Əlaqə Arxiv
news Image
2020.08.13
08:46
| A A A
Türkiyəyə pasportsuz da getmək olar, sadəcə...
Fərhad Mehdiyev: “Kiçik həcmli biometrik şəxsiyyət vəsiqələrilə bu addımın atılması mümkündür” Asim Mollazadə: “Prinsipcə mümkündür”
“Vizaları ləğv etdik. Amma bu kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar”. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib: “Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmək üçün təkliflərimizi vermişik”.
Xatırladaq ki, Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi 2019-cu ilin sentyabrın 1-dən ləğv edilib.  Həmin tarixdən etibarən Türkiyə vətəndaşları artıq Azərbaycana vizasız gələ bilirlər.  Onu da qeyd edək ki, Türkiyə tərəfi Azərbaycan vətəndaşları üçün viza rejimini təktərəfli şəkildə hələ 2007-ci ildə ləğv edib. İndi isə Türkiyə tərəfi prosesi daha da sadələşdirmək üçün sadəcə şəxsiyyət vəsiqələrilə səyahət etməyə imkan verilməsi təklifilə çıxış edib. Türkiyənin bu təklifinin reallaşması mümkündürmü?
Hüquqşünas Fərhad Mehdiyev təklifin reallaşmasını mümkün hesab etdi. Ancaq onun fikrincə, bu addımı ancaq kiçik həcmli biometrik şəxsiyyət vəsiqələrilə atmaq mümkündür: “Türkiyə Xarici İşlər nazirinin nəzərdə tutduğu şəxsiyyət vəsiqələri Avropa İttifaqı ölkələri arasında mövcud olan biometrik şəxsiyyət vəsiqələri kimidir. Biometrik olduğundan onlardan da istifadə etmək mümkündür. Əslində Çavuşoğlunun təklifinin reallaşması texniki məsələdir. Hazırda çoxsaylı Azərbaycan vətəndaşının xarici pasportları var, belə sənədə malik olmayanların sayı çox azdır. Bu sənəd vasitəsilə də gedib-gəlmək mümkündür. Amma şəxsiyyət vəsiqələrilə Türkiyə və Azərbaycan vətəndaşları arasında gediş-gəlişin həyata keçirilməsinin simvolik tərəfi də var.  Belə ki, iki qardaş ölkə arasında inteqrasiya mərhələsi yüksək səviyyədə olduğundan artıq şəxsiyyət vəsiqələrilə gedib-gəlmək mümkündür.
Düşünmürəm ki, şəxsiyyət vəsiqələrilə səyahətə imkan verilməsinin yaradacağı hər hansı bir texniki çətinlik olsun.  Bir çox insanın xarici pasportu olduğundan rahat gedib gələ bilir. Başqa bir tərəfdən,  şəxsiyyət vəsiqələrilə gedib-gəlməyə imkan verilməsi sərhəd bölgəsində yaşayan, məsələn Naxçıvan əhalisi üçün rahatlıq yaradar.  Zatən Naxçıvanda yaşayanlar üçün Türkiyəyə gedib gəlməkdə xarici pasporta ehtiyac yoxdur. Yəni demək istəyirəm ki, xarici pasportla gedib-gəlməyin texniki olaraq çətinlik törətdiyini demək çətindir. Mövlud Çavuşoğlu fikrimcə, şəxsiyyət vəsiqələrilə səyahətə icazə verilməsini sırf simvolik mənada deyib. Bu səbəbdən də dolayı həmin məsələ barədə danışıb. Kiçik həcmli biometrik şəxsiyyət vəsiqələrilə bu addımın atılması mümkündür. Amma köhnə tipli böyük şəxsiyyət vəsiqələrilə bu mümkünsüzdür”.
Milli Məclisin deputatı Asim Mollazadə şəxsiyyət vəsiqələri vasitəsilə iki qardaş ölkə arasında gediş-gəlişi mümkün hesab etdi: “Prinsipcə bu addımın atılması mümkündür. Çünki yeni formatda şəxsiyyət vəsiqələri müasir məlumatlarla tam əhatə olunub. Ona görə də şəxsiyyət vəsiqələrilə səyahəti mümkün hesab edirəm. Necə ki, Türkiyə ən yaxın qonşuları Ukrayna və Gürcüstanla anoloji addımı atıb, Azərbaycanla da bu istiqamətdə addım atılmalıdır. Azərbaycanda da artıq yeni biometrik şəxsiyyət vəsiqələri verilir. Burada sadəcə bəzi texniki maneələr aradan qaldırılılmalıdır. Azərbaycan Türkiyə münasibətləri ən yüksək səviyyədə təmin edilməlidir”.
Rüfət NADİROĞLU
 
 
 
 
 
Sizin Reklam Yeriniz