Əlaqə Arxiv
news Image
2020.09.24
08:12
| A A A
Savaş qorxusu Ermənistanın ritorikasını dəyişir
Elxan Şahinoğlu: “Bu açıqlama ilə düşmən tərəf özlərinin guya sülhpərvər olduqlarını yenidən dünyaya sırımağa çalışır” İlqar Vəlizadə: “İrəvan müharibədən qorxur, təşvişə düşüb”

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazırdır.  Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib.
Qeyd edək ki, məhz Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe səbəbindən uzun müddətdir ki, Dağlıq Qarabağ üzrə danışıqlar prosesi dalana dirənib.  Düşmən ölkə hər vəclə çalışıb ki, danışıqlar baş tutmasın, olsa da heç bir nəticə hasil olmasın.  Düşmənin bu sərsəm mövqenin nəticəsidir ki, xeyli zamandır tərəfləri danışıqlar masası arxasında görmürük. Danışıqların dalana dirənməsində sözsüz ki, Minsk qrupunun həmsədr ölkələrinin də günahı az deyil. Onlar bu müddət ərzində danışıqların bərpası, onun münaqişənin real olaraq həlli müstəvisinə yönəlməsi istiqamətində hər hansı bir gerçək addım atmayıblar.  Gerçək addım atsaydılar İrəvana təzyiq etməklə onu münaqişənin ədalətli həllinə vadar edərdilər. Lakin bu da ortalıqda yoxdur. Belə bir şəraitdə Azərbaycanın problemin həllinə nail olmaq üçün bir çıxış yolu qalır. O da savaşa başlamaqla bağlıdır.  Son zamanlar Azərbaycan tərəfi danışıqların nəticə vermədiyini tam şəkildə aydınlaşdıraraq, torpaqları azad etmək üçün məhz  savaş müstəvisinə önəm verməyə məcbur olub. Buna onun tam haqqı çatır. Beynəlxalq qanunlar da Azərbaycana  öz haqqının bərpası üçün həmin addıma getməyə qanuni imkan verir.
Azərbaycanın savaşla bağlı xəbərdarlığından sonra Ermənistanın danışıqları bərp etməyə hazır olmaları mövqeyindən çıxış etməsi nə ilə bağlıdır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Mnatsakanyanın sözügedən açıqlaması dünyada  ermənilərin guya  sülhpərvər olduqları obrazını formalaşdlrmağa hesablanıb: “Ermənistan Dağlıq Qarabağ məsələsində yenə də öz mövqeyində qalır.  Yenə də mövcud həll planını qəbul etmirlər. Bu müstəvidə  İrəvanın guya danışıqları bərpa etməyə hazır olduqlarını bəyan etməsi sadəcə beynəlxalq aləmdə özlərini sülhpərvər göstərmək niyyətindən irəli gəlir.  İndiki şəraitdə Azərbaycan mövcud vəziyyətin dəyişməməsilə barışmayaraq müharibəyə hazırlaşır. Bu fonda  hay-küyə düşən İrəvan özünün  sülhpərvər olduğu obrazını yaratmaqla beynəlxalq aləmə sanki mesaj göndərmək istəyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır, ermənilər isə guya sülhə, danışıqlara hazırdır. Belə bir görüntü yaratmağa çalışırlar. Özləri də anlayır ki, belə vəziyyətdə danışıqların heç bir mənası yoxdur.
Bu açıqlama ilə düşmən tərəf yaranmış situasiyadan istifadə edərək özlərinin  guya sülhpərvər olduqları yenidən dünyaya sırımağa çalışırlar.  Bu mənada da Mnatsakanyanın son açıqlaması ancaq görüntü xatirinə ortaya atılan bir mövzudur”.
Politoloq İlqar Vəlizadə qeyd etdi ki, erməni XİN rəhbərinin sözügedən açıqlaması düşmənin mühribədən qorxduğunun göstəricisidir: “Azərbaycanın savaşla bağlı xəbərdarlığından sonra Mnatsakanyanın  Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları istənilən an bərpa etməyə hazır olduğu barədə açıqlaması ondan xəbər verir ki, düşmən tərəf qorxur. Müharibədən qorxurlar.  Son hadisələr onu göstərir ki, Azərbaycan ciddi olaraq savaşa hazırlaşır. Azərbaycan Prezidenti də açıq şəkildə savaşın mümkünlüyü barədə danışıb.  Belə vəziyyətdə İrəvan başa düşür ki, Azərbaycanla təkbətək  qalmaq risqi var və müharibə başlasa uduzacaqlar.  Ermənistan tərəfdə Rusiyanın onları dəstəkləyəcəyi əminliyi də yoxdur.  Aprel hadisələri, Tovuz döyüşü də göstərdi ki, Ermənistan Azərbaycan Ordusu qarşısında tab gətirmək  gücündə deyil. Ona görə düşmən təşvişə düşüb.  Bu səbəbdən də Ermənistan xarici işlər naziri belə bəyanat verir. Amma o bəyanatın real dəyəri yoxdur.  Hamıya bəllidir ki, danışıqlar prosesini pozan da elə İrəvanın özüdür.  Sadəcə görüntü yaratmaq naminə danışıqlarda bu günə qədər iştiak ediblər. Ancaq heç bir nəticə yoxdur. Ona görə də Mnatsakanyanın bəyanatı boş sözlərdir”.
Rüfət NADİROĞLU
 
 
 
Sizin Reklam Yeriniz