Əlaqə Arxiv
news Image
2020.09.06
21:13
| A A A
Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlıq daha da inkişaf edir

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə qardaş Türkiyə olmuşdur. Bu dövr ərzində ağır sınaqlardan çıxan ölkələrimiz qardaşlıq münasibətlərinin qorunmasına əzmlə nail ola bilib. İctimaiyyət arasında haqlı olaraq belə bir fikir formalaşıb: Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur. Ötən illər ərzində iki qardaş ölkə arasında bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənib və daha da inkişaf edib. Bu sahələrdən ən əhəmiyyətlisi hərbi sahədəki əməkdaşlıq olmuşdur. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər Son vaxtlarda bu əməkdaşlıq əlaqələri daha da genişlənib. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Bu təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təlimlər quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident qeyd edib ki: "Bu, bir ənənədir. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür". Erməni millətçi dairələri ötən əsrin sonunda Dağlıq Qarabağa qarşı əsasız ərazi iddiaları ortaya qoyaraq yenə də dövlət müstəqilliyimizə qarşı növbəti strateji təxribatın iştirakçısına çevrildilər. Türkiyə tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ortaya çıxan gündən öz qardaşlıq mövqeyini əzmlə ortaya qoydu. Xalqımızın haqq işinin dəstəklənməsi Azərbaycanın Türkiyə sevgisini daha da yüksəklərə qaldırdı. Azərbaycan da öz növbəsində Türkiyəyə qarşı hər hansı təhdid olan zaman öz qardaşlıq borcunu yerinə yetirərək onun yanında olur. Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz dəstəyi türk qardaşlarımızdan da görürük. Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı bildirmişdir: "Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik". Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.

İlqar Əliyev – YAP Səbail Rayon Təşkilatı Gənclər Birliyinin üzvü

Sizin Reklam Yeriniz