Əlaqə Arxiv
news Image
2020.08.11
09:15
| A A A
Axalkalakidəki hadisəyə regional strateji baxış
Bu, “Tovuz təxribatı”nın davamına daha çox oxşayır

 


Avqustun 8-də Gürcüstanın ermənilərin sıx məskunlaşdığı Samsxe-Cavaxeti regionun Axalkalaki şəhərində kütləvi dava-dalaş, cinayət və xuliqanlıq hadisələri baş verib. Adı açıqlanmayan 27 yaşlı gənc yenə də adı açıqlanmayan 37 yaşlı şəxs tərəfindən güllələnərək öldürülüb. İğtişaşlar nəticəsində bir neçə ev və bir hotel yandırılıb. Öldürülən şəxsin yaxınları cinayətkardan intiqam almaq istəyiblər. Lakin gürcü polisi baş verənlərə operativ müdaxilə edərək, intizamsızlığın qarşısını almağa müvəffəq olub və şübhəli şəxs həbs edilib.
Maraqlıdır ki, hər şey göz qabağında baş versə də, polis öldürülənin və həbs edilənin adlarını açıqlamır. Axı, ilk baxışda, bu, cəmiyyət içərisində baş verən hadisədir, niyə buna açıq cinayət hadisəsi kimi münasibət bəslənilmir?
İğtişaşlar haqda, təbii ki, regionun digər ölkələrində, o çümlədən də Ermənistanda  informasiyalar yayılıb. Lakin erməni mətbuatı nəinki ad açıqlamayıb, heç region barədə “ermənilərin sıx yaşadığı ərazi olması” faktını da qeyd etməyib. Sadəcə, kütləvi davada Kulika kəndinin sakininin öldürülməsi qeyd edilib. Əvəzində isə Rusiyanın maliyyələşdirdiyi “Sputnik Armeniya” agentliyi bu faktları aydın şəkildə qabardıb. Agentliyin yaydığı məlumatda “erməni əhalisinin üstünlük təşkil etdiyi Axalkalaki şəhərində” cümləsi ilə hadisənin baş verdiyi yer haqda məlumat verilir və həbs edilən şübhəli ilə öldürülən şəxslərin ad-soyadlarının baş hərfləri də göstərilir.
Bu nüanslar aydın şəkildə Gürcüstanın adıçəkilən bölgəsində yaşanan gərginliyin pərdəarxası məqamlarının ciddi olduğunu göstərir. Çünki, bu bölgədəki siyasi narahatlıq indinin söhbəti deyil və hamıya məlumdur ki, bölgənin erməni əhalisi çoxdandır ki, separatçılıq meyillərini açıq büruzə verirlər.
İstintaq gedir və gürcü polisi hadisənin səbəbləri barədə hansı nəticəyə gələcək, bu, sonranın söhbətidir. İndilikdə isə bu hadisənin iki nəfər arasındakı davadan geniş iğtişaşa çevrilməsinə cəhd göstərilməsi barədə düşünmək lazım gəlir. Niyə? Birincisi, ona görə ki, ümumiyyətlə, Cavaxetiyada adi hadisələrdən geniş rezonans doğuran qalmaqallar yaratmaq separatçılıq niyyətlərini gerçəkləşdirmək arzusu ilə yaşayan ermənilərin strateji planlarıdır. Sanki, burada onları gürcü hakimiyyəti sıxışdırır, hüquqlarını pozur, təqib edir və yerli camaat da onlara “göz verib, işıq vermir”. Bu yolla separatçılar beynəlxalq müstəvidə özlərini hüquqsuzluqdan əziyyət çəkən toplum kimi qələmə verir və özlərinə alibi qazanmaq istəyirlər. İkincisi, Bakı-Tiflis-Qars dəmiryol xətti Axalkalaki şəhərinin yaxınlığından keçir və ermənilərin qəsbkarlıq siyasətinə görə 10 il əvvəl bu xətt çəkiləndə Azərbaycanın prisipial mövqeyi ilə yol bölgədən kənar keçdi. Ermənilər Amerikadan belə bütün lobbilərini işə qoşsalar da, faydası olmadı. Cavaxetiya dəmiryoldan uzaq düşdü və deməli, yeni iş yerlərindən, qazancdan və Avropa ilə birbaşa dəmiryol əlaqəsi yaradan nəqliyyat vasitəsindən əlləri çıxdı. Məhz, buna görə də Axalkalaki iğtişaşlarının “Tovuz təxribatı”nın davam olması barədə düşünməyə əsas var. Tovuzun yaxınlığından karbohidrogen, konkret olaraq, Cənub Qaz Dəhlizinin kəməri keçir, Axalkalakı yaxınlığından strateji əhəmiyyətə malik dəmiryol xətti.
Bu məsələdə Gürcüstanın hakimiyyət dairələrinin, belə demək mümkünsə, “yumşaq” davranmaları təəccüblü görünür. Axı, strateji nəqliyyat xətlərindən yararlananlar arasında bu ölkə də var. Nə üçün Samcxe-Cavaxetiyada yaşayan ermənilərin separatçılıq meyillərinin qarşısı qəti surətdə alınmır? Hətta haqqında danışdığımız hadisə adı məişət zəminində törədilsə belə, ermənilərin bunu geniş iğtişaşlara çevirmək arzuları dərhal görünür. Demək, məqsəd stabilliyi pozmaqdır. Bu barədə Gürcüstanın müvafiq orqanlarının təkcə cinayət baxımından yox, hadisələrə siyasi qiymət vermək baxımından da qarşılarında ciddi problem durur. Axı, sonra gec olar. Bəyəm, Azərbaycanın timsalında ermənilərin necə satqın olduqlarını gürcü dostlarımız görmürlərmi? 
N.NOVRUZ

Sizin Reklam Yeriniz