Əlaqə Arxiv
news Image
2020.08.14
09:00
| A A A
Aralıq dənizində havadan barıt qoxusu gəlir
Türkiyənin bölgənin təbii resurslarından istifadə edəcəyi mütləqdir


Yaxın Şərq probleminin qaynarlığı fonunda Aralıq dənizin şərq sahilləri boyunca baş verənlər sönük görünsə də, əslində, gələcəyə hesablanmış ciddi gəlişmələrdir. Türkiyə öz ərazi sularının ətrafında karbohidrogen ehtiyatları axtarır. Buna onun qanuni hüququ var, yəni beynəlxalq hüquq onun fəaliyyətini ehtiva edir. Lakin qərbdən Yunanıstan, cənubdan Misir, hardansa İsrail və uzaqdan Fransa türklərin bu kəşfiyyatına mane olmağa çalışırlar.
Məsələ burasındadır ki, Türkiyə ilə Yunanıstanın dəniz sərhədləri boyunca neytral sular sayılan ərazilərdə saysız hesabsız yaşayış olmayan kiçicik adalar var. Lakin Yunanıstan birtərəfli qaydada bu əraziləri özününkü sayır və Türkiyənin gəmiləri buradakı adalara yaxınlaşan zaman dərhal başlayırlar hay-küy salmağa. Təsadüfi deyil ki, bu ölkənin  rəsmi şəxslərinin hədələyici çıxışları heç bir ölkə tərəfindən ciddi qarşılanmır, sadəcə olaraq, Türkiyə tərəfdən qısa və kəskin bəyanatla onlar susdurulur. Bununla da aydın görünür ki, Ankarada oturanlar hər şeyi ölçüb biçib həyata keçirirlər. Həm də Türkiyənin bu yerlərdə fəallaşması Misir, İsrail və Cənubi Kipr arasında dənizdə neft-qaz axtarışlarına başalamaları haqda memarandum imzalanandan sonra baş verib. Qəribədir, xarici ölkələr gəlib Türkiyənin, necə deyərlər, “qulağının dibində” karbohidrogen ehtiyatlarının axtarışını apara bilər, amma türklər yox?! Bu da onu sübut edir ki, söhbətin canı təkcə təbii sərvətdə deyil və daha çox siyasi məqsədləri ilə diqqəti cəlb edir.
Bəs, bütün bu fəaliyyətin axırı nə ola bilər? Baş verənlərin təhlili göstərir ki, Türkiyə başını aşağı salıb işini davam etditəcək, təki dənizdə təbii yanacaq tapılsın. O ki qaldı digər dövlətlərə, Yunanıstanın   keçmiş müdafiə naziri Yevangelos Apostolakis mətbuata açıqlamasında deyib ki, Türkiyə ilə savaşda tək qalacağıq: “Türkiyə ilə baş verən gərginlikdə tək qalacağıq, kimsə Yunanıstanın məsələsinə görə, nə Türkiyə ilə əlaqələrini pozacaq, nə də bizim tərəfdən savaşa girəcək”. General Apostolakis hesab edir ki, Aralıq dənizinin şərqində baş verən proseslər son dərəcə ciddi və kritikdir: “Hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan istədiyini əldə edənədək bölgədə qalacaq. İndi Avropa və ABŞ-dan gələn təzyiqlər zəifdir”.
Generalın ehtimalı əməli fəaliyyətdə təsdiq olunur. Məsələn, Yunanıstanın tərəfində duran Fransa Şərqi Aralıqda hərbi varlığını gücləndirmək qərarı verib. Lakin o, bu fikrə uzun zaman götür-qoy etdikdən sonra gəlib. Belə ki, Türkiyənin bölgədə seymsik araşdırmasından dolayı narahatlığını gizlətməyən Fransa prezidenti Emmanuel Makron Şərqi Aralıq dənizində Fransa hərbçilərinin sayının müvəqqəti olaraq artırılması barədə “Qərarımı verdim, Şərqi Aralıqda...” deyərək, qərarını açıqlayıb. Sözlərin intonasiyası və qərarın müvəqqətiliyi göstərir ki, onu bu işə təhrik ediblər, çünki belə bir qərar Fransaya heç nə verməyəcək, əksinə Türkiyə qarşısında mövqelərini daha da zəiflədəcək. Təsadüfi deyil ki, Fransaya aid cəmi-cümlətanı 2 qırıcı və 1 ədəd yük təyyarəsi ötən gün Cənubi Kiprdə  “Andreas Papandreou” hava bazasına yerləşdirilib.
Digər dövlətlərinin mövqeyini zəiflədən əsas məsələ onların problemin həllində Türkiyə ilə əməkdaşlıq etmək istəməmələridir. Hazırda Avropada və ərəb dövlətləri arasında Türkiyənin Osmanlı imperiyasını bərpa etmək arzuları barədə nağıllar dolaşır. Lakin bu, sadəcə, bəhanədir.

Onları narahat edən Türkiyənin sürətli inkişafı bölgədə və dünyada nüfuzunu getdikcə artırmasıdır. Amma sürət götürən qatarın qarşısını saxlamaq həmişə çətin olur. Hadisələrin gedişindən görünür ki, Şərqi Aralıq dənizindəki qruplaşma Türkiyəqarşısında ciddi bir fakt qoya bilməyəcək. Çox güman ki, son nəticədə, əgər türklərin axtarışları nəticə verəcəksə, fransızlar və yunanlar Ankara hökuməti ilə əməkdaşlığa üstünlük verəcəklər. Çünki müharibə heç bir tərəfə sərf etmir. Onsuz da Yaxın Şərq müharibəsində qarşılaşan dövlətlərin sayı kifayət qədər çoxdur və oralarda da Türkiyə qaliblər arasındadır.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz