Əlaqə Arxiv
news Image
2020.08.09
11:38
| A A A
“Modern Diplomacy”də Avropa İttifaqının Qarabağ siyasəti sərt tənqid edildi
"Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının sülhyaratma missiyası ilk növbədə Avropaya inteqrasiya prosesinin sürətlənməsi üçün olduqca vacibdir" Avropanın nüfuzlu onlayn dərgilərindən olan "Modern Diplomacy" Avropa İttifaqının Qarabağ siyasəti sərt tənqid edib. Dərgi yazır ki, Avropa İttifaqının Qarabağ məsələsinin həllini sürətləndirəcək imkanları var. Qeyd olunur ki, buna rəğmən, Avropa İttifaqının siyasi cəhətdən fəal olmaması münaqişənin çözümünü uzadır: "Avropa üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqazda son illər ərzində geosiyasi mənzərə tamamilə dəyişməkdədir. Regionda yerləşən ölkələrin fərqli inkişaf göstəriciləri, həmçinin kənar xarici dövlət və təşkilatların Qafqaz siyasətində yeniliklər indi burada yeni bir vəziyyət yaradır. Proseslər göstərir ki, Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Gürcüstan Avroatlantik məkana inteqrasiyada yenə əsas maraqlı ölkələrdir. Bu halda xüsusən də Azərbaycanın Avropanın enerji təminatında və təhlükəsizliyində əhəmiyyəti, rolu getdikcə artır. Rəsmi Bakı iqtisadi, buna paralel olaraq siyasi, hüquqi müstəvidə Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasında maraqlıdır. Hazırda Azərbaycan Cənubi Qafqazın həlledici mövqeyə malik ölkəsidir və regionda ümumi daxili məhsulun 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkənin Qərb dövlətləri ilə tərəfdaşlıq şəraitində həyata keçirdiyi transmilli layihələr bundan sonra da Azərbaycanın mövqeyinin daha güclü hala gələcəyini göstərir. Bu məqam regionda geosiyasi oyunçular üçün Azərbaycanla işbirliyi getdikcə daha ön plana çıxır. Azərbaycan da öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da Bakı ilə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Amma bu hal daha çox iqtisadi münasibətləri nəzərdə tutur. Halbuki, Azərbaycanın daxil olduğu Cənubi Qafqazın geosiyasi rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir. Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində mühüm rol oynayır. Xəzərin və Qara dənizin, Rusiya, İran və Türkiyə arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirir. Bu amil Xəzər regionunun, xüsusilə də Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir. Amma buna rəğmən, Avropa İttifaqı geosiyasi aktor kimi Cənubi Qafqazda o qədər də aktiv deyil. Bu da regionda Rusiyanı şəriksiz əsas geosiyasi oyunçu edən əsas amillərdən biridir. Region ölkələri Ermənisan istisna olmaqla bu zaman Rusiyanın mövqeyini nəzərə almağa məcburdur. Ermənistanda onsuz da Rusiyadan gələn göstərişlə hərəkət etmək ənənəsi hələ də dəyişməyib. Regionun digər ölkələri ilə isə Qərblə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq fonunda Rusiyanın onlarla forpost kimi davranmasını əngəlləməyə çalışırlar. Amma buna nail ola bilmək üçün onların Avropa və ABŞ-ın iqtisadiyyatla yanaşı, siyasi, hərbi dəstəyinə də ehtiyacları var. Yəni təkcə iqtisadi əməkdaşlıq yetərli deyil. Nəzərə almaq lazımdır ki, təkcə ABŞ və Qərb ölkələrinin deyil, Asiyanın sürətlə inkişaf edən dövlətlərinin də neft-qaza tələbatı günbəgün artmaqdadır. Küveyt, Meksika, Şimal dənizindəki karbohidrogen ehtiyatları ilə müqayisə olunan Xəzər dənizi hövzəsi Orta Asiya enerji ehtiyatları bölgəsini nəhəng dövlətlərin həyati mənafe zonasına çevirir. Bu enerjinin Qərbə təhlükəsiz axını Cənubi Qafqazda sabitlikdən asılıdır. Burada sabitlik isə regionda mövcud münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Çünki Rusiya regionda təsirlərini məhz bu münaqişlər vasitəsilə saxlayır. Onların həllində aktiv iştirak etməklə Avropa strareji əhəmiyyətli regionda həlledici mövqe sahibinə çevrilə bilər. Regiona giriş qapısı Azərbaycan olduğu halda Rusiyanın təsir dairəsində qalan Ermənistan Qərb dünyasının Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasətdə parçalayıcı rol oynayır. Ərazisində Rusiyanın hərbi bazalarını saxlayaraq və Rusiyanın siyasi dəstəyinə arxalanaraq, işğalçılıq siyasətindən, əsassız ərazi iddialarından əl çəkmir. Qeyd edilən amillər Cənubi Qafqaz regionunun müasir siyasi mənzərəsinin canlandırılmasında müəyyən rol oynayır. Mövcud geosiyasi reallıq ondan ibarətdir ki, Qafqazda heç bir unikal təhlükəsizlik sistemi mövcud deyildir. Hər şeydən öncə, Cənubi Qafqazda kəskin münaqişə ocaqlarının olması, xüsusilə də Azərbaycanın ədalətsiz şəkildə cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi bu sistem üçün əsas maneədir. Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. Qlobal iqtisadi layihələrdə iştirak sıradan biri kimi deyil, əsas aparıcı dövlətlərdən biri kimi Azərbaycana aid edilə bilər. Digər amil isə regionda təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edən, lakin konkret təklif və modellərə baxmayaraq bu istiqamətdə ciddi addımlar atmayan Avropa İttifaqı, ABŞ amilidir. Halbuki Azərbaycan həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkandır. Cənubi Qafqazda həyata keçirilən transmilli layihələr məhz Azərbaycanın əsas iştirakçılığı ilə reallaşır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur. Azərbaycanın əvəzolunmazlığı təkcə istehsalçı olması ilə deyil, həm də tranzit ölkə kimi öz Orta Asiya respublikalarının məhsullarını Avropaya çıxaran enerji, tranzit dəhlizi olması ilə bağlıdır. Bunu Qərb dövlətləri də anlayır, amma onlar hələ də regionda siyasi müstəvidə aktiv deyil. Bu ilin iyul ayında Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmalar zamanı da Qərb ölkələri regionda hadisələrin sonrakı axarında aktiv iştirak etmədilər. Əvəzində Rusiya yenə Cənubi Qafqazda həm Dağlıq Qarabağ münaqişəsi, həm də digər siyasi proseslər baxımından fəallıq nümayiş etdirir. Belə vəziyyət Azərbaycan və Gürcüstan kimi ölkələrin Avroatlantik məkana inteqrasiyasının sürətlənməsinə ciddi maneədir. Bu, Avropa və ABŞ-ın maraqları baxımından da qəbuledilməz haldır. İndi Avropa İttifaqının regionda daha aktiv olması, münaqişələrin həllinə töhfə verməsi vacibdir və bunun üçün aktiv siyasi addımlara ehtiyac böyükdür. Əks halda Avropa İttifaqı burada Rusiyadan bir addım geridə qalmaqda davam edəcək. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının sülhyaratma missiyası ilk növbədə Avropaya inteqrasiya prosesinin sürətlənməsi üçün olduqca vacibdir. Avropa İttifaqı həm münaqişələrin tənzimləyicisi, həm də diplomatik danışıqların iştirakçısı kimi böyük təcrübəyə malikdir. Son 20 ildə Avropa İttifaqı 30-a qədər sülhyaratma əməliyyatında iştirak edib. Onun bu fəaliyyəti Avropa təhlükəsizlik strategiyası, Amsterdam müqaviləsi, Petersberq və Helsinki bəyannamələri ilə tənzimlənir. Bununla Avropa İttifaqı regional münaqişələrin tənzimlənməsi, Avropa və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əsas güc mərkəzlərindən biri olduğunu göstərib. Bu mənada təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yardım etməklə Cənubi Qafqazda geosiyasi cəhətdən də daha güclü mövqe sahibi ola bilər. Azərbaycan üçün də regional səviyyədə təhlükəsizlik sisteminin formalaşdırılması və bu zaman Avropa İttifaqı ilə çoxtərəfli əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir". Bu qeyd edilənlərdən bir daha bəlli olur ki, Avropa İttifaqının Qarabağ münaqişəsinin çözümü ilə bağlı indiki siyasəti Qərbdə də narazılıq yaradır. Elə buna görə qurumun Qarabağ məsələsində daha aktiv olması getdikcə ön plana çıxır. "Mövqe"
Sizin Reklam Yeriniz