Əlaqə Arxiv
news Image
2020.08.14
08:27
| A A A
Bakı və Ankaradan İrəvana daha bir hərbi mesaj verildi
İbrahim Rüstəmli: “Bu səfər fonunda Ermənistan bilməlidir ki, sərsəm ideyalarından və işğaldan əl çəkməsə, sonu yaxşı olmayacaq”


Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin Ankara səfərinin ardınca Türkiyənin müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi böyük nümayəndə heyəti Bakıya səfərə gəlib.
Qeyd edək ki, düşmən Ermənistanın bəzi  havadarlarının köməyilə təxribatlara əl ataraq Tovuz istiqamətində Azərbaycana qarşı yeni cəbhə açması  Ankara ilə Bakı arasında hərbi-siyasi əməkdaşlığın yeni mərhələsinə təkan verdi. Tovuz döyüşlərinin ardınca Azərbaycanla Türkiyə arasında ölkəmizdə birgə hərbi təlimlər keçirildi.  Ardınca Azərbaycan Xarici İşlər naziri ilə Müdafiə naziri Ankaraya, Türkiyənin  Müdafiə naziri də böyük heyətlə Bakıya səfər edirlər. Bu proses ondan xəbər verir ki, iki qardaş ölkə arasında əməkdaşlıq, o cümlədən hərbi sahədə əməkdaşlıq daha intensiv xarakter alır. Aydın məsələdir ki, Bakı ilə Ankara arasında hərbi müstəvidə artan əməkdaşlıq Ermənistanda ciddi narahatlıqla qarşılanır.  Bunu erməni mətbuatının və oradakı bəzi ekspertlərin açıqlamalarından da görmək olar.  Bu hal onu göstərir ki, İrəvan Bakı-Ankara hərbi əməkdaşlığından qəti şəkildə qorxur, həyəcan keçirir. Türkiyə hərbi rəhbərliyinin tam heyətlə Azərbaycana gəlişi Ermənistan üçün hansı mesajları özündə ehtiva edir?
Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Azərbaycan üçün Türkiyə ilə hərbi əməkdaşlığın genişlənməsi ikiqat strateji əhəmiyyət daşıyır: “Müxtəlif ölkələrin hərbi rəhbərlərinin digəer ölkələrə səfərləri dünya birliyi tərəfindən qəbul olunan bir normadır. Dünya ölkələrinin Silahlı Qüvvələri qarşılıqlı təcrübə mübadiləsi fonunda öz müdafiə qüdrətlərini gücləndirir.  Yəni təcrübəyə yiyələnməkdə  qarşılıqlı təcrübə mübadiləsinin mühüm rolu vardır.   
Təbii ki, orduya malik hər bir ölkə dünyanın inkişaf etmiş ölkələrilə hərbi əməkdaşlığa can atır.  Çünki bu amil həmin dövlətlərin ordu quruculuğunda mühüm əhəmiyyət kəsb edir.  Qarşılıqlı münasibətlər, ünsiyyət, təcrübə mübadiləsi, müasir hərb elminin yenilikləri və uğurları, bütün bunları qarşılıqlı təcrübə mübadiləsi nəticəsində öyrənmək mümkündür.  Xüsusilə də torpağında müharibə gedən, yadellilər tərəfindən işğal olunan ölkə üçün beynəlxalq hərbi əməkdaşlığın xüsusi strateji önəmi vardı.   Azərbaycan da düşmən təcavüzünə məruz qalıb, hərbi təcavüzdən əziyyət çəkir, torpaqlarının məyyən hissəsi işğal olunan ölkə kimi bu məsələyə və bu fonda qardaş Türkiyə ilə daha sıx əməkdaşlığa xüsusi önəm verir.  Zaman-zaman ölkə başçısı tərəfindən də bu məsələ barədə konkret fikirlər səslənib. Prezident də ordu quruculuğu məsələsinin prioritet olduğunu dəfələrlə diqqətə çatdırıb. Bu mənada Azərbaycanın Türkiyə ilə əməkdaşlığı ölkəmiz üçün ikiqat strateji əhəmiyyət kəsb edir.  
Türkiyə  strateji və taktiki baxımdan ən ciddi və etibarlı tərəfdaşımızdır. Bizim üçün dogma dövlətdir.  Bu əlaqələr son dərəcədə etibarlı əlaqələrdir. Onun dayaq sütunları olduqca davamlıdır, möhkəmdir.  Türkiyə çox az saylı  və yeganə dövlətdir ki,  Azərbaycana təmənnasız münasibət və dəstək göstərir.  Azərbaycanın hərbi sahədə habelə,  ABŞ, Fransa, Almaniya, İsrail, Çin və  Rusiya ilə də ciddi əlaqələri var.  Amma bu sırada ön mövqedə təbii ki, Türkiyə ilə əlaqələr dayanır”.   
Həmsöhbətimzi qeyd etdi ki, Azərbaycan-Türkiyə dostluğunun, qardaş ölkənin Müdafiə nazirinin ölkəmizə səfərinin Ermənistana bilavasitə və bilvasitə mesajları çox böyükdür:  “Çünki işğalçılıq siyasəti səbəbindən Ermənistan bu məsələdə ən çox diqqət mərkəzində olan ölkədir.  Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən dövlətdir. Bu hadisə Ermənistan üçün ikiqat mesajdır.   Ona görə də təcavüzkarın Bakı ilə Ankara arasında münasibətlərin, xüsusən də hərbi müstəvidə əlaqələrin genişlənməsindən, ölkəmkizdə keçirilən birgə hərbi təlimlərdən, Türkiyənin Müdafiə nazirinin Bakıya gəlməsindən narahatlıq keçirməsi təbiidir. Tovuz istiqamətində döyüşlərdə zaman-zaman İrəvan və onun havadarlarının Azərbaycana yönəlik növbəti təxribatının şahidi olduq.  Bilirsiniz ki, Azərbaycanın əsas enerji resursları  məhz bu ərazidən keçir. Ona görə də Bakı düşmənin bu təxribatına daha sərt şəkildə cavab verdi.  Dərhal da Türkiyə ilə əməkdaşlıq məsələlərində yeni çalarlar ortaya çıxdı.  Türkiyə  və Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlər krçirdi. Eyni zamanda, Azərbaycan Müdafiə naziri Türkiyəyə, qardaş ölkənin hərbi rəhbərliyi də ölkəmizə səfər etdi.  Bütün bunlar Azərbaycanın bir dövlət olaraq ayaqda qalması və güclənməsinə hesablanmış addımlardır.  Türkiyə bu anda da ölkəmizi tək qoymadı.  Bu həm də  Ermənistanın havadarlarına da bir mesaj idi ki, onlar da ayılaraq  daha obyektiv mövqe tutsun, Azərbaycana dəstək versinlər.  Zaman-zaman müxtəlif səviyyələrdə  dünya birliyi  tərəfindən Azərbaycanln dəstəkləyən bəyanatlar verilir.   Amma ortada nəticə yoxdur.  Əksinə, İrəvan daha da azğınlaşır. Bütün bunlar Türkiyə  Azərbaycan  dostluğuna təhlükə ola bilməz.  Bu səfər fonunda Ermənistan bilməlidir ki, sərsəm ideyalarından və işğaldan əl çəkməsə,  sonu yaxşı olmayacaq”.
R. SOLTANOV

Sizin Reklam Yeriniz