Əlaqə Arxiv
news Image
2020.09.24
06:58
| A A A
Azərbaycan diplomatiyası Ermənistanın etiraflarını stimullaşdırır
Təcavüzkar ölkənin yetkililəri gücsüz olduqlarını daha tez-tez vurğulayırlar

 

Son bir neçə gün ərzində Azərbaycan Prezidenti İlham Əliyevin həm yerli telekanallara müsahibəsində, həm də BMT-nin 75-ci sessiyasındakı videoformat çərçivəsindəki nitqində Ermənistanın təcavüzkar dövlət olduğunu, regionda və dünyada dağıdıcı ideologiyaların təbliğatçısı olduğunu faktlarla sübut etməsi erməni cəmiyyətinin eskalasiyasına səbəb olub.

“Ermənistanın hazırkı hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları dalana dirəyib” deyə “Çiçəklənən Ermənistan” partiyasının baş katibi Naira Zöhrabyan “Vestnik Qafqaza” agentliyinə müsahibəsində bildirib. “Biz hesab edirik ki, hazırkı hakimiyyət Qarabağ üzrə danışıqlar prosesini dalana dirəyib. Onda nə mexanizmlər, nə fəaliyyət, hətta münaqişənin nizamlanma haqda təsəvvürləri belə yoxdur və bu da normal sülh prosesini əngəlləyir. Biz hakimiyyət tərəfindən bu istiqamətdə hər hansı bir addımın atıldığını görmürük. Vaxtilə əldə olunanlar az deyildi, ATƏT-in Minsk qrupu 2016-cı ildəki Peterburq razılaşmasına ləbbeyk demişdi. Bəs, indi? Biz hakimiyyətdən tələb edirik ki, Ermənistanın siyasi qüvvələri və xalqla açıq olsunlar, lakin Dağlıq Qarabağ üzrə siyasətdə biz aydınlıq görmürük”-baş katib bildirib.

Zöhrabyan deyib ki, belə vəziyyət insanların həyatına təsir edən sosial problemlərin üst-üstə qalaqlanmasına səbəb olur. Onun fikrincə, erməni xalqının əksər hissəsi hakimiyyətin Dağlıq Qarabağ üzrə hansı siyasəti apardığını anlamır.

Bəzi erməni siyasətçiləri isə Azərbaycan Prezidenti İlham Əliyevin kəskin tənqidini əsas götürərək Ermənistan hakimiyyətinin sadəcə ara qarışdırmaqla məşğul olduğunu gündəmə gətirir. Ermənistanın respublika partiyası sədrinin müavini Armen Aşotyan Ermənistanın baş nazirini hədəf alaraq bu günlərdə deyib: “İlham Əliyevin bəyanatı Nikol Paşinyanın maskasını yırtır”. 

Armen Aşotyan qeyd edib ki, Qarabağ ətrafında baş verənlər onu olduqca narahat edir: “Belə situasiyalarda Nikol Paşinyanın İlham Əliyevə cavab vermək əvəzinə lüzumsuz mühazirələr oxuması, Əliyevin çıxışını şərh edə bilməməsi haqda xarici işlər nazirinin emosional nitqi və bu mövzunu hakim Azərbaycan səviyyəsində qalması – sadəcə, absurddur”.

O qeyd edib ki, İlham Əliyevin bəyanatında tanklar və toplar görünür: “Əgər müharibə başlasa, bu müharibədə Ermənistana günahkar yarlığı yapışdırılmamalıdır”. Siyasətçi əsas günahkar kimi Ermənistanın hakimiyyətini görür və bildirir ki, hazırkı dövrdə Azərbaycan təbliğatı qələbə qazanır.

Təkcə təbliğardamı? Bu gün Azərbaycan bütün cəbhə boyu düşməni üstələyir. Regionun lideri olan Azərbaycanın iqtisadi qüdrəti Ermənistanı nəinki kölgədə qoyur, həm də əl-qol açmasına imkan vermir. Çünki, o, təcavüzkardır, sülhün əleyhinədir, qonşularına, o cümlədən azərbaycanlılara öz düşməni kimi baxır. Halbuki, E4remənistandan başqa digər bütün region dövlətlərinin Azərbaycanla yüksək və dost, strateji tərəfdaşlıq vəstrateji müttəfiqlik münasibətləri var.

Xatırlatmaq yerinə düşər ki, 1988-ci ildən başlayaraq Ermənistan öz havadarlarına arxalanaraq Azərbaycanın Qarabağ bölgəsini, ərazisinin 20 faizini işğal edib və buvaxtadək işğala son qoymayıb.

1994-cü ildə atəşkəs əldə ediləndən sonra ATƏT-in Minsk qrupunun və onun həmsədrləri olan Ruusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə aparılan münaqişənin sülh danışıqları vasitəsilə yoluna qoyulması indiyədək öz həllini tapmayıb. Baxmayaraq ki, BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini qeyd-şərtsiz tərk etmələri haqda 4 qətnamsə var və bu sənədlərə təcavüzkar tərəf tam etinasızlıq göstərir, yerinə yetirmir.

Üstəlik, beynəlxalq təşkilatlar, o cümlədən həmsədrlər Ermənistanın bu etinasızlığına özləri etinasız yanaşır və heç bir ciddi məcburedici təsir göstərmirlər. Haklbuki, bunun üçün onların əlıində zəngin beynəlxalq təcrübə var. Sanksiyalar, təcridetmə və sairə. Belə olan halda, erməni siyasi hakimiyyəti nəyə güvənə bilər? Təbii ki, o, Azərbaycana təbliğati və digər sahələrdə uduzacaq və tədricən Azərbaycanın təzyiqi ilə işğaldan əl çəkməyə məcbur olacaq.

N.NOVRUZ

Sizin Reklam Yeriniz