Əlaqə Arxiv
news Image
2020.09.17
09:15
| A A A
Analitiklərin dediyini müxalifət də təkrarlayır
Xarici qüvvələrə işləyənlərin hakimiyyətə yolu bağlı olur

Azərbaycandakı müxalif partiyalar haqda son vaxtlar deyilən tənqidlər xeyli artıb. Artıq iş o yerə çatıb ki, bəzi müxalif partiyaların nümayəndələri də özlərini tənqid edir, müxaliflər barədə sərt fikirlər söyləyirlər. Növbəti belə bir rəy okeanın o tayında, oturub müxalif cəbhədə yer alan keçmiş spiker Rəsul Quliyevdən gəlib. Onun özünə də aid olan dediyi sözləri kieçmiş məmur və iş adamının acı etirafı da saymaq olar: “Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur. Heç kiçik bir partiyanı normal yaradıb işlədə bilmirlər. Ona görə Azərbaycanda reformalar yolu ilə xalqın rəğbətini qazanmaq hökümətin üzərinə düşür”.
Bu fikirləri özünün sosial şəbəkədəki hesabında gündəmə gətirən R.Quliyev qeyd edib ki, bu günə qədər heç bir işlə məşğul olmayan reytinqsiz Kərimlini, Həsənlini, kənd jurnalisti Hacılını (Mütəllibovun hakimiyyəti qoyub qaçandan sonra yarı demokratik, yarı saxtakarlıqla hökümətdə işləmiş bu adamlar bir illik fəaliyyətləri nəticəsində ölkədəki idarəçiliyin bütün hüceyrələrini məhv etmişdilər) tənqid etməklə onlara qarşı diqqəti gücləndirmək kimə və nəyə lazımdır? Daha sonra eks-spiker və hazırkı müxalifətçi məsləhət verməyi də özünə rəva bilir: “Hesab edirəm ki, xalqın etimadını qazanmaq üçün boş və mənasız “müxalifətə” baş qoşmadan korrupsiya və rüşvətlə real mübarizə davam etdirilməli və fundamental reformalar başlanmalıdır...”.
Düzgün çıxarılmış nəticədir, deyilmi? Düzdür, Rəsul Quliyev bu sözlərin özünə aid olub-olmamağı barədə bir söz demir. Lakin hər bir halda onun özü də bu prosesin içərisindədir və məsuliyyətin müəyyən faizi onun çiyninə düşür. Buna görə də ABŞ-da oturub müxalifətçi mövqeyi sərgiləməklə o, hakimiyyətə gəlməkmi istəyir? Əli Kərimlilər, Həsənlilər və qeyrilər çoxdan oxunmuş kitablardır və hamısı öz çığır-bağıqları ilə iyirminci əsrdə qalıblar. Yeri gəlmişkən, Rəsul Quliyev də ötən əsrin kadrı, yaxud yadigarıdır. Yadıma düşmüşkən, 1998-ci ildə çox aısa bir müddətdə “Demokratik Azərbaycan” adlı qəzetə redaktorluq edirdim. Günlərin bir günü tanlımadığım adamlar hay-küylə redaksiyaya təşrif buyurdular ki, bəs, Rəsul Quliyevin partiyasına üzv yazılmaq istəyən bir gənci hakimiyyət qurumları ciddi təqib edir, hədələyirlər və bu adamın həyatına təhlükə yaranıb. Bu hadisəni qəzetdə işıqlandırarsınızmı? Dedim, təbii, əgər fakt həqiqidirsə. Buna görə də həmin şəxsin redaksiyaya gəlib özünün müracət etməsini tələb etdim. Bu arada öyrəndim ki, redaksiyaya gələnlər R.Quliyevin qohumları və eyni zamanda partiyasının təşkilatçılarıdır. Haqqında bəhs etdiyim gənclə söhbət zamanı məlum oldu ki, bu gəncin psixoloji problemləri var və özü, ümumiyyətlə, söhbətin nədən getdiyini bilmir. Sorğulara “bilmirəm”, “nə bilim”, “mənə dedilər ki...” və sairə bu kimi cavablar verdiyindən onu təqdim edən adamlara dedim ki, bu cür saxta faktları qəzetə çıxarmağın mənası yoxdur. Özünüzü ifşa edərsiniz. Mən bu məsuliyyəti üzərimə götürmərəm. Aydın görünürdü ki, həmin şəxslər kiməsə ( yəqin ki, Rəsul Quliyevə) sübut etmək istəyirdilər ki, bax, işləyirik, hakimiyyətə qarşı adamlar yetişdiririk və s. İndi o vaxtdan 22 il keçib və hələ indi eks vəzifə sahibi anlayıb ki, o cür müxalifətin axırı bu cür səbatsız olar.
Xalq yaxşı görür və qiymətləndirir ki, hakimiyyəti, dövləti kim idarə edə bilər, kim idarə edə bilməz. Amma nə edəsən, xalqa, dövlətə, milli birliyə, azadlığa, qürura yox, pula sitayiş edənlər nəyə desən gedirlər. Rəsul Quliyev rüşvətxorluqla mübarizədən danışır. Bəs, nə əcəb ,özü yüksək postda oturanda bu mübarizəni aparmırdı?! Axı, o vaxtlar korrupsiya daha dəhşətli vəziyyətdə idi. İndi isə hökumət bu işdə əsaslə dönüşə nail ola bilib və mübarizəni uğurla davam etdirir.
Nə isə... Bu da bir dərsdir, müxalifətin özünün özünə verdiyi dərs. Bunu Rəsul Quliyev deyirsə, demək, özü anlayıb, bəs, silahdaşları? Onlar özlərinə aid olan bu fikirləri qəbul etməyi bacaracaqlarmı?
N.NOVRUZ  

Sizin Reklam Yeriniz