Əlaqə Arxiv
news Image
2020.08.31
13:02
| A A A
Böyük qələbə uzaqda deyil

Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan– Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərmələri də ermənilərin havadarlarına əminliyinin nəticəsidir. Ancaq 2016-cı ilin aprelində olduğu kimi, bu dəfə də onlar xəbis niyyətlərinə çata bilmədilər. Azərbaycan Ordusunun güclü təzyiqi ilə qarşılaşan Ermənistan silahlı qüvvələri böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Belə bir şəraitdə ölkəmiz aparılan düzgün və təxirəsalınmaz dövlət tədbirləri və həyata keçirilən islahatlar sayəsində hərtərəfli və dinamik surətdə inkişaf edir, eyni zamanda, beynəlxalq iqtisadi və siyasi müstəvidə günü-gündən güclənir. Bu inkişaf və gücün fonunda isə düşmən özünəməxsus “potensialla” adekvat tədbirləri həyata keçirməyə sövq olunur, buna nail ola bilmədikcə isə ölkəmizin inkişafını və beynəlxalq nüfuzunun daha da artmasını görməzdən gəlir, Azərbaycana qarşı öz pozucu və mənfur planlarını həyata keçirməklə addımbaşı təxribat səciyyəli qeyri-konstruktiv əməllər nümayiş etdirirlər.

Ölkə başçımız, Ali Baş Komandan cənab İlham Əliyev yüksək tribunalardan erməni xislətini və bunun doğurduğu regional təhlükələri bütün dünyaya tarixi-məntiqi dəlillərlə dəfələrlə açıq bəyan etmişdir ki, bu da düşmənin dünya üçün anlaşıqsız və heç bir beynəlxalq norma və prinsiplərə uyğun gəlməyən əməllərini daha böyük vüsətlə davam etdirməyə sövq etdirmişdir. Necə deyərlər, haqq nazilər, amma üzülməz.

Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünün bərpası uğrundakı mübarizəsi əksər dünya ölkələri tərəfindən dəstəklənir və bu haqq işinə öz töhfələrini verməyə çalışırlar. Belə olan təqdirdə, düşmən artıq öz xislətini bəd əməlləri ilə ört-basdır edə bilməyəcəyini yaxşı anlamış və son əlac olaraq açıq təxribatlara əl atmağa başlamışdır.

Bunun nəticəsidir ki, iyulun 12-dən başlayaraq ölkəmizin sərhəd bölgələrində erməni xisləti yenidən özünü biruzə verməyə başlamışdır. Belə ki, işğalçılıq siyasəti yeridən Ermənistan dövlətinin hərbi silahlı birləşmələri iriçaplı silahlardan və artilleriya qurğularından Tovuz rayonunun yaşayış məntəqələrini və hərbi bölmələrimizin mövqelərini atəşə tutmaqla hücuma keçmiş, lakin bu hücumun qarşısı silahlı qüvvələrimizin hərbçiləri tərəfindən rəşadətlə dəf edilmiş, düşmənə sarsıdıcı zərbələr endirilmişdir.

Qeyd edək ki, Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki hərbi təxribatı ilk hadisə deyil. Belə ki, son bir neçə ay ərzində ermənilərin hərbi təxribatları nəticəsində cəbhə bölgələrində Azərbaycan hərbçiləri, həmçinin, qadın, uşaq, yaşlı kişi qətlə yetirilmişdir.

Bir daha əksər dünya ölkələri separatçı Ermənistan tərəfindən törədilən bu təxribat əməlini qınamış və təxribatın nəticələrinə görə, Ermənistanın məsuliyyət daşıdığını qeyd etmişlər.

Bu təxribatın arxasında Ermənistan vətəndaşlarının diqqətini düşdükləri mürəkkəb iqtisadi-siyasi vəziyyətdən yayındırmaq, özlərini təcavüzə məruz qalan yazıq cildində göstərməklə siyasi dividentlər əldə etmək və digər siyasi motivlərin dayandığı artıq hər kəsə aydındır.

Artıq Azərbaycan xalqı da yaxşı anlayır ki, ölkəmizin ərazi bütövlüyünün bərpasına yönələn səylərimiz öz bəhrəsini verməkdədir və qalibiyyət günü heç də uzaqda deyil. Azərbaycanın Silahlı Qüvvələri və qəhrəman Azərbaycan xalqı hər an Ali Baş Komandanın əmri ilə düşmən əsarətində olan torpaqlarımızı almağa  və beləliklə, ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Buna həm vətənpərvər vətəndaşları olan Azərbaycan xalqının cəsarətli qüvvəsi, həm də ölkədə formalaşmış

iqtidar--xalq birliyinin real qüvvəyə çevrilərək Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı güclü bir zərbəyə çevrilməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik.

İyulun 12-də Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlara, bunun nəticəsində hərbçilərin və mülki şəxsin qətlə yetirlməsinə ATƏT-in Minsk qrupunun hansısa münasibət bildirməməsi ciddi narazılıq yaradıb. Dövlətimizin başçısı avqustun 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edən zaman iyulun 12-dən 16-a qədər Ermənistan– Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat vermişdir. Axı, Rusiya da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir və münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüşdür. Buna baxmayaraq, Ermənistana dəyəri milyardlarla ölçülən pulsuz silah-sursat verir, işğalçı ölkənin törətdiyi təxribatların qarşısının alınmasında heç bir fəaliyyət göstərmir, işğal siyasətinə son qoymasını tələb etmir.

Dövlətimizin başçısı Ermənistan– Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra – iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır.

Prezident İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən, daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Ancaq hər şey bunun əksinə baş verir. Bu qurumun üzvlərinin biri təcavüzkarı silahlandırır. Digərləri isə işğal siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə göz yumur. Görəsən bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Axı Minsk qrupu da görür ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki biz həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Görəsən, ATƏT-in Minsk qrupu nə vaxta qədər beynəlxalq hüquq normalarına hörmətsizlik edən, işğalçı siyasətdən əl çəkməyən, günahsız insanları qətlə yetirən təcavüzkar dövlətin yanında olacaq?

İlqar MƏHƏRRƏMOV,

Masallı Rayon Qeydiyyat Şöbəsinin rəisi.

 

Sizin Reklam Yeriniz