Əlaqə Arxiv
news Image
2020.09.23
11:51
| A A A
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır

       Respublikamız müstəqillik əldə etdikdən sonra bütün sahələrdə uğurların əldə olunmasına nail olunmuşdur. Müstəqilliyin ilk illərində daxili sabitlik bərpa edildikdən sonra respublikamız həm iqtisadi,həm də siyasi sahələrdə bir sıra uğurlu islahatların aparılmasına nail olmuşdur.Əsası Ümumilli liderimiz,Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sabitlik və inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün respublikamız böyük iqtisadi inkişafa nail olmuşdur. 
       Respublikamızın iqtisadi gücü artdıqca Azərbaycanımızın beynəlxalq aləmdəki imici də inkişaf etməkdə davam edir. Aparılmış uğurlu islahatların nəticəsidir ki,bu gün respublikamız regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.
     İqtisadi gücümüzün nəticəsidir ki,regionda aparılan bütün beynəlxalqiqtisadi layihələrdə müstəqil Azərbaycanımız önəmli yerlərdən birini tutur. Bir vaxtlar ölkəmizə beynəlxalq yardımların edilməsinə baxmayaraq indi respublikamız tərəfindən ayrı-ayrı dövlətlərə yardımlar edilir, respublikamız bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. 
     Digər beynəlxalq təşkilatlarla yanaşı Azərbaycan BMT ilə də səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 2012-2013-cü illərdə 155 dövlətin dəstəyi ilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Halhazırda ölkəmiz 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edir. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 2020- ci ilin may ayında bizim təşəbbüsümüz ilə Qoşulmama Hərəkatının Covid-19-a qarşı onlayn formatda Zirvə görüşü keçirildi. 
     Bütün beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə Azərbaycanımızın haqq səsini dünyaya çatdırmış və həmişə öz qətiyyətli mövqeyini ortaya qoymuşdur. Bu günlərdə keçirilən BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Azərbaycanın haqq işini dünya dövlətlərinin nəzərinə çatdırmışdır. Prezident çıxışında insan hüquqlarının pozulması ilə müşahidə olunan silahlı münaqişələr, terrorçuluq, separatizm və təcavüzkar siyasətlərdən danışaraq bütün bunların dünyada milyonlarla insana mənfi təsirini xüsusi qeyd edərək beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacın olduğunu bildirmişdir. Və bütün bu işlərdə Qoşulmama Hərəkatının rolunu qeyd etmişdir. Çıxışına davam edən Prezidentimiz BMT-nin güclənməsinə və islahatların aparılmasına ehtiyac olduğunu vurğulamışdır. 
        Müstəqillik əldə etdikdən sonra Azərbaycanın müxtəlif sahələrdə böyük tərəqqiyə nail olduğunu qeyd edən İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonunun Ermənistan tərəfindən işğalını və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin Ermənistan tərəfindən həll edilməməsini təəssüflə vurğulamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, sərhəd boyunca mülki əhalini qəsdən hədəf alır, daim təxribatlar törədir, aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Möhtərəm Prezidentimiz Ermənistan Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu bir daha qətiyyətlə dünya dövlətlərinin nəzərinə çatdırmışdır. 
       Hər bir Azərbaycan gənci kimi mən də inanıram ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində tezliklə işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq və Azərbaycanımızın iqtisadiyyatı daha da inkişaf edəcəkdir. 
Xəlilli Sona 
Nəsimi RİH könüllüsü

 

Sizin Reklam Yeriniz