə biz həm hərbi xərclərimizə yenidən baxmalıyıq və xüsusilə, gələn ilin büdcəsində orduya nəzərdə tutulan xərclər ordumuzun təminatını tam görməlidir. Mən demişəm, ordumuzun inkişafı üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq”.
Artıq uzun illərdir ki, Cənubi Qafqaz ölkələri arasında dövlət büdcəsində hərbi xərclərin həcminə görə Azərbaycan birinciliyi əlində saxlayır. Bu tendensiya bu il daha da güclənib: 2020-ci ilin dövlət büdcəsi xərclərinin 3 milyard 853,6 milyon manatının müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Yəni, ötən ilə nisbətən bu il orduya ayrılan xərclər 666 milyon manat və ya 20,9 faiz artırılıb. Qeyd edək ki, Gürcüstanın hərbi xərcləri bu il 510 milyon manat, Ermənistanın hərbi xərcləri isə 1 milyard 71 milyon manatdır. Demək, biz qonşu Gürcüstandan 6 dəfə, düşmən Ermənistandan 3 dəfədən çox hərbi büdcəyə malikik.
Bəzi ekspertlər neftin qiymətinin dünya bazarında düşməsi ilə əlaqədar düşünə bilərlər ki, Azərbaycanın möhtəşəmlik dövrü keçib gedəcək. Lakin, belə fikir haqda düşünmək belə böyük yanlışlıqdır. Çünki bizim kifayət qədər iqtisadi potensialımız, işlək iatisadi strukturumuz və güclü təbii ehtiyatlarımız, insan resurlarımız var. Azərbaycanın geri dönməsi üfüqdə ehtimal olunan məsələ deyil.
Bəs, belə bir üstünlüyün fonunda Ermənistanda vəziyyət necədir? Erməni siyasi ekspert Aram Amatuni yazır ki, bu gün Ermənistanın siyasi inkişaf əqrəbi geri fırlanır. Onun fikrincə, bizim Tovuz rayonu ilə sərhəddə yerləşən Tavuş rayonu istiqamətdən hadisələrin inkişafı (ermənilər törətdikləri təxribatı “hadisələrin inkişafı” kimi xarakterizə edirlər-qeyd bizimdir) milli məsələlərin həlli baxımından lakmus kağızı timsalında tost mənası daşısa da, cəmiyyətə siyasi meyarlar üçün presedentsiz çıxış nöqtəsini göstərib. Ekspert bu çıxış nöqtəsini milli birlikdə görür. Çünki Azərbaycanın gücü qarşısında zəifliklərini aydın dərk edir.
Situasiya ehtimal edir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqlik niyyəti tezliklə daha güclü müqavilələrlə möhkəmlənəcək. Bundan başqa iki ölkənin hərbi sənayenin inkişafı sahəsində əməkdaşlığının da güclü perspektivləri artıq hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Bu sırada Türkiyə-Rusiya münasibətlərinin inkişaf dinamikası yenə də regionda Azərbaycanın mənafeyinin və rolunun gücləndirilməsini ehtiva edir. Bütün bu güc istiqamətlərini bir yerə toplayanda Ermənistanın qarşımızda necə bir aciz durumda olması aşkar görünür.
İstər-istəməz ekspertləri bir sual düşündürür: bu güc qarşısında Ermənistan nə etməlidir? Cavabı real düşüncə zəminində axtarsaq, ağıllı hakimiyyət həqiqət və güc nisbətini əsas götürərək qərar qəbul etməlidir. Amma ermənilər həmişə bu meyarlara etinasız yanaşıblar və buna görə də indiki acınacaqlı vəziyyətə düşüblər. Azərbaycanla sülh bağlayıb, sülh şəraitində yaşamaq yolu bu gün Ermənistanın nicat yoludur. Təəssüf ki, bu, ermənilərə xas olmayan müdriklik prizmasından keçən yanaşmadır. Hər bir halda, onlar belə məsələlər ətrafında fikirləşməyə cəhd etsələr, girdikləri dalandan çıxış yolunu tapa bilərlər. Əks halda, düşdükləri quyu daha da dərinləşəcək.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz