Əlaqə Arxiv
news Image
2020.09.22
07:54
| A A A
Ermənistanın özbaşınalığı ona baha başa gələcək
Əriklər ölkəsinin qurdlu siyasəti özünə qarşı çevrilən fəlakətdir

 

Bir neçə gün əvvəl yerli telekanallara müsahibə verən Prezident İlham Əliyevin suallara verdiyi cavablar Cənubi Qafqazda baş verən hadisələrin dərin siyasi təhlilini meydana gətirib. Müsahibənin siyasi məğzi Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı olub və görülən işlərin, aparılan siyasətin ictimaiyyətə hesabatı təəssüratı yaradıb. Lakin əsas odur ki, dövlət başçısı düşmənə konkret və kəskin mesajlar göndərərək, onlara və ölkəmizin digər opponentlərinə aydın bildirib ki, Azərbaycan ərazi bütpvlüyü məsələsində qətiyyətini axıra qədər davam etdirəcək və Ermənistanın işğalı qanuniləşdirmək arzusu sonda bu ölkənin fəlakətini daha da artıracaq.

Prezidentin cavabından sitat: “Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün”. Bəli, siyasət nə qədər qapalı, sətiraltı mənalarla zəngin olsa da, hər bir sirrin müəyyən məxfilik statusu olur. Əgər verilən söz tərəflərdən birinin günahı ucbatından yerinə yetirilmirsə, onda həmin sözlərin məxfilik qrifi öz-özünə ləğv olunur. Ermənistan rəhbərliyinin Qarabağın işğalı ilə bağlı apardığı  qeyri-rasional siyasət yalanlarla doludur və məqsədi işğalı qanuniləşdirib ikinci dəfə Azərbaycan torpaqlarında daha bir erməni dövləti yaratmaqdır. Baxmayaraq ki, beynəlxalq hüquq onların bu iddiasını rədd edir, baxmayaraq ki, beynəlxalq hüquqi qurumlar onlarla sənəd, qətnamə qəbul edib ki, Ermənistan qoşunları Azərbaycanın işğal etdikləri ərazilərindən qeyd-şərtsiz çıxıb getməlidirlər, düşmən bu sənədləri vecinə almır və belə görünür ki, vecinə almaq fikrində də deyil. Ara-sıra aparılan danışıqlar isə imitativ xarakter daşıyır.

Buna görə də Azərbaycan prezidenti münaqişənin həll edilməsi üzrə hazırkı durum haqda deyib: “Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub”.

“Pozur yox, pozub” ifadəsi göstərir ki, ermənilərin hər bir cümləsi, sözü və addımı həssaslıqla izlənilir və dərindən təhlil olunur, sonra isə adekvat addımlar atılır. Əgər bir tərəf sözündən qaçırsa, onda digər tərəfin hər cür addıma haqqı çatır. İki il əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan və Ermənistanın baş naziri arasında ayaqüstü söhbətdə danışıqlar stolunun arxasında edilən söhbətlərdən daha səmərəli dialoq baş tutmuşdu. Paşinyan Azərbaycan Prezidentindən vaxt istəmiş və bildirmişdi ki, tədricən daxili vəziyyəti düzəldəcək və substantiv danışıqlara başlayacaqlar. Lakin o, erməniliyin nümayəndəsi idi və vaxtı işğala son qoymaq üçün daxili auditoriyada nüfuz qazanmasına yox, öz mafiyasını yaradıb sərvət toplaması üçün istəyirmiş. Buna görə də özünün qara biznes strukturlarını düzəldən kimi “Qarabağ Ermənistandır” deyib, hər şeyin üstündən xətt çəkdi. Bu səbəbdən, əslində o, öz hakimiyyətinin üstündən xətt çəkmiş oldu. Bu gün Ermənistan baş naziri vəzifəsini qorumaq üçün çalışır və hər cür bədxahlığa gedir. Cəbhədə isə təxribatlar törətməklə erməni ictimaiyyətinin başını qatmağa çalışır. Guya, müharibə getdiyi üçün sosial məsələlərə geniş diqqət ayıra bilımir, ölkəsinin gələcək taleyini düşünür və sairə. Amma Paşinyan ölkəsinin yox, öz taleyini düşünsə də, əslində Ermənistanın gələcək taleyi sual altına düşüb.

Düzdür, Ermənistanın baş naziri Nikol Paşinyan heç də özbaşına rəhbər deyil. Birincisi, onun dövləti müstəqil deyil, forpost ölkədir. İkincisi, erməni diasporu və lobbisi hökumət başçısını öz təsirləri altında saxlayır və istədikləri şəkildə, kobud desək, “fırladırlar”. Amma əgər Paşinyan bir şəxsiyyət kimi Paşinyan və xalqını sevən övlad olsa idi, onda həyatını təhdid təhlükəsinə ataraq verdiyi sözü tutar və Azərbaycanla dinc yanaşı yaşamaq prinsiplərindən çıxış edib, işğala son qoyar, bununla da regionda Azərbaycanıln və Türkiyənin bərabər əsaslarda tam iqtisadi və siyasi dəstəyini alaraq xalqını ağ günə çıxara bilərdi. Lakin onun buna gücü və intellekti çatmadı. Buna görə də məsələni daha da qəlizləşdirdi və nəticəsi həm Ermənistan, həm də onun baş naziri üçün çox ağrılı qurtaracaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibəsində bu hipotezi də gündəmə gətirib: “Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır”. Bu çox ciddi siqnaldır. Demək, hər an döyüşlər alovlana bilər və əgər bu baş versə, Azərbaycan Ordusunu daha kimlərinsə zəngi və xahişləri dayandıra bilməyəcək. Ermənistanın ordusu da, olan-qalan iqtisadiyyatı da məhv ediləcəkdir. Çünki, Azərbaycan Ordusu bu funksiyanı yerinə yetirməyə qadirdir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz