Əlaqə Arxiv
news Image
2020.09.22
14:30
| A A A
Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin BMT-dəki çıxışı Azərbaycanın dünya miqyasında nüfuzunu, ölkəmizə olan hörməti, inam və etimadı bəyan etdi. Dövlətimizin başçısı, eyni zamanda BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında bir daha ölkəmizin və milli maraqlarını qətiyyətlə qorudu. Cənab Prezident BMT-dəki çıxışında Ermənistan rəhbərliyini ifşa etdi, düşmən ölkənin baş nazirinin sözlərinin böhtandan və şərdən ibarət olduğunu isbatladı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident həmçinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin çox böyük olduğunu sübut etdi. Qürurla onu da qeyd edək ki, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini, COVID-19 ilə mübarizəsini, tolerantlıq və multikulturalizm sahəsindəki fəaliyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bir sözlə, Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular. İlham Əliyevin BMT-dəki çıxışı onun Azərbaycan xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, Azərbaycanda alternativsiz lider kimi qəbul edildiyini isbatladı.

Sizin Reklam Yeriniz