Əlaqə Arxiv
news Image
2020.09.22
14:46
| A A A
İflasa uğrayan danışıqlar savaşı qaçılmaz edir
Məhəmməd Əsədullazadə: “Hadisələrin gedişi prosesi sürətlə müharibəyə doğru aparır”


Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti mənfi qiymətləndirdiyini bildirib.
Həqiqətən də, Ermənistanın qeyri-konstruktiv mövqedə dayanması, nəticəyə aparan danışıqlardan imtina etməsi münaqişə ətrafında vəziyyətin daha da gərginləşməsinə gətirib çıxarıb.  Düşmən heç bir vəclə sülhə gəlmək istəmir. Əksinə, onun son hərəkətləri də göstərir ki,  işğalçı tərəf aqressiyanı daha da gücləndirir.  Bunu düşmənin son Tovuz təxribarı zamanı gördük. İrəvan hətta fürsətdən istifadə edərək işğal etdiyi Azərbayan torpaqlarında PKK terrorçularını, Livan və Suriyadan köçən ermənilər yerləşdirir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, konfliktin çözülməsinə cavabdeh olan beynəlxalq təşkilatlar, konkret olaraq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də İrəvanın bu həyasız hərəkətinə göz yummaqda davam edirlər. Onlar təcavüzkarın son hərəkətlərini cilovlamaq üçün bir dəfə də olsun ona qarşı təzyiq metoduna əl atmayıblar. Əksinə, həmsədrlik postunda yer alan bəzi ölkələri Ermənistana silah göndərməkdə davam edir.  Məhz Ermənistanın belə mövqe sərgiləməsinin nəticəsiir ki, uzun müddətdir danışıqlar beləcə dalana dirənib. Danışıqların bu durumu Qarabağ münaqişəsinin sonrakı gedişinə nə vəd edir?
Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, danışıqlar prosesi artıq tam fiaskoya uğrayıb: “Azərbaycan Prezidentinin açıqlaması da göstərir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi artıq fiaskoya uğrayıb. Demək olar ki, artıq danışıqlar keçirilmir. Ermənistan tərəfi absurd şəkildə bəzi şərtlər irəli sürərərk prosesin irəli getməsini dondurur. Belə olan təqdirdə, nə ATƏT-in Minsk qrupunun həmsədrləri, nə də qurumun digər üzvlərinin Ermənistana hər hansı bir təsir və təzyiqləri də ortada yoxdur”.
Politoloqun fikrincə, hadisələrin gedişi prosesi sürətlə müharibəyə doğru aparır. Rusiyanın Ermənistana silah göndərməkdə davam etməsi, Minsk qrupunun vasitəçisi olaraq Moskvanın birtərəfli qaydada İrəvanı silahlandırması həqiqətəndə vəziyyəti gərginləşdirib. Azərbaycan Prezidenti ölkəmiz ətrafında ciddi oyunların getdiyini qeyd etdi. Bu sözlərilə o Rusiyaya eyham vurdu və prosesin belə davam etməsində İrəvan-Moskva tandemini önə çəkdi. Tərəflər göründüyü kimi müharibəyə hazırlaşır. Hazırda danışıqlar prosesi tamamilə dayanıb. Müharibənin başlanması ehtimalı mövcud şəraitdə böyükdür. Adi bir qığılcam bəsdir ki, müharibə başlasın. Rügionda müharibənin başlanması təbii ki, Ermənistanın işğalçı siyasəti davam etdirməsinin təzahürüdür.  İrəvan kompromisə gəlmir, danışıqlar masası arxasına oturmur və belədə düşmən tərəf masada olan həll variantlarının üzərindən xətt çəkmiş olur. Belə olan halda, əlbəttə ki, Azərbaycan da manipulyasiyaya hesablanmış danışıqlarda maraqlı deyil. Ölkəmiz münaqişənin həllində maraqlıdır. Bu istər diplomatik, istərsə də müharibə yolu ilə olsun.
Hazırki situasiya artıq müharibənin başlanması ehtimalını ortaya çıxarıb. Bu belə görünür. Regionda güc balansının Azərbaycanın xeyrinə dəyişməsi fonunda hesab edirəm ki, müharibənin başlanması ilə  Ordumuz bir neçə rayonu düşmən tapdağından azad edə bilər”.
Həmsöhbətimin bildirdi ki, ATƏT-in Minsk qrupundakı həmsədr dövlətlər və digər böyük ölkələr Ermənistana təzyiq etməsə, işğal olunmuş torpaqlarımız geri qaytarılmasa,  konkret məzmunlu danışıqlara başlanılmasa, müharibənin başlanması qaçılmazdır: “Ermənistan öz siyasətilə prosesi müharibəyə doğru sürükləyir. Belə olan təqdirdə, Azərbaycan Ermənistana güclü zərbələr endirəcək. Bunu Prezident İlham Əliyev də qeyd etdi. Azərbaycan Ordusu ən müasir silahlar və hərbi texnika ilə təmin edilib. Ermənistan hesab etməsin ki, Rusiyadan alınan metallom yığını slahlarla Azərbaycana qarşı istifadə edə biləcək. Azərbaycan müasir döyüş silahları ilə cəbhə bölgəsində Ermənistanın müdafiə xəttini bir neçə saata məhv etmək gücündədir. Vəziyyət çox mürəkkəbdir. Ermənistanın konstruktiv danışıqlara gəlməsi, masa arxasında oturması yaxın perspektivdə mümkün görünmür. Azərbaycan tərəfi düşmənə ikinci aprel dəhşətlərini yaşatmalıdır. Bundan sonra ola bilər İrəvan danışıqlar masası arxasına əyləşsin. Amma burada Rusiya faktoru da var ki, onun da Ermənistana ciddi təsir və təzyiqləri vardır. Ancaq buna baxmayaraq, Azərbaycanın Türkiyə ilə daha sıx yaxınlaşması, Prezidentin qardaş ölkənin dəstəyini önə çıxarması fonunda proses ətrafında balans ölkəmizin xeyrinə dəyişəcək”.
R. SOLTANOV  
 
 
Sizin Reklam Yeriniz