Əlaqə Arxiv
news Image
2020.09.06
12:27
| A A A
Azərbaycan – Türkiyə - təkcə dost yox, həm də qardaş ölkələrdir

Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün yüksələn xəttlə inkişaf edir. Azərbaycan müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün Azərbaycan qədər əzmkarlıq göstərir. Uzun illər iki qardaş ölkə arasında mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək həm də Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır. Məhz İki ölkənin orduları arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Hər iki ölkənin Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirlikləri arasında, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində də uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə Respublikası Azərbaycana hərbi tibb mütəxəssislərinin hazırlanması sahəsində dəstək verən ölkələr arasında ön sırada dayanır. Qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət daşıyır. Mövcud vəziyyətdə Azərbaycan üçün hərbi-siyasi müttəfiqlərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 2-də Yunanıstanın səfirini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlərdə ölkəmizin qətiyyətli mövqeyini ifadə etmiş, əzm və iradə göstərmişdir: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük..." Türkiyənin 12 iyulda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata ilk münasibət bildirən dövlət olduğunu önə çəkən cənab İlham Əliyev bir daha bu reallığı xüsusi diqqətə çatdırmışdır ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Sevindirici haldır ki, dövlətimizin başçısının bu fikirləri qardaş Türkiyə dövlətinin rəsmiləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Gülmirə Məmmədova Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz