Əlaqə Arxiv
news Image
2020.09.22
14:39
| A A A
Paşinyan Sorosun vassalıdır
Elşad Mirbəşiroğlu: “Ermənistan bu fonda daha acınacaqlı duruma düşəcək”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.  Burada Prezidentin toxunduğu məqamlardan biri  Sorosun Ermənistanda  ağalıq etməsidir:  “Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar”.
“Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat heç məsələ qaldırmayıb. Ermənistanda indi iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susur? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır, Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir”.
Bu hal Ermənistana, onun regionda siyasətinə  qarşıdakı dövrdə nə vəd edir?
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu qeyd etdi ki, Paşinyanı hakimiyyətə gətirən Soros olub. Ona görə də hazırda indiki İrəvan hakimiyyəti məhz Sorosun göstərişlərini icra edir: “Nikol Paşinyanın hakimiyyətə gəlməsində təbii ki, Soros kimi bəzi maraqlı qüvvələrin istəyi olub.  Belə olan halda, Paşinyan Ermənistanın milli maraqlarına juyğun deyil, təbii ki, onun hakimiyyətə gəlməsinə dəstək olan qüvvələrin maraqlarına xidmət edəcək.  Bu da artıq göz önündədir.  Ermənistanda Paşinyandan öncə də kifayət qədər ciddi social-iqtisadi problemlər mövcud olub. Ermənistan işğalçılıq siyasətinin girovluğunda olmaqda davam edir. Paşinyan hakimiyyətə gələrkən kütləyə çoxsaylı populist vədlər verdi, Ermənistana investisiyanın cəlb olunacağını bildirdi.  Qarabağ kartından istifadə edərək, ermənilərin könlünü almağa cəhdlər etdi. Amma nail olduğu yeganə amil münaqişə faktorundan öz hakimiyyəti üçün istifadə etməsi oldu.  Ümumiyyətlə, Ermənistanda hakimiyyətdə olanların hamısı Dağlıq Qarabağ faktorundan hakimiyyətlərinin ömrünü uzatmaq üçün istifadə ediblər. Paşinyan da bu istiqamətdə gedir, çünki bacardığı başqa iş yoxdur. O sosial-iqtisadi vəziyyətlə bağlı verdiyi vədlərə isə əməl edə bilmədi”.
Deputat  bildirdi ki, Sorosdan asılı olan Paşinyan elektoral bazasını nəticədə sürətlə itirir: “Burada tək Paşinyanın özünün yarıtmaz siyasəti yox, həm də onun kənar xarici dairələrin maraqlarına xidmət etməsi amili də rol oynayıb.  Azərbaycan Prezidentinin səsləndirdiyi kimi, Paşinyanın davranışları aydın nümayiş etdirir ki, birbaşa Sorosun təlimatları əsasında fəaliyyət göstərir. Hansı ki, bu fəaliyyətin Ermənistanın maraqları ilə heç bir ciddi əlaqəsi yoxdur.  Sorosun təlimatı əsasında idarə olunan Ermənistanın gələcəyini nəzərdən keçirsək,  gələcəyimiz nəticə ondan ibarətdir ki,  düşmən ölkə özünü daha təcrid olunmuş vəziyyətə salacaq. Bu fonda həmin ölkə özünün işğalçılıq siyasətinin daha dərin girovluğuna yuvarlanacaq”.
E. Mirbəşiroğlu kənar güclərin məqsədinin onsuz da ayrı-ayrı dövlətlərin forpostu olan Ermənistan daha asılı dövlətə çevirmək olduğunu dedi: “Belə olan halda, Ermənistan kənar diktələrin marağına uyğun şəkildə fəaliyyət göstərmək  məcburiyyətində qalacaq. Hansı ki, hazırda bunu Sorosun  Ermənistanda ağalıq etməsi fonunda müşahidə edirik. Ermənistan davranışlarını bu istiqamətdə davam etdirəcəksə, regional əməkdaşlıq sistemindən tam kənarda qalacaq. Bu da onsuz da hər baxımdan ağır vəziyyətdə olan Ermənistanı daha da acınacaqlı duruma salacaq”.
R. SOLTANOV
 
Sizin Reklam Yeriniz