Əlaqə Arxiv
news Image
2020.08.11
09:30
| A A A
Bəzi diplomatlarımızın dövlətçilik və milli-mənəvi bütövlük sahəsində problemləri var
Ceyhun Bayramov kadr islahatına hardan başlayacaq?

Azərbaycanın yeni xarici işlər nazirinin işə başlamasının bir ayı hələ tamam olmayıb. Amma vaxt qısa olsa da, ondan gözləntilər böyükdür. Çünki Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edəndə onun qarşısında həlli vacib məsələlər qoyub. Bu məsələlər strateji xarakter daşıyır, ona görə ki, dövlətin bilavasitə xarici siyasətinə bağlıdır. Bunlardan biri, daha doğrusu, birincisi diplomatiyamızda kadr siyasəti ilə əlaqədardır.
Hər bir zamanın özünəməxsus kadrlara tələbatı olur. Yəni, zaman-zaman kadrlar dəyişilir və yeni tələblərə cavab verənlər irəli çəkilir. Amma diplomatiya sahəsi elə incə və həssas sahədir ki, burada zamanı gözləmək yox, onun qabaqlamaq tələb edilir. Halbuki, təcrübədən görünür ki, bizim diplomatlarımız arasında nəinki zamanın, heç gündəlik işlərin də öhdəsindən gəlməyən kadrlarımız var.
Hazırda ölkəmizdə gedən kadr islahatlarının özəl xüsusiyyəti aşkarlıq, açıqlıq və şəffaflıqdır. Çünki “örtülü bazar dostluğu pozar”. Təsadüfi deyil ki, dövlət başçısı yeni nazirin qarşısında ciddi tələblər qoyub: “Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm”.
Etiraf etmək lazımdır ki, bu istiqamətdə vəziyyət heç də ürəkaçan deyil. Azərbaycanın xaricdəki nümayəndələri arasında alverçi xislətli, pula satılan, çıxdığı qını bəyənməyənlərə rast gəlinir və bu, olduqca acınacaqlı faktdır. Ona görə ki, dövlətçiliyimizin varlığına ciddi təhlükə törədir. Bu sahədə işə götürülən kadrlar adətən təhlükəsizlik xidmtinin süzgəcindən keçirilir, həyat yolu ciddiyyətlə yoxlanılır, mənəvi-psixoloji durumu araşdırılır. Təbii ki, bu adamların milli identifikasiyası da diqqətdə saxlanılır. Yox, elə düşünmək gərək deyil ki, burada milli mənsubiyyət əsasdır. Xeyr, söhbət kadrın zehnindək milli identifikativ şüuru, vətəndaşlıq mövqeyi, doğulub böyüdüyü vətənə sədaqəti nəzərdə tutulur. 
“Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər” - deyə, Prezident yeni təyin etdiyi nazirin qarşısında problemlərin spektrini açıb göstərib.
Diqqət edin ki, ölkə başçısı “istəmirlər” sözünü işlədir və bu o deməkdir ki, həmin diplomatlar bunu qəsdən edirlər və qəsədən edirlərsə, demək, Azərbaycana yox, bu məsələdə marağı olan başqa dövlətlərə xidmət edirlər. Sözün mənasını açıqlasaq, casusdurlar, satqındırlar, xaindirlər. Neçə ildir ki, Avropada oturub Azərbaycan əleyhinə təbliğat aparan Arif Məmmədov kimdir? Vaxtilə onun gələcəyin ən parlaq diplomatlarından olacağı fikri dəhlizlərdə dolaşırdı. Bəs, niyə bu adam satqınlıq yolunu tutdu? Düzdür, işdə nöqsan, narazılıq ola bilər. Amma, buna görə satqınlıq yox, əgər özünü haqlı sayırsansa, mübarizə aparmaq, vətənini sevirsənsə, rəhbərliyə, həm də ali rəhbərliyə raport yazmaq, əyər-əskiyi aradan qaldırmaq üçün yuxarı instansiyalarla kəllə-kəlləyə gəlmək lazımdır. Yoxsa ki, ciddi bir şey olmamış qaçıb xaricilərin qucağına sığınmaq səbəb yox, bəhanədir, diplomatiyamızın mənəvi korroziya nümunəsi, xarici kəşfiyyatın siyasətimizə yönəlik təxribatıdır.
Ceyhun Bayramov xarici siyasət idarəsindəki kadr boşluqlarını necə aradan qaldıracaq, nə yeniliklər edəcək, bu, onun işidir. İctimaiyyət və sadə vətəndaşlar isə ondan mənəvi saflıq və qətiyyətlilik, xarici diplomatlarla münasibətlərində yarınmaqlıq sindromundan yox, Azərbaycan dövlətinin mənafeyini qorumaq şərtilə danışmaq mövqeyi gözləyirlər.
N.NOVRUZ

Sizin Reklam Yeriniz