Əlaqə Arxiv
news Image
2020.09.22
09:20
| A A A
Azərbaycan ordusu düşmənə layiqli cavab verməyə qadirdir
Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış, bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur.  
Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar.  
Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.  Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı  ölkəmizə qarşı nifrətlə yaşayırdı. Onların birbaşa havadarlıqları ilə 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.
Həmin illərdə Xankəndində yerləşən Sovetlər birliyinin 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır.  
Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Ermənistan ordusu tərəfindən işğal olundu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil oldu. Azərbaycana böyük maddi və mənəzi ziyan vuruldu.
Azərbaycan tərəfi   Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir. Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir.
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. 
Ermənistanın bu günkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın Baş naziri, siyasətdə naşı olan Nikol Paşinyan    məsuliyyətsiz addımlar atır, onların nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. Paşinyan   Ermənistanda daxili vəziyyətin ağır olmasından istifadə edərək keçmiş hakimiyyət nümayəndələrindən revanş almağa çalışır, hakimiyyətini uzatmaq üçün danışıqlar prosesini pozmaq üçün bütün üsullara əl atır.
Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltmək, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Paşinyan Soros rejiminin məhsuludur. Fondundun maliyyə dəstəyi sayəsində hakimiyyətə gələn Paşinyanın siyasəti nəticəsində bu gün Ermənistanda söz sahibi məhz Sorosdur.   
Buna görə də Ermənistanda baş verən pozuntulara, siyasi represiyalara xarici dövlətlər göz yumur, onlara açıqca dəstək olurlar. Ermənistanda  iki keçmiş prezident  sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib,əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb və s. Bəs Avropa Şurası, Ermənistan üzrə məruzəçilər, həmçinin “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susurlar?
Həmçinin Rusiya, Serbiya və s. dövlətlər Ermənistanı açıq şəkildə silahlandırırlar. Bu da Ermənistan tərəfindən növbəti təxribatlara səbəb olur. 
Prezident İlham Əliyev öz çıxışlarında qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. O qeyd etmişdir ki, “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir”.  
"Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.
Reallıqda isə bu gün Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir, işğal edilmiş ərazilərə xarici ölkələrdən muzdlular gətirilir, digər hazırlıqlar görülür. 
Lakin Azərbaycan Ordusu ermənilərin növbəti provokasiyalarına hər zaman hazırdır. Ən müasir silah və texnikaya malik olan ordumuz istənilən vaxt düşmənə layiqli cavab verməyə qadirdir. Bunu 2016-cı ilin aprel və 2020-ci ilin Tovuz hadisələri bir daha sübut etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi – “Bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur.  
Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyasının tələbəsi, YAP üzvü
Sizin Reklam Yeriniz