Əlaqə Arxiv
news Image
2020.09.23
09:10
| A A A
BMT-75 və Azərbaycan

21 sentyabr 2020-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının 75 illiyi münasibətilə yüksək səviyyəli görüş keçirilib.
Görüşün açılış mərasimində çıxış edən BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır ötən illər ərzində beynəlxalq təşkilatı dəstəkləyən hər kəsə təşəkkür edib. V. Bozkır bildirib ki, 75 il əvvəl İkinci Dünya müharibəsindən sonra bünövrəsi qoyulan platformanın əsas məqsədi beynəlxalq addımları harmoniya içərisində həyata keçirmək olub.  
Baş Assambleyanın Prezidenti əlavə edib ki, sülh, təhlükəsizlik, insan hüquqları və inkişaf  BMT-nın əsas təbliğ etdiyi sahələr olub və bunlar bir-biri ilə sıx bağlıdır: “BMT-nin barışıq missiyaları dünyanın müxtəlif regionlarında sülhə nəzarət edir, təşkilatın siyasi missiyaları müxtəlif münaqişələrə davamlı həll yolu tapmaq üzərində yorulmadan çalışırlar. BMT-nin müəyyənləşdirdiyi normalar beynəlxalq mühitin tənzimlənməsinə dəstək verir”. 
Onun sözlərinə görə, bu gün dünya müxtəlif ortaq problemlərlə üzləşir ki, bunlardan iqlim dəyişikliyi, texnologiyanın yaratdığı fəsadlar, pandemiyadır.
Daha sonra BMT-nin Baş katibi Antonio Quterreş çıxış edib. O deyib ki, sülh, ədalət və bərabərlik BMT-nin əsas qayəsidir. BMT-nin bu günə qədər bir sıra uğurlara imza atdığını deyən A. Quterreş bundan sonra da görüləcək bir çox işlərin olduğunu bildirib.
Virtual formatda keçirilən görüşdə Azərbaycan Respublikasının prezidenti, Qoşulmama hərəkatının sədri cənab İlham Əliyev də çıxış edib. O, çıxışı zamanı bildirib ki: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur.
Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.
Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.
Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” ölkə rəhbərliyi rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərt var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.
Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. BMT və beynəlxalq ictimaiyyət Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirməlidir.
Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Cəmalə Cəfərli
Nəsimi rayon təhsil işçisi 

Sizin Reklam Yeriniz