Əlaqə Arxiv
news Image
2020.09.18
08:51
| A A A
Qarabağda antiterror əməliyyatları zərurətə çevrilir
Elxan Şahinoğlu: “PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Azərbaycanın tam ixtiyarı çatır ki, Türkiyə ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyyatları həyata keçirsin”

Ermənistan hökuməti Livan ermənilərini Azərbaycan ərazisi olan Qarabağda yerləşdirdikdən sonra PKK-nın da sözügedən bölgəyə gəldiyi və PKK-nın qondarma xüsusi təyinatlılarını Qarabağa göndəriyi iddia edilir. Məlum olduğu kimi, Ermənistan hökumətinin beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi olan və 29 il əvvəl Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın demoqrafik quruluşuna müdaxiləsi davam edir.
Türkiyə mediasının yazdığına görə, Livanın paytaxtı Beyrutdakı liman partlayışından sonra Paşinyan hökuməti yüzdən çox Livan ermənisini Dağlıq Qarabağda və Ermənistan tərəfindən işğal olunmuş digər  Azərbaycan ərazilərində məskunlaşdırıb. Baş nazir Paşinyan gələnləri hava limanında qarşılayaraq, onlara tez bir zamanda vətəndaşlıq veriləcəyini bildirmişdi. 2009-cu ildə Suriya müharibəsi zamanı Suriya erməniləri üçün də eyni şərait yaradılmışdı və Dağlıq Qarabağa köç dalğası davam etdirilmişdi.
Türkiyə mətbuatında Paşinyanın demoqrafik quruluşla yanaşı, Dağlıq Qarabağdakı hərbi quruluşa da qeyri-rəsmi müdaxilələr etdiyi iddia edilir. Bölgədəki təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, terror təşkilatı PKK-nın xüsusi təyinatlılarını qondarma Dağlıq Qarabağa göndərdiyi və ermənilərə hərbi təlim verdiyi bildirilir. PKK-nın bölgəyə yeni hücum dalğası yaratmağı hədəflədiyinə işarə edildiyi bir vaxtda, Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi zamanı 250-ə yaxın erməni əsgərinin Suriyadakı PYD / YPG sıralarına qatıldığı iddia edilir. Bir müddət əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirmişdi ki, Livanda yaşayan erməni ailələrinin Qarabağa köçürülməsi işin görünən tərəfidir. Onun sözlərinə görə, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK-çı Dağlıq Qarabağa yerləşdirilib.
PKK-nın Qarabağa yeni köçü nədən qaynaqlanır və bu, antiterror əməliyyatlarına zəmin yarada bilərmi? 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə,  PKK-nın Qarabağa yeni köçü Türkiyə ilə Azərbaycanın birgə antiterror əməliyyatı keçirməsinə tam zəmin yaradır: “İrəvanla PKK terrorçuları tərəfindən belə bir addmın atılması gözləniləndir. PKK terrorçularının işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirildiyi barədə infomasiyalar həqiqəti əks etdirir. İllər uzun PKK ilə erməni terrorçu ASALA təşkilatı arasında ittifaq olub. Onlar uzun illərdən bəri əməkdaşlıq edib. Livandakı bazalarda birgə təlimlər keçiblər. Digər tərəfdən, hazırda Suriya və İraqda PKK-nın vəziyyəti ağırlaşıb. Türkiyə Ordusu PKK qüvvələrinə sarsıdıcı zərbələr endirib.  Belə vəziyyətdə mümkündür ki, PKK terrorçularının bir hissəsi öz düşüncələrinə görə daha təhlükəsiz yerə köçürülməsini istəyə bilər. Onların düşüncəsinə görə indiki vəziyyətdə təhlükəsiz yer məhz Azərbaycanın işğal altındakı rayonları ola bilər. Bununla həm Ermənistana dəstək vermiş olur, həm də bir növ özlərini Türkiyə Ordusunun hücumlarından qorumuş olurlar. Bu prosesin başlanması mümkündür”.
Belə şəraitdə həmsöhbətimizə görə, Azərbaycan məsələni yenidən beynəlxalq təşkilatlar qarşısında qaldıra bilər. Amma bununla belə E. Şahinoğlu bu diplomatik addımın ciddi reaksiya doğuracağını zənn etmir: “Necə ki, Livandan ermənilərin işğal olunmuş torpaqlarımıza köçürüldüyü barədə məsələ qaldırsaq da, beynəlxalq qurumlar tərəfindən heç bir ciddi reaksiyanın şahidi olmadıq”.
Ekspertin fikrincə, belə olan halda Azərbaycan Türkiyə ilə hərbi ittifaqı daha da genişləndirməli və birgə antiterror əməliyyatına başlamalıdırlar: “Belədə işğal olunmuş torpaqları terrorçulardan təmizləmək üçün qardaş ölkə ilə birgə hərbi əməliyyatlara da başlaya bilərik. PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilirsə, Azərbaycanın tam ixtiyarı çatır ki, Türkiyə ilə birgə sözügedən istiqamətdə müəyyən hücum əməliyyatları həyata keçirsinlər. Bunun başqa alternativini görmürəm. PKK terrorçuları Dağlıq Qarabağda yerləşməklə həm burada ermənilərə təlimlər keçəcək, həm də erməniləri qorumağa, Azərbaycana qarşı təxribatlar həyata keçirməyə çalışacaqlar. Belə olan halda, Türkiyə-Azərbaycan hərbi birliyinin birgə hərbi əməliyyatlara başlamalarının qarşısını heç nə ala bilməz”.
Rüfət NADİROĞLU
Sizin Reklam Yeriniz