Əlaqə Arxiv
news Image
2020.09.23
15:48
| A A A
Qarabağ münaqişəsinin hərbi həllinin başlanması tezləşə bilər
Ekspert: “İndiki halda problemin həlli istiqamətində yeganə yol hərbi yoldur”


İşğalçı Ermənistan tərəfi cəbhə bölgəsində gərginliyi artırmaqda davam edir.
Bu müstəvidə Azərbaycan Ordusu özünün döyüş hazırlığını daha da yüksəldir. Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər. Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir. Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir. Bir sözlə, Ermənistan sülh danışıqlarına gedərək münaqişənin həllinə nail olmaq əvəzinə öz hərəkətlərilə cəbhədə gərginliyi daha da artırmaq yolunu tutub. Bu da onu göstərir ki, düşmən tərəfi konfliktin dinc yolla həllində maraqlı deyil.
Bu fonda cəbhədə baş verən son gərginlik Qarabağ münaqişəsinin hərbi həllinin başlanmasını tezləşdirə bilərmi?
Siyasi icmalçı Qulu Məhərrəmlinin fikrincə,  hazırkı situasiyada problemin yeganə həll  yolu hərbi müstəvidən keçir: “Cəbhə xəttində gərgin vəziyyət dəfələrlə yaranıb. Bu mənada cəbhə xəttində baş verən son gərginlik də gözlənilməz deyil.  Amma hər bu cür hadisələri  Qarabağ müharibəsinin başlanması kimi qəbul etmək olmaz.  Lakin son gərginliyi müharibəyə hazırlıq kimi qəbul etmək olar. Ona görə ki, ölkə Prezidentinin son çıxışında qoyulan tezislərdən sonra Qarabağ problemilə bağlı heç vaxt bu qədər açıq və bədbin danışılmayıb.  Danışıqlar dalana dirənib, faktiki olaraq bu istiqamətdə heç  bir addım atılmır.  Ermənistanın günahı üzündən prosesdən hər hansı bir irəliləyiş yoxdur.
Ona görə də indiki halda problemin həlli istiqamətində yeganə yol hərbi yoldur.  Azərbaycan bu məsələdə düşmən ölkə ilə müqayisədə böyük və əhəmiyyətli üstünlüklərə malikdir.  Azərbaycanın həqiqətən də döyüşkən Ordusu var. Bunu 2016-cı ilin aprel döyüşləri və bu yaxınlarda Tovuz istiqamətində baş verən döyüşlər də göstərdi.  Hesab edirəm ki, Ermənistanın arxasında Rusiyanın dayanmasına baxmayaraq,  müasir hərbi texnikaya malik , döyüş ruhu yüksək olan və ədalətli müharibə aparan da döyüşdən qalib çıxacaq.  Bu kriteriyalara görə də Azərbaycan düşməndən qat-qat güclüdür.  Xalqımızda böyük ruh yüksəkliyi var, bunu təqdir edirəm.  Amma hesab edirəm ki, çox şey emossiyalar, hisslər, hay-küylə həll olunmur. Ağılla, düşüncə ilə, təmkinlə məsələnin həllinə doğru  getməliyik”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz