Əlaqə Arxiv
news Image
2020.09.03
08:54
| A A A
Qarabağ münaqişəsinin hərbi həllinə start verilir
İbrahim Rüstəmli: “Azərbaycan dövlət olaraq öz xarakterini ortaya qoyduqca, iradəsini sərgilədikcə, çox şeylərə nail olacağıq”

Qarabağ münaqişəsinin hərbi həllinə
 start verilir
İbrahim Rüstəmli: "Azərbaycan dövlət olaraq öz xarakterini ortaya qoyduqca, iradəsini sərgilədikcə, çox şeylərə nail olacağıq"
Ermənistanın addımları Qarabağ münaqişəsinin dinc həllini artıq mümkünsüz edir. Belə ki, düşmən ölkə bir tərəfdən danışıqlarda hər vəchlə irəliləyişin əldə olunmamasına çalışır. Danışıqların getdiyi bu uzun illər ərzində İrəvan həmişə çalışıb ki, danışıqlar konstruktiv olmasın. Ona görə də İrəvan danışıqlara ancaq görüntü xarakteri vermək üçün gedib və gedir. Digər tərəfdən, Ermənistan atəşkəs elan olunmasına baxmayaraq hər gün atəşkəsi pozur. Hətta son zamanlar təxribat xarakterli əməllərini də artırıb. 
Tovuz istiqamətində düşmən təxribata getməklə vəziyyəti gərginləşdirməyi düşünürdü. Lakin Azərbaycan Ordusunun güclü həmlələri fonunda düşmən bu çirkin istəyinə nail ola bilmədi. Bütün hallarda yaranmış vəziyyət belə deməyə əsas verir ki, Ermənistanın addımları münaqişənin dinc yolla həllini artıq mümkünsüz edir. Bu isə problemin həlli üçün istər-istəməz digər  variantların önə çıxmasını şərtləndirə bilər  Bu mənada tezliklə müharibənin başlanmasını gözləmək olarmı?
Hərbçi ekspert İbrahim Rüstəmli öncə qeyd etdi ki, İrəvan bu illər ərzində münaqişənin həllinə nail olmaq üçün heç zaman konstruktiv addım atmayıb: "Ermənistan 30 ilə yaxındır ki, problemin həlli istiqamətində yarana biləcək hər hansı bir ümidi, işığı qapatmağa çalışıb. Yəni İrəvanın yeganə niyyəti odur ki, proses konservləşdirilmiş şəkildə qalsın. Çünki donmuş problemin donunun açılması həqiqətlərin üzə çıxmasına səbəb ola bilər. Ona görə də birmənlı şəkildə Ermənistanda hakimiyyətdə olan bütün iqtidarlar problemin həlli istiqamətində heç bir optimal addım atmayıblar. Yəqin ki, bundan sonra da atmayacaqlar.  Məsələ ondadır ki, müharibənin başlanması ehtimalı yalnız Ermənistanın bu cür saxta mövqeyilə bağlı deyil. Müharibə böyük  bir hərbi, siyasi kampaniyadır.  Müharibə tək bir və ya iki dövlətin iradəsilə başlaya bilməz.  Xüsusilə Azərbaycan kimi kiçik dövlətin təkbaşına,  sərbəst şəkildə müharibə qərarı verməsi çox məhduddur".
O bildirdi ki, Azərbaycan dövləti torpaqların azad edilməsi istiqamətində ciddi addımlar atır: "Son illərin sükutundan, uzun illərin məhsuldar olmayan prosesdən sonra artıq Azərbaycan bu istiqamətdə ciddi addımlar atmağa başlayıb. Son vaxtlar Qərbdə Azərbaycan, Dağlıq Qarabağla bağlı ölkəmizin və haqqın xeyrinə bəyanatlar səsləndirilib.  Burada Rusiya Müdafiə naziri Sergey Şoyqunun ölkəmizə səfərini də xüsusi vurğulamaq istərdim. Baxmayaraq ki, o yalan danışaraq Ermənistana göndərilən yükün guya tikinti materiallarından ibarət olduğunu deyib. Tarixən Rusiya açıq şəkildə Ermənistanı silahlandırıb və bu proses indi də davam edir".
İ. Rüstəmlinin fikrincə, Şoyqunun Azərbaycana gəlməsi və yalan danışmağa məcbur olması dövlətimizin prinsipial mövqeyindən xəbər verir: "ABŞ Konqresində Dağlıq Qarabağ problemilə bağlı spon zamanlar bir sıra vacib sənədlər qəbul olundu. Bu isə bizim qulağımızın eşitmədiyi, öyrəşmədiyi bir xəbər idi".
Həmsöhbətimiz başlıcası onu vurğuladı ki, Azərbaycan dövlət olaraq öz xarakterini ortaya qoyduqca, iradəsini sərgilədikcə, çox şeylərə nail olacağıq: "Yəni bütün bunları ona görə vurğulayıram ki, müharibənin başlanması məsələsi Azərbaycanla Ermənistan arasında həll olunan məsələ deyil. Burada, ABŞ, Avropa, Qərb və Rusiya amili var. Ona görə də indi çalışırıq ki, dünya miqyasında düşmən tərəfinin qeyri-konstruktivliyi üzündən məsələnin müharibə həddinə çatdırıldığı barədə rəylər formalaşdıraq. Bir növ bu fonda da dünyanın "razılığını" alaq. Çünki, Qərbin, Amerikanın, Rusiyanın razılığını almadan müharibəyə başlaya bilmərik, belədə Azərbaycan təklənə, daha böyük itkilərə məruz qala bilər".
Ona görə də, İ. Rüstəmliə görə, ilk növbədə informasiya təhlükəsizliyi sahəsində təşəbbüsü ələ almalıyıq: "Dünya ölkələrində Dağlıq Qarabağ məsələsilə bağlı informasiya cəbhəsi yaratmalıyıq ki, bəşəriyyət ədalətin kimin tərəfində olduğunu görsün. Yəni bütün cəbhələrdə hücum mövqeyində olmalıyıq. Məhz belə bir mövqe sayəsində qismən də olsa indi hadisələr Azərbaycanın xeyrinə dəyişir. Cənab Prezident Tovuz hadisələrilə bağlı keçirdiyi müşavirədə  dedi ki, heç kəs hadisələri qabaqlamağa tələsməsin, bu bizə ziyan verə bilər. Belə bir fikirin dövlət  rəhbəri tərəfindən səslənməsinin mühüm gücü vardır. Tələsməməliyik. Tələsmədən toparlanmalı və bütün gücümüzü Dağlıq Qarabağ probleminin həlli istiqamətində vacib olan məqamlara yönəltməliyik. Dünya miqyasında Qarabağla bağlı Azərbaycanın xeyrinə rəy formalaşdırmalıyıq. Yalnız bundan sonra Ermənistan özünün qeyri-konstruktivliyindən əl çəkməsə,  müharibəyə başlamaq ehtimalından danışmaq olar".
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz