Əlaqə Arxiv
news Image
2013.08.06
11:24
| A A A
Ordumuzda NATO hərbi texnikasının sayı artacaq
Hatəm Cabbarlı: “Azərbaycan sadəcə Rusiyadan deyil, digər dövlətlərdən də silah almağa çalışır” Üzeyir Cəfərov: “Bunlar zamanla və mərhələli şəkildə həyata keçirilməlidir” Azərbaycanın Avroatlantik məkana inteqrasiyası çərçivəsində vacib məsələlərdən biri də NATO ilə hərbi əməkdaşlığın getdikcə dərinləşdirilməsidir. Burada ən əsas məqamlardan biri də Azərbaycan hərbi sistemində NATO istehsalıolan texnikalardan istifadə olunmasıdır. Yəni, qeyd olunan kontekstdə Silahlı Qüvvələrinin istifadəsində olan Rusiya müdafiə sənayesi komplekslərinin hərbi texnikasının NATO-ya daxil olan ölkələrin silahları ilə əvəzlənməsi gündəmə gəlir. Ancaq mütəxəssislər Azərbaycan üçün bunun o qədər asan olacağını düşünmürlər.

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, Azərbaycan region ölkələrilə müqayisədə ən inkişaf etmiş dövlət böyük potensial sahibdir: "Bundan başqa, Azərbaycanda döyüş silahlarının istehsal edilməsi də təqdirəlayiq bir hadisədir. Amma elə silahlar var ki, Azərbaycan onu istehsal etməkdə texniki potensiala sahib deyil. Bütün ölkələrdə belədir. Ölkələr bütün növ döyüş silahlarını özü istehsal etmir. Bunu adətən dünyada 5-7 dövlət istehsal edir və öz mütəffiqlərinə satır. Azərbayanın bu gün bütün növ döyüş silahı istehsal etməsinə ehtiyac yoxdur. Ən azından Azərbaycan ağır silahların bir qismini mütəffiq olduğu və ya ikitərəfli müqavilə imzaladığı dövlətlərdən alır. Azərbaycanın silah alımında əsas tərəfdaşı Rusiya Federasiyasıdır. Buna baxmayaraq, Azərbaycan bu gün Rusiyadan olan hərbi ticarət münasibətlərinə alternativ yollar axtarır. Çünki, hansısa bir dövlətin tək bir dövlətdən silah alması onun hərbi strateji məqsədlərini tam olaraq ifadə etmir. Buna görə də Azərbaycan sadəcə Rusiyadan deyil, digər dövlətlərdən də silah almağa çalışır".

Politoloq bildirdi ki, Azərbaycanın NATO ilə münasibətlərini nəzərdən qaçırmaq olmaz: "Azərbaycan NATO-nun üzvü olmasa da, onun bir sıra beynəlxalq tədbirlərində iştirak edir. Fərdi tərəfdaşlıq proqramı çərçivəsində son 10 ildə Azərbaycan - NATO münasibətləri olduqca inkişaf edib. NATO dünyanın bir neçə problemli bölkgələrində Azərbaycanın hərbi gücündən istifadə edir. NATO beynəlxalq təşkilat olduğu üçün, onunla silah ticarətinin həyata keçirməsi mümkün deyil. Amma NATO – ya üzv olan ölkələrlə silah ticarəti münasibətlərini genişləndirməyə çalışmalıyıq. Azərbaycanın həm yerli hərbi sənayesini inkişaf etdirməsi, həm də ona strateji cəhətdən yaxın olan dövlətlərlə hərbi sənayesində münasibətlərini inkişaf etməsi labüddür".

Hatəm Cabbarlı son olaraq qeyd etdi ki, Azərbaycanın silah ticarətindən Rusiaydan birdəfəlik imtina etməsi doğru olmazdı: "Bu, heç mümkün də deyil. Həmçinin Azərbaycanın geosiyasi maraqlarına tərs düşür. Çünki, burada Azərbaycanın Rusiya ilə münasibətlərində müəyyən problemlər yarana bilər. Bundan başqa, Rusiyadan imtina edib digər dövlətlərə yönəlsə, yenə də Azərbaycan bir və ya iki dövlətdən hərbi sənaye sahəsində asılı vəziyyətə düşə bilər. Odur ki, Rusiya ilə paralel olaraq, digər dövlətlərlə hərbi – ticari münasibətləri inkişaf etdirməsi daha məntiqli olardı".

Hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan hələ də öz silah arsenalında Rusiya istehsalı olan texnikalardan istifadə etməyə məcburdur: "Ona görə də həmin silahlardan birdəfəlik və dərhal imtina edə bilmərik. Bu, xüsusən də döyüş bölgəsində yerləşən hərbi hissələrin döyüş qabiliyyətinin zəifləməsinə gətirib çıxaracaq. Bundan da əlavə, həmin silahın yerinə gələcək silahı idarə edə bilən kardlar hazırlanmalıdır. Odur ki, bunlar zamanla və mərhələli şəkildə həyata keçirilməlidir. Amma sonuncu hərbi paraddakı texnika onu deməyə imkan verir ki, Azərbaycan yaxın 5 ildə bu texnikadan imtina etməyəcək. Çünki, həmin texnikaların içərisində Rusiya istehsalı olan texnikalar var idi. Olsa – olsa, qısa bir müddətdə atıcı silahlardan tədricən imtina edə bilər. Prinsip etibarı ilə bu proses gedir. Türkiyə, Çin, Pakistan və digər ölkələrin istehsalı olan silahdan istifadə edir".

Ekspert əlavə etdi ki, NATO-ya inteqrasiya prosesi çərçivəsində elə bir qərar qəbul olunsa, köhnələri qalmaq şərti ilə yeni silahlar əlavə ediləcək: "Mütəxəssislərin də hazırlıq prosesi həyata keçiriləcək. Ancaq bu istiqamətdə işlər sürətlə aparılmalıdır. Azərbaycan bu illər ərzində müəyyən uğurlara imza ata bildi. Odur ki, ağır proses olsa da, həyata keçirilməsi mümkün olan prosesdir".

Sizin Reklam Yeriniz