Əlaqə Arxiv
news Image
2020.09.23
11:03
| A A A
BMT-nin açıq və güclü dəstəkçisi – Azərbaycan!

Sentyabrın 22-si BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas bir sıra məqamlarla yadda qaldı. Çıxışında ən həssas nöqtələrə toxunan cənab Prezident bu dəfə də dünya liderlərinin diqqət mərkəzində idi. Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci il martın 3-də Birləşmiş Millətlər Təşkilatına üzv olduğu dövrdən bəri təxminən 30 il müddətində müxtəlif sahələrdə çox böyük tərəqqilərə nail olduğunu vurğulayan İlham Əliyev, 1993-cü ildə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etməsinə qarşı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərinin hələ də yerinə yetirilmədiyinə diqqət çəkdi. Ermənistan silahlı qüvvələrinin  işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal, qeyd-şərtsiz çıxarılma tələbənin hələ də tətbiq olunmaması, bu qətnamələrə məhəl qoymaması düşmən tərəfinin ümumilikdə təşkilatı və bu qətnamələrin qəbul edilməsində iştirak edən dövlətləri heçə saymasının bariz nümunəsidir. Ermənistan tərəfinin bununla kifayətlənməyib işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma siyasətini həyata keçirməsi bütün beynəlxalq hüquqları kobud şəkildə pozma vərdişindən əl çəkmədiyini bir daha sübut edir.
        BMT-nin əsas məqsədlərinin insan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm və ekstremizmin dünyada milyonlarla insanlara mənfi təsirinin qarşısını almaq olduğunu xatırladan cənab Prezident Ermənistan tərəfinin atdığı addımlara göz yummağın dözülməz olduğunu bildirdi. Bu səbəbdən İlham Əliyev yaranmasının 75-ci ildönümündə BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış etdi. Bu çağırış Xocalı soyqırımına ədalət istəyən ölkənin hayqırtısı idi, bu çağırış bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş ölkənin haqq səsi idi, bu çağırış işğal olunmuş ərazilərində tarixi və dini abidələri məhv edilmiş xalqın ədalət istəyən səsi idi. Bu ilin iyul ayında Ermənistan qoşunlarının təmas xətti və Ermənistan- Azərbaycan sərhədi boyunca törətdiyi təxribat məticəsində həlak olmuş hərbçiləri və mülki vətəndaşı olan bir ölkənin belə bir çağırış etməsi ən ali haqqıdır. Siyasətinin mərkəzində “Azərbaycanofobiya” və islamofobiya duran bir ölkə BMT kimi nüfuzlu təşkilat və digər dövlətlər üçün hansı önəmli mövzularda aparıcı rol ola bilər? Bu cavabı olmayan suallar silsiləsindən idi. İndi isə reallığa keçək – Azərbaycanın bu 30 il ərzində dünyaya verdiyi töhfələrdən sadəcə bir neçəsini sadalayaq. 2016-cı ildən 120 ölkənin yekdilli qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilən Azərbaycan beynəlxalq hüquqa hörmət və bunu təmin etməkdə, BMT-nin rolunun gücləndirilməsində, onun potensialından tam istifadə edilməsində mühüm rol oynayır. 
         2020-ci il may ayında Qoşulmama Hərəkatına üzv ölklərin dövlət və hökümət başçıları ilə Covid-19 pandemiyasına qarşı Zirvə toplantısı keçirən Azərbaycan BMT Baş Assambleyasında pandemiya ilə mübarizə məqsədilə Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və 130 ölkə bu təşəbbüsü dəstəklədi. Belə bir çətin zamanda Azərbaycan 30 ölkəyə humanitar və maliyyə yardımı göstərdi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırdı. Eyni zamanda dövlətimiz bu təşkilata 10 milyon dollar məbləğində könüllü maliyə töhfəsi verdi. Siyasətində insan sağlamlığının hər şeydən vacib olduğunu göstərən hökümətimiz  mədəniyyətlərarası əlaqələrin də vacibliyini unutmur. 2008-ci ildən Azərbaycan tərəfindən  başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqların möhkəmləndirilməsinin əsas mərhələlərindən idi. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi, 2015-ci ildə İlk Avropa Oyunlarına, 2017-ci ildə lV İslam Həmrəyliyi Oyunlarına ölkəmizin ev sahibliyi etməsi mədəniyyətlərarası əlaqələrin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasının göstəricisidir. BMT multikulturalizm və beynəlxalq  əməkdaşlığın simvolu olan bir təşkilatdır, göründüyü kimi Azərbaycan bu yolda BMT-yə daim açıq və güclü dəstək verir. Cənab Prezidentin də nitqində söylədiyi kimi “ Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.” Bəli, təki bütün ölkələr qəbul edilmiş qətnamələrə, beynəlxalq hüquqlara hörmətlə yanaşsın və onların qorunmasında birgə mübarizəyə başlasınlar!
Günəş Əliyeva
Azərbaycan Tibb Universitetinin tələbəsi

 

Sizin Reklam Yeriniz